Deputat: Badamdarda əhalinin məskunlaşmasının qarşısı alınmalıdır
Bakının Badamdar qəsəbəsində baş verən sürüşmə hər birimizi narahat edir.
Eyni zamanda, burada bizləri rahatlaşdıran odur ki, Azərbaycan dövləti, dövlət rəhbərliyi, rəsmi və aidiyyəti strukturlar məsələyə həssas münasibət göstərir, yaranan və yarana biləcək problemlərin, fəsadların qarşısının alınması istiqamətində addımlar atırlar.
Mynews.az-ın məlumatına görə, bunu Oxu.Az-a açıqlamasında Bakını (Qaradağ rayonunu) parlamentdə təmsil edən millət vəkillərindən biri - Aydın Hüseynov deyib.
O xatırladıb ki, istər Badamdarda, istər Bayıl ərazisində tez-tez müşahidə olunan sürüşmələr həm Bakının, həm də həmin ərazilərin coğrafi, geoloji quruluşu ilə bağlıdır:
“Problemlərin kökü də buradan qaynaqlanır, yəni, həmin ərazilər sürüşməyə meyilli zonalardır. Ona görə də orada yaşayan insanların, əhalinin vəziyyəti nəzərə alınmalıdır. Daha doğrusu, həmin ərazilərdə əhalinin məskunlaşmasının qarşısı alınmalıdır.
Bu günə kimi məskunlaşma olubsa, bundan sonra olmamalıdır, heç bir halda məskunlaşmaya icazə və imkan verilməməlidir. Çünki sonda bütün ağırlıq, məsuliyyət dövlətin üzərinə düşür, dövləti yükləmək olmaz. Ancaq inanıram ki, yaranmış vəziyyətlə bağlı tədbirlər görüləcək və narahatlıq aradan qalxacaq. Tədbirlər görülür. Azərbaycan dövlətinin diqqəti və iradəsi ortadadır”.
“Bəs indiyə kimi orada məskunlaşmaya icazə verən qurum və şəxslərlə bağlı məsələ necə olacaq?” sualına cavabında isə millət vəkili bu haqda ətraflı bilgiyə malik olmadığı üçün ümumi sözlərlə kifayətlənə biləcəyini deyib.
“Bu haqda mən tam bilgiyə malik deyiləm, sadəcə, subyektiv fikirlərimi səsləndirə bilərəm. Yəni, orada məsələlərə kim cavabdehdir, kimlər icazələr verib, bu haqda tam bilgim yoxdur. Amma arzum və gözləntim ondan ibarətdir ki, məsələ qısa zamanda yoluna qoyulsun və çox güman ki, belə olacaq. Çox gözləməli olmayacağıq. Bir sözlə, hər şey gözəl olacaq”, - deyə millət vəkili əlavə edib.