İnsan niyə intihar etməlidir?
Hər gün çoxalan, az qala hər saatda yenilənən intihar xəbərlərinə görə saytlara baxmağa, televizoru açmağa qorxuram. Nə qədər intihar xəbərləri oxumaq, baxmaq olar? Bəziləri deyir ki, sovet dönəmində də intiharlar vardı, amma açılıb ağardılmırdı, gizli saxlanılırdı. Bəli, o vaxtlar da intiharlar olub, amma bu qədər yox. Xatırlayaq yaşadığımız şəhəri, rayonu, kəndi, məhəlləni. On illər ərzində eşitdiyimiz bir intihar xəbərinə tüklərimiz ürpəşərdi, dəhşətdən diksinərdik, düşünərdik ki, insan necə özü-özünə qıya bilər? Amma indi, xüsusən də, qırmızı günlər gözlədiyimiz qırmızı xoruz ilində intiharlar sürətlə artır, hər gün səhəri intihar xəbəri ilə açırıq. Elə bil hamı maddi, sosial problemdən çıxış yolunu intiharda axtarır. Nədir səbəb? Maddiyyatmı?
Xatırlayaq Böyük Vətən müharibəsi dediyimiz 1941-1945-ci illərdə babalarımızın ön cəhbədə, arxa cəhbədə çəkdiklərini. Müharibədən qabaqkı, sonrakı illərin sərt repressiyalarını, aclıq illərini. Məktəbə qaloşla getdiyimiz vaxtları. Onda da hər şey yerində deyildi, onda da çətinlklər vardı. Amma onda insanlar intihar etmirdi, bir-birinə kömək edirdi. Bəlkə onda bizləri bir-birindən ayıran belə hündür hasarlar yox idi, yaşam tərzlərində belə böyük fərqlər yox idi, güclü təbəqələşmə yox idi, hamı bir tikə çörəyinə görə tanrısına şükür edirdi, ona görə? Bəlkə indi insan daxilən təklənib, içinə sığınıb, yalnızlaşıb, yazıqlaşıb, sosial şəbəkəyə qısılıb? Bəlkə o şəbəkələrdir evimizi yıxan, intihar xəbərlərini bəzəyib verməyi, bəzən də canlı yaymağı ilə? Dünyanın axırımı çatıb? İnsanlar intiharla qəhrəmanlığı dəyişikmi salıb?
Yəqin ki, çoxlarımıza sirr olaraq qalacaq səbəblərdən cavan canına qıyıb, anasını, ailəsini gözüyaşlı qoyan Mövlud müqəddəs dini kitabımız Qurani Kərimi oxumamış olmaz. Ən azından, islamın, şəriətimizin bu kəlamından xəbərdar olar ki, Allahın verdiyi canı ondan başqa heç kəs ala bilməz. Yəni intihar islam aləmində ən böyük küfrlərdən sayılır. Amma bu gün nadanı da, ziyalısı da, cavanı da, qocası da intihar edir, həyatla çarpışıb mübarizə aparmaqdansa, canına qıyır. Niyə ağsaqqal bildiyimiz 85 yaşlı kişi intiharı çıxış yolu bilir. Niyə?
Bəziləri deyir ki, intiharlar barədə məlumatlar efirlərdən, internet mediadan yığışdırılsa, sayı azalar. İnandırıcı görünmür. İnandırıcı olan budur ki, Mövlud yazmışdı-hamınız günahkarsınız bu ölümə. Çünki can şirin şeydir. Heç kəs intihar qərarını birdəfəlik vermir. Bu fikrə zaman-zaman, özünü tək, lazımsız, kimsəsiz görəndə əl atır. Əgər həmin vaxta qədər onun əlindən hansı birimizsə vaxtında tutsaq, çətin ki, o ölüm ilgəyini boynuna keçirə. İnsanlar bir-birini tək qoyanda şeytan içlərinə daxil olur. İnsanlar dindən, ailədən, əqidədən uzaq düşəndə ölümə yaxınlaşır. Kimsəni sosial problemlərin məngənəsində çapaladığını görəndə öz dərdimiz özümüzə bəsdir deyib yan qaçırıq. Budur, bu günkü cəmiyyətin dərdi, intiharların səbəbi - laqeydlik, biganəlik.
Etiraf edək ki, işsizlik, maddiyatsızlıq, ailəiçi problemləri vaxtında, bir cəmiyyət olaraq çözə bilsək, bu qədər intiharlar olmaz. Vaxtı ilə depressiyaya düşəndə yazıçıların yazdıqları, psixoloqun dedikləri. Ağsaqqal-ağbirçəklərin öyüd-nəsihətləri ilə özümüzdə güc tapardıq. İndi isə güvəndiklərimiz intihar edir. Çıxış yolu bir-birimizə dəstəyimizdir, əl-ələ verib çətinliklərin, çiyin-çiyinə verib namərdlərin işləklərindən qaçaq, ürək qızdıraq bir–birimizə, paylaşaq dərd sərimizi, lap dalaşaq, amma tək qalmayaq. İntiharın tək səbəbi təklikdir. Mən belə görürəm.!