Bəhruz Quliyev: “Azərbaycan dili milli kimliyimizi və xalq kimi varlığımızı şərtləndirən başlıca faktordur”

2589
Bəhruz Quliyev: “Azərbaycan dili milli kimliyimizi və xalq kimi varlığımızı şərtləndirən başlıca faktordur”

"Ümumiyyətlə, ana dili hər bir xalqın qürur mənbəyidir və heç şübhəsiz dil millətin varlığının əsas şərtlərindən, göstəricilərindən biridir. Azərbaycan xalqının da varlığını yaşadan Azərbaycan dili neçə yüz illərdir ki, onun milli, mənəvi varlığını, mövcudluğunu qoruyub saxlayır". Bunu "Səs" Media Qrupunun rəhbəri, analitik Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib.

Bəhruz Quliyev bildirib ki, zaman-zaman Azərbaycanın düşünən beyinləri, ziyalıları dili xalqın yaşaması üçün ən mühüm atribut hesab edib, özünün bu dəyərli milli sərvətini kənar dillərin təsirindən qoruya bilib, inkişafına öz töhfələrini veriblər: "Azərbaycan müstəqillik qazandıqdan sonra qəbul edilmiş bir sıra qanun və qərarlar dilin inkişaf etməsi üçün yollar açıb. 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili elan olunub. Təsadüfi deyildir ki, ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin qorunub saxlanılması, onun zənginləşdirilməsi istiqamətində də böyük işlər görürdü. Azərbaycan müstəqilliyini qazandıqdan sonra milli şüurun inkişafı, demokratik cəmiyyətin yaranması ana dilimizin tətbiq sahəsini genişləndirməyi bir zərurətə çevirirdi. Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi haqqının bərpa olunması istiqamətində atılmış vacib addımlardan biri 18 iyun 2001-ci ildə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanın imzalanması oldu. Fərmana əsasən qəti olaraq 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alındı. Bu səbəbdən də, hər il 1 avqust tarixi Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Ümummilli liderimiz Heydər Əliyev dil məsələsinə dövlət siyasətinin tərkib hissəsi kimi yanaşırdı. Ona görə də qeyd edirdi ki, xalqın, millətin, insanın öz ana dilindən əziz bir şeyi ola bilməz".

"Ulu Öndərin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətindı atdığı ən mühüm addımlardan biri də 2002-ci ildə imzaladığı "Azərbaycan Respublikasında Dövlət dili haqqında" Azərbaycan Republikasının Qanunudur. Bu Qanunda Azərbaycan dili müstəqil dövlətçiliyin əsaslarından biri olaraq qəbul edildi, onun digər dillər arasında yaşaması və təkmilləşdirilməsi sahəsində konseptual ideyalar irəli sürüldü" - deyən Bəhruq Quliyev əlavə edib ki, bununla da dövlətin milli dil, milli kimlik siyasəti yeni mərhələyə yüksəldi və Azərbaycan dilinə dövlət dili statusu qazandırıldı.

Bəhruz Quliyev diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan dilinin inkişaf etdirilməsi istiqamətində gördüyü işlər, verdiyi qərarlar, ana dilinin dövlət dili kimi geniş, maneəsiz işləkliyi üçün göstərdiyi siyasi iradə Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və dünya dilləri arasında mötəbər mövqe qazanmasına səbəb oldu: "Cənab Prezident İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 2004-cü il yanvarın 14-də "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", eləcə də 2007-ci il 30 dekabrda "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları ana dilinin həyatımızın bütün sahələrində tam və müfəssəl tətbiqini gerçəkləşdirdi. Dövlət dilinə olan qayğının bə diqqətin nəticəsidir ki, bu gün Azərbaycan dili bütün sahələrdə daha da inkişaf edir və zənginləşir".

Xəbər lenti