Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarənin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesə yenə də jurnalistlər buraxılmayıb. Prosesdə təqsirləndirilən şəxslərdən Səlim Məmmədovun vəkili Cavid Rzazadə vəsatətlə çıxış edərək müdafiə etdiyi şəxsin pensiya hesabının üzərinə qoyulan həbsin ləğvini istəyib. Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra Akif Çovdarovun vəkili Kamandar Nəsibov vəsatətlə çıxış edərək bildirib ki, müdafiə etdiyi şəxsin səhhəti pis olduğu üçün iclasın təxirə salınmasını istəyib. Hakim deyib ki, A. Çovdarovla bağlı təyin edilən tibbi ekspertizada suallardan biri də onun iclasda iştirakı ilə bağlıdır. Sual qoyulub ki, A. Çovdarovun iclaslarda iştirakına səhhəti imkan verir ya yox? Həmin rəy gələnə kimi vəsatət baxılmamış saxlanılıb.
İclasda çıxış edən zərərçəkmiş Mübariz Məmmədov isə hər hansı şikayət və tələbinin olmadığını, istintaq zamanı verdiyi sonuncu ifadəni təsdiq etdiyini deyib.
Günün ikinci yarısında Çovdarov məhkəmə iştirak edə bilmədiyini və prosesi təxirə salınmasını istəyib.Hakim prosesi yanvarın 30-a təxirə salıb.
Qeyd edək ki, Akif Çovdarova qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda, mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə və ya israfetmə, quldurluq, hədə-qorxu ilə tələbetmə, qanunsuz silah saxlama, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, rüşvət alma, vəzifə saxtakarlığı, bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma maddələri ilə ittiham verilib. Səlim Məmmədov, Akif Əliyevə, Orxan Osmanova da CM-nin müvafiq maddələri ilə ittiham irəli sürülüb.
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istixanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.