"Maşın şou"nun 17-ci sürətinin qalibi, tanınmış aparıcı, aktrisa və rejissor Xəyalə Quliyeva qələbə sevincini bölüşüb.
Mynews.az bildirir ki, publika.az-a müsahibə verən məşhur televiziya məkanında onu narahat edən problemlərdən, uğurlu ailə həyatı formulundan danışıb.
- "Maşın şou"dan sonra özünüzü necə hiss edirsiniz?
- Yavaş-yavaş özümə gəlməyə başlayıram, yorğunluq məni hələ tam tərk etməyib.
- Gərgin mübarizə, ab-hava psixoloji durumunuza necə təsir etdi?
- Gərginlik istər-istəməz təsirsiz ötüşmür. Məsələn, finala qalanda yatmaq olmazdı. İndi də məni yuxu tutanda qəfil diksinib ayılıram.
- Ranar Musayev güclü rəqib idi?
- Əlbəttə, ümumiyyətlə, orada iştirak edən 18 nəfərin hamısı güclü idi.
- Necə düşünürsünüz finalda xanım iştirakçı ilə təkbətək yarışsaydınız, yenə qalib ola bilərdiniz?
- Qismətdir, lakin hesab edirəm ki, cinsiyyətin burada fərqi yoxdur. Səmra bizimlə yarımfinala qalmışdı, amma oyunu hamıdan birinci tərk etdi. Bu oyunda önəmli deyil ki, sən qadınsan və ya kişi.
- Şounun əvvəlki sürətlərində iştirak edən bir çox məşhurlar bildirdi ki, bu "Maşın" maraqsızdır. Səbəb kimi göstərirdilər ki, oyunun dinamikası zəifdir, şiddətli qalmaqallar yoxdur.
- Bəlkə də yeganə "Maşın şou" kollektivi bizik ki, veriliş bitsə də, vatsap qrupunda hər gün yazışır və xatirələri yada salıb zarafatlaşırıq.
- Bu amil verilişin baxımlı olmasına hansı istiqamətdə təsir göstərdi?
- Çoxları dedi ki, maraqsızdır. Digər tərəfdən də qalmaqal olanda deyirlər ki, mədəniyyət adamlarıdır, amma efirdə bir-birinin ünvanına xoşagəlməz fikirlər səsləndirirlər. Sakit də dayananda bəyənmirlər.
- Tamaşaçılar verilişin maraq səviyyəsini niyə qalmaqalla ölçür? Bunu necə qiymətləndirirsiniz?
- Burada psixoloji məqam var. Məsələn, həyatda iki qonşu oturub söhbət edirsə, bu, bizə maraqlı olmaz, eyvana çıxıb onlara baxmarıq. Halbuki qonşular arasında söz-söhbət olsa, yüksək səslə mübahisə etməyə başlasalar, biz həmin dəqiqə pəncərədən boylanıb baxarıq. Bu, onu göstərmir ki, biz qonşuların dalaşmasının marağındayıq. Sadəcə diqqət çəkir.
- İstərdim ki, "Maşın şou" xatirələrindən uzaqlaşıb lap əvvələ qayıdaq və sənətə gəlişinizi yada salaq.
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq fakültəsində təhsil alırdım, 3-cü kursda oxuyurdum, eşitdim ki, ATV-də aparıcı kastinqi elan edilib. Odur ki, özümü sınamağa qərar verdim və seçildim. Öz ixtisasım üzrə çalışmaq istəyirdim. Əslində ədəbiyyata və incəsənətə uşaqlıqdan marağım var idi.
Karyerama "Çəkirəm ha" verilişi ilə başladım. "Çəkirəm ha" şəhərin içində cəmiyyətin öz iştirakı ilə çəkilən gülməli və əyləncəli bir veriliş idi. İxtisasım da elə kütləvi tədbirlər rejissorudur. Nəticə etibarı ilə kütlə ilə işləmək ixtisasımdır. Verilişin müəllifi də, rejissoru da, aparıcısı da özüm idim.
- "Çəkirəm ha"nın belə səs-küy gətirəcəyini gözləyirdiniz?
- Yox, əsas məqsədim insanlara təbəssüm bəxş etmək və televiziya işçisi kimi özümü təsdiq etmək idi. Düşünmürdüm ki, "Çəkirəm ha" çox sevilə bilər. Ağlıma da gəlməzdi ki, bu layihə öz zamanının ən reytinqli və bir nömrəli verilişi olacaq, habelə 6 il davam edəcək.
- "Çəkirəm ha" televiziya işçisi kimi sizə nə qazandırdı?
- Tamaşaçı sevgisi! Görün üzərindən nə qədər böyük zaman ötüb, amma məni görəndə hələ də "Çəkirəm ha" Xəyalə deyə səsləyirlər.
- Bəs Azərbaycan tamaşaçısına nə verdi?
- O illərdə televiziyalarda veriliş qıtlığı idi, başlıcası internet bu səviyyədə inkişaf etməmişdi. Televiziya layihələri indi-indi çoxalmağa başlayıb. Seçim azadlığı yaranıb, hazırda istənilən tərzdə verilişlər çəkilir. Həmçinin türk kanallarına baxa bilirik. Əvvəllər yalnız peyk antenaları olanların xarici kanalları izləmək imkanı var idi. Sözün qısası, əyləncəli verilişlər çox deyildi. Biz isə tamaşaçını uzun müddət əyləndirə bildik. Reytinq toplaya bilməyimizin digər səbəbi o idi ki, tamaşaçılar ekranda özlərini görürdü, televiziya qarşısında hansısa müğənninin ifasına və ya aktrisanın oyununa yox, özlərinin, qohumlarının, dostlarının və ya tanışlarının başına gələn gülməli hadisələrə baxırdılar. Bu amillər verilişin maraq dairəsini genişləndirirdi.
- Verilişin nə zamansa yenidən ekranlarda görünməsi ehtimalı var?
- Təəssüf ki, yox. Layihəni bərpa etməyi düşünmürəm də. Birincisi, indi veriliş seçimi çoxdur, odur ki, əvvəlki effekt olmayacaq. İkincisi isə istəmirəm ki, qazanılmış o sevgini itirim. O veriliş vaxtında, duzunda və yerində dayanıb. Onu yenidən çəkib hörmətdən salmayaq. Qoy elə xatirələrdə yaşamağa davam etsin (gülümsəyir).
- Necə düşünürsünüz aparıcının uğur qazanmasında zahiri nə dərəcədə rol oyanır?
- Əlbəttə, zahiri görkəm cəlbedici olmalıdır, ən azından olması aparıcıya əlavə xal qazandırır. Onu da unutmaq olmaz ki, insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar. Aparıcısansa, sənin mütləq danışıq qabiliyyətin, səlis nitqin olmalıdır, hər vəziyyətdən çıxmağı bacarmalısan, ən önəmlisi zəngin söz ehtiyatın olmalıdır. Bütün bunları bacarmayan adama necə aparıcı demək olar... Başqasının kağıza yazdıqlarını efirdə oxumaq aparıcılıq deyil.
- Aparıcılar söz ehtiyatını necə zənginləşdirməlidir?
- Mütaliə etməlidir. Birinci sinifdən nağıl və dastan kitabları oxuyuram. Zəngin kitabxanam var. Gecə-gündüz mütaliə edirdim, gözümə mirvari suyu gəldi, bu səbəbdən anam kitab oxumağı bir müddət qadağan etmişdi.
- İmkanınız olsaydı, televiziya məkanında nələri dəyişərdiniz?
- Ən sevmədiyim şey danışığında və diksiyasında böyük qüsuru alan adamın veriliş aparmasıdır. Bunlara fikir versələr, yaxşı olar. Çünki adamı yorur, qulağı taqqıldadır. Tələbə ikən qulağı taqqıldatmaq sözünü tam dərk etmirdim. Müəyyən bir təcrübə topladıqdan sonra görürsən ki, həqiqətən də öz danışığı ilə qulağını taqqıldadan aparıcılar var. Sözləri düzgün tələffüz etmədikdə hərflər qulağında taqqıldayır.
- Azərbaycanda hər il onlarla komediya filmi çəkilir. Nədənsə sizi heç birində görə bilmirik.
- Yayda ilk dəfə filmdə rol aldım. Ekran işinin qala gecəsi yaxın vaxtlarda baş tutmalıdır. Tərəf müqabilim Fərda Xudaverdiyevdir.
Bütövlükdə 15 ildir ki, fasiləsiz olaraq efirdəyəm. Fəaliyyətim ərzində boş dayandığım vaxt olmayıb, 8 veriliş aparmışam, 3 serialda çəkilmişəm.
- Tamaşaçıları necə film gözləyir? Xəyalə Quliyeva hansı obrazda qarşımıza çıxacaq?
- Bu barədə əlavə bir kəlmə də danışa bilmərəm, rejissor icazə vermir. Hətta çəkiliş prosesindən foto paylaşmağı da qadağan edib. Buna görə təəssüratlarım və rolum barədə qala gecəsində danışa biləcəm.
- Belə anladım ki, layihə gurultulu bir iş olacaq.
- İnşallah, qala gecəsinə gəlib görərsiniz. Hər kəs istəyir ki, filmi baxımlı olsun, amma bu, birbaşa tamaşaçıların qərarından asılıdır. Onu gördüm ki, çəkiliş prosesində rejissordan tutmuş sıravi işçiyə qədər hər kəs bu işə maksimum gücünü qoymağa çalışırdı.
- Rol seçimində sizin üçün nə əsasdır? Pul naminə bəyənmədiyiniz rolu oynamaq məcburiyyətində qalmısınız?
- Təklif ediləndə, ilk növbədən rejissordan maraqlanıram ki, obraz mənə uyğundur, ya yox.
- Sizə uyğun rol necə olmalıdır?
- Qonorarım nə qədər çox olsa da, açıq-saçıq səhnələrdə çəkilə bilmərəm. İntim və ya sevgi səhnələri canlandırmaq üçün qısa müddətli də olsa, o hissləri yaşamalısan. Belə bir obraz yaratmaq çətindir, tamaşaçını süni şəkildə canlandırılmış hisslərə baxmağa məcbur etmək olmaz. Ümumiyyətlə, belə səhnələr mənlik deyil.
- Həmişə canlandırmaq arzusunda olduğunuz obraz hansıdır?
- İfa etmək niyyətində olduğum rollar çoxdur, lakin dini filmlər, hicablı obrazlar məni daha çox cəlb edir. Türkiyənin "Sırlar dünyası" kimi ibrətamiz layihəsində rol alsam, məmnunluq duyardım.
- Bu, Allah sevgisi və dini bağlılıqdan irəli gəlir?
- Allah sevgisi, Allah xofu və Allah qorxusu imanı olan hər kəsin qəlbində var. Tez-tez dua edirəm. "Maşın" şouda səhər açılandan axşama qədər dua oxuyurdum. Qızlar soruşurdu ki, sən orada nə oxuyursan? Dualar mənə rahatlıq və yüngüllük gətirir... Əslində bütün bunların təsiri deyil. Sadəcə, obraz olaraq dini xarakter mənim üçün fərqlidir. Bildiyim qədəri ilə bizdə dini film olmayıb.
- O zaman sizə tezliklə bu istəyin reallaşmasını arzulayıram.
- Minnətdaram.
- Oynadığınız rolları övladlarınız və ya özünüz hansı təəssüratlarla izləyirsiniz?
- Oğlumla qızım serialın başlamasına bir neçə dəqiqə qalmış artıq saniyələri güdməyə başlayır. Adətən birlikdə izləyirik. Özümdən razı qaldığım və razı qalmadığım anlar olur. Ən sərt tənqidçim anamdır. İstər veriliş, istərsə də serial efirə gedən kimi anam zəng edib iradlarını bir-bir saymağa başlayır, xoşuna gəlibsə də, bəyəndiyini deyəcək.
- Oxşar rollara dəvət almaq sizin bacarığınızdır, yoxsa rejissor işinin zəifliyi?
- "Bacanaqlar"dan sonra "Qız atası"na dəvət edəndə gördüm ki, obrazlar bir-birinə bənzəyir. İkisində də dələduzluqla məşğul olan kişinin fağır və sakit həyat yoldaşını canlandırmışam. Həmişə ssenaristlərə deyirəm ki, məni güclü, təsirli və xarakterli rollara dəvət edin ki, özümü göstərə bilim. Sakiti nə qədər oynamaq olar. Hiss edirəm ki, dramı daha yaxşı oynayaram, nəinki komediya. Təəssüf ki, hələ daxili potensialımı bütünlüklə göstərə biləcəyim layihə olmayıb.
- Aktrisa kimi milli serialların səviyyəsindən razısınız?
- Pis deyil, Moskva birdən-birə tikilməyib. 5 il əvvəlki seriallarla bu gün çəkilən televiziya layihələri müqayisə etsək, çox böyük fərq görərik. Türk serialları bu gün dünyada çox populyar olsa da, serial sənayesinin yarandığı ilk illərdə vəziyyət belə deyildi. İnanıram ki, serial sənayesi bizdə yüksələn xətt üzrə inkişaf edəcək. Yetər ki, qınamayaq. Hamı qınayır ki, seriallarımız yaxşı deyil, öz kanallarımıza baxa bilmirəm və s. Fikirləşmirlər ki, təzə başlamışıq.
- Rasim Balayev 2018-ci ilin son aylarında verdiyi müsahibədə televiziya kanallarını, aparıcı və komediya filmlərini kəskin tənqid etmişdi. Onunla razılaşırsınız?
- Tənqid olunası filmlər və verilişlər, əlbəttə ki, var. Demirəm ki, bütün işlər idealdır, çəkmək xətrinə çəkilən filmlər görürük. Onlar müvəqqətidir, tarixdə qalmayacaq. Elə filmlərin ömrü bir-iki günlükdür, baxılıb unudulacaq.
- Qadın kimi güclü olduğunuzu ilk dəfə nə zaman hiss etdiniz?
- Onsuz da özümü güclü qadın hesab edirdim, daxilən güclüyəm. Və "Maşın şou"da bir daha özümə sübut etdim ki, həqiqətən də gücüm sarsılmazdır.
- Həyatınızın hansı mərhələsindəsiniz?
- (Fikrə dalır...) Yüksək mərhələyə çatmamışam, hələ xəyallar qururam.
- Bəs xəyallarınızda haradasınız?
- Xəyallarımda yüksək zirvələrdəyəm. Düşünürəm ki, heç nə qazanmamışam. Verilişdə qalib olmağımı və seriallarda rol almağı nəhəng bir nailiyyət adlandırmazdım. Özüm üçün özümün olan nəyisə qazanmamışam. Hələ qazanmağa çalışmaq mərhələsindəyəm.
- Biz hamımız hər gün bilərəkdən və ya bilməyərəkdən kiminsə xətrinə dəyirik. Siz tez-tez kimi incidirsiniz?
- Gücüm özümünkülərə çatır, kənardakıları incitmirəm. Yoldaşımı, anamı, qardaşımı incidirəm. Kənar insanlarla münasibətdə çox sakitəm. Anam deyir ki, evdə xoruz, çöldə fərəsən.
- Hər qadın qayğıya, sevgiyə, nəvazişə möhtacdır. Siz onun həsrətindəsiniz, ya bolluğunda?
- Yadıma gəlmir ki, nə zamansa sevgi və diqqət aclığı çəkim. İmkan verilməyib ki, diqqət və qayğı kasadlığını hiss edim. Yoldaşım çox diqqətlidir, 18 gün maşın ətrafında oldum. Bu günlər ərzində yoldaşım da mənimlə eyni əziyyətə qatlaşdı. Evlə çəkiliş studiyasının arasında qalmışdı. Əslində qadının özündən asılıdır. İnsan gərək özünü sevdirə bilsin, sevgiyə layiq olan hər kəs onun qarşılığını görür.
- Bu sevgini övladlarınıza da ötürə bilmisiniz?
- Boş vaxtımı demək olar ki, bütünlüklə uşaqlarıma ayırıram. Tanıyanlar bilir ki, çəkilişim olmayanda məni evdən çıxartmaq mümkün deyil. Bəzən bir həftə çəkilişim olmur və bir həftə qapıdan çölə çıxmıram.
- Uğurlu ailə həyatının formulunu bəlkə bizə də açıqlayasınız?
- Bir-birinizi başa düşmək, evdə mehribançılıq, axşam süfrə arxasında əyləşib şam etmək, uşaqların gözünün içindəki gülüş və sevinc ifadəsi ailənin xoşbəxtliyi deməkdir. Uşaqlarıma baxıb həmişə deyirəm ki, Allah gözünüzdəki bu sevinci heç vaxt əsirgəməsin.
- Evlilikdə pul, yoxsa sevgi birinci yerdə dayanır? Sizin üçün uğurlu nikahın sirri?
- Sevgini seçsəm, deyəcəklər çox şablon çıxış edir. Yoldaşım çox kasıb ailədən idi, ailə quranda heç nəyimiz yox idi, evlənəndən sonra bir müddət kirayədə qalırdıq. Tam səmimiyyətlə etiraf edə bilərəm ki, sevgi. Çünki həyat yoldaşımın sevgisindən, böyük ürəyindən və qayğısından savayı var-dövləti yox idi. Bizim ailəmiz saf hisslər və sevgi üzərində qurulub. Şükür ki, Allah təmiz sevgimizi qiymətləndirdi və bizə hər şeyi yetirdi.
- Birlikdə yaşayan iki insan zamanla bir-birindən öyrənir, birlikdə böyüyür və birlikdə müdrikləşir. Maraqlıdır ki, həyat yoldaşınızın hansı üstün keyfiyyəti sizə böyük təsir göstərib?
- Evliliyin ilk 3 illik mərhələsi bir-birimizi daha yaxından tanımaq və xasiyyətinə bələd olmaqdan ibarətdir. Dəqiq deyə bilməyəcəm, hər halda zamanla uyğunlaşmışıq. Sami Yusifin gözəl bir sözü var: "Azadlığım həyat yoldaşımın qısqanclığının başladığı yerə qədərdir". Bu qayda bizim ailədə də rəhbərdir.
- Yoldaşınız qısqanc insandır?
- Kişinin həyat yoldaşını qazandığı uğurlara, yaxud da serial və kinodakı rollara qısqanması onu göstərir ki, o insan qəlbiqaradır. Qadını qadağalara bürüyüb evdə saxlamaq başqa bir mövzudur... Qısqanmaq üçün səbəb olmalıdır. Əgər o səbəbi və şəraiti yaratsan, əlbəttə ki, qısqanclıq üstündə mübahisələr baş verəcək. Yoldaşım mənə güvənir, bilir ki, nə işlə məşğulam. Qısqanması üçün səbəb vermirəm. Bəzən sosial şəbəkələrdə ünvanıma yazılan xoş sözlərin bir neçəsinə yüngülcə qısqana bilər, onda da anlayır ki, efir adamısansa, pərəstişkarın da olacaq.
- Azərbaycanda həm uğurlu karyera qurmaq, həm gözəl ailə sahibi olmaq, həm də cəlbedici xanım olmaq çətindir?
- Atdığın hər addım və qazandığın hər nailiyyət özündən asılıdır. Asan karyera qurmağın yolları da var, çox şükür ki, o yola addım atmamışam. Karyeramı dişimlə, dırnağımla, alın və öz ağlımla qurmuşam. Asan yola qaçmadım.
- Qazandıqlarınıza görə özünüzü kimə borclu bilirsiniz?
- Heç kim əlimdən tutub məni qabağa çəkməyib. Bu gün də arxamda dayanıb mənim üçün veriliş açan yoxdur. Əldə etdikərim öz gücümün məhsuludur.
- Bildiyim qədərilə hazırda verilişiniz yoxdur.
- Hər hansı layihəni reallaşdırmaq üçün sponsoru da mən tapmalıyam, dekorasiyanı da və digər işləri də mən həll etməliyəm. Bütün yükün altına girə bilmərəm. Büdcəm yoxdur ki, veriliş açım. Büdcəm yoxdursa, kimsə eləməlidir. O kimsə yoxdursa, deməli, veriliş də yoxdur.