"Artur müəllim, mən və həmkarlarımızın hamısı sizdən dürüstlük görüb. Siz prezidentə, xalqa, dövlətə sadiqlik nümayiş etdirmisiniz. Bəs, siz bu vəzifədən nə zaman gedəcəksiniz? Bunu prezident bilir. Amma növbəti baş nazir sizin xüsusiyyətlərinizi özündə birləşdirsə, sizin kimi səmimi olsa, yaxşı olacaq”.
Mynews.az "Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu millət vəkili Zahid Oruc parlamentdə çıxışı zamanı deyib.
Z. Oruc bundan əlavə çıxışında qeyd edib ki, hökumətimiz neft dövründə çox səxavətli idi. Amma indi əvvəlki dövrlərdəki nöqsanları da demir: "Binalar üzlənir, bu, çox yaxşı haldır."Amma bu binanın küçəyə, yola baxan hissəsi təmir olunur, üzlənir. Baxın, Azərbaycanda iki nazirliyin dəhşətli cinayətlərə imza atdığı bilindi. O zaman sual edirəm: Biz bunu niyə vaxtında demirdik? Bura parlamentdir, biz bunu deməli idik. Bəlkə də çəkinirdik ki, kiminsə xətrinə dəyər! Beynəlxalq Bank pulları taladı, biz isə bunu görmədik?”
Millət vəkili əlavə edib ki, Azərbaycana un, şirniyyat məmulatlarının böyük hissəsi xaricdən gətirilir. "Amma biz elə edə bilərdik ki, ölkə bazarı öz-özünü təmin edə bilsin. Baxın, hansısa nazir işdən çıxarılır, onun yerinə kadr gələndən sonra isə məlum olur ki, həmin nazirlik qanun pozuntularına yol verib. Olmazmı ki, indidən hökumət hər şeyə nəzarət etsin? Bəziləri var ki, binalarına baxanda elə bilirsən ki, hansısa nazirlikdir. Niyə onları publik hüquqi şəxsə çevirmirik? Əmlak Komitəsi, Standartlaşdırma Komitəsini publik hüquqi şəxs etməyə bizə nə mane olur?!”