Mynews.az Qafqazinfo-ya istinadən “Ənənə boğçası” verilişinin aparıcısı Leyla Mustafayevanın müsahibəsini təqdim edir:
- Sizinlə müsahibəyə gəlməmişdən əvvəl haqqınızda bir az məlumat topladım. Əslində şahidi oldum ki, sanki sizin iki həyatınız var - “Instagram” və efir. Bunlar bir-birindən çox fərqlənir.
- Fərqli olan nədir?
- Mən sizə deyim. “Instagram”da daha cəsarətli və maraqlı fotolar paylaşırsız, şərhlər yazırsız. Efirdə isə bu rəngarəngliyi görə bilmirəm.
- Efirin formatı var. Milli geyimlərdə proqram aparıram. Orada fərqli və cəsarətli geyinə bilmirəm. Toylarda insanlar arasında oluram. Necə rahat geyinə bilərəm? Məni öldürərlər (gülür). Amma “Instagram” fərqli, mənim yaşamaq istədiyim bir dünyadır. İmkan daxilində çalışıram ki, istədiyim ölkələrə gedim. Paylaşıram ki, siz də görəsiz. Amma bəzi insanlar həmin görüntülərdən narahat olurlar, qıcıqlanırlar.
Ümumiyyətlə, insanlar çox aqressivləşiblər. Kimsə qəşəng yerlərə gedib gəzəndə mən çox sevinirəm. Amma o insanlar paylaşımların altına elə şərhlər yazırlar ki... Bədbəxt insanlar ancaq bunu edə bilir. Mən niyə başqalarının fotolarının altına belə rəylər yazmıram? Məhz şəxsi və iş həyatında uğursuz olanlar azacıq uğur qazanan insanlar haqqında bəd-bəd şərh yazırlar ki, ruhdan düşsünlər. Amma inanın, mənim heç vecimə deyil.
- Televiziya adamısız və azdan-çoxdan xəbəriniz olur ki, şou-biznes üzvləri qalmaqala, söz atmağa, mübahisəyə meyillidirlər. Aparıcılar da onlardan geri qalmır. Biri digər kanalın aparıcısına canlı efirlə atmaca atır. Sizi efirdə başa düşdük, bəs sosial həyatda necə, qalmaqallı birisiniz?
- Mən belə şeylərdən uzağam. Elə özüm şahid olmuşam ki, həmkarlarım, o cümlədən aktrisalar özləri jurnalistlərə deyirlər ki, niyə məndən yazmırsan? Tədbirlərdə fotoqraflara deyirlər ki, məni çək! Öz gözümlə görmüşəm. Ancaq məndə belə şeylər yoxdur.
Hələ illər əvvəl “Facebook”un daha məşhur olduğu dövrdə bir foto paylaşmışdım. Həmin şəkildən xəbər hazırladılar, mənə yaraşmayan bir başlıq qoydular. Yazdılar ki, aparıcı sinə dekoltesində efirə çıxdı. O dekolte idi? Xahiş etdim, xəbər silinmədi, sosial şəbəkədə isə xeyli şikayətdən sonra qaldırıldı. Bundan sonra elan etdim ki, mənim haqqımda xəbər yazmayın. Ümumiyyətlə, belə şeylərdən uzağam, istəmirəm.
- Bəlkə bu cür xəbərlərin çox yazılmasının səbəbi mühafizəkar olmağımızdır?
- Əksəriyyəti seksual problemi olan insanlardır. Bu tip insanlar normal geyimləri də o çərçivədə görür. Gözəlliyi görmür, beyni başqa şeylər düşünür. Bizdə də bu mövzuda azadlıq olsa, hər geyimə normal baxarlar.
- Bu yaxınlarda aparıcılıq etdiyiniz “Ənənə boğçası” proqramının 5 illiyi tamam oldu. Təbrik edirəm, amma sizə deyim ki, bu tipli layihələr bir neçə televiziyada yayımlanır. Bu formatda veriliş ilk dəfə hansı kanalda yayımlanıb? Aranızda aparılan rəqabətdən danışaq...
- Bu verilişin bünövrəsi Space Tv-də qoyulub. “Banu” adlanan proqram əvvəlcə qadınlardan bəhs edirdi. Daha sonra aparıcı rayonlara gedib qadınların həyatından süjetlər hazırlayırdı. Bir dəfə də toydakı xanımları çəkmişdilər. Elə bundan sonra davamlı olaraq toylar çəkildi, efirdə göstərildi. Səhv etmirəmsə, həmin aparıcımız ailə həyatı qurdu, başqa ölkəyə köçdü. Aparıcılıq isə Günel Həsənzadəyə həvalə olundu.
Bundan sonra isə mənim bir layihəm var idi, 5 il əvvəl “Ənənə (nənə) boğçası” adlanırdı. Bütün adətlərimizi nənələr nəvələrə danışır, onlar da bunu qoruyurlar. Məqsəd o idi ki, xaricdə yaşayan azərbaycanlılarla bağlı verilişlər hazırlayaq. Biz miks etdik, həm Azərbaycan daxilində, həm də xaricdə belə bir layihə etdik.
Aramızda sağlam rəqabət aparırıq, Günel xanımın da xətrini çox istəyirəm. O veriliş birinci yarandığı üçün bizi “Instagram”da tənqid edirlər. Məni hamı sevə bilməz, mən də hamını sevə bilmərəm. İllərdir o da, mən də reytinqimizi qoruyub saxlamışıq. İnşallah Günel ailə həyatı qurar, mən də onun toyunu çəkərəm.
- İnsanlara başqalarının toyunu izləmək niyə bu qədər maraqlı olsun?
- Onlar fərqli insanlar görmək istəyir. Düşünürlər ki, mən bu həyatı yaşayıramsa, görüm kənardakıların yaşayışı necədir? Bəzən mənə zənglər gəlir, təşəkkür edirlər ki, rayon toylarını çəkdiniz, bizi uşaqlıq illərimizə qaytardınız. Elə iş yoldaşlarımızın 80 faizi rayonlardan Bakıya gəlib təhsil alanlar, burada karyera quranlardır.
Əksəriyyəti nostalji hisslər yaşayır. Cavanlar isə toyda oynayanlarla maraqlanır, düşünürlər ki, maraqlı rəqs edənləri çəkib sosial şəbəkədə paylaşsınlar. Toylarda qadınlar arasında böyük rəqabət olur. Rəsmən toylarda qızıl taxmaq üçün yarış gedir. Bir də görürsüz ki, qadının bütün barmaqlarına qızıl üzük taxılır. Mən də belə bir istək yoxdur. Sadəcə olaraq toya gedirəm, özüm də əylənirəm, onlar da əylənir.
- Efirdə hər zaman milli geyim geyinirsiniz. Özünüz də şahid olmusunuz ki, bizim toylarda milli geyim ənənəsi yoxdur, son zamanlar bunu xına mərasimlərində görə bilərik. Sizcə, hər dəfə eyni model geyimlə efirə çıxmaq tamaşaçıları yormur?
- Yox, yormur. Rayon toylarının əksəriyyəti çadırlarda olur. Mən onların yanına başqa geyimdə gedə bilmərəm. Kənd əhalisi qıcıqlana bilər. Şəhər toylarında geyindiyim paltarı orda geyinsəm dava düşər. Qəbul edən və etməyən insanlar var. Bunları nəzərə alaraq milli geyimdə çəkilişlər aparırıq.
- Beş ildir ki, bölgələrdə baş tutan toyları işıqlandırırsınız. Başınıza gələn ən maraqlı hadisəni bizimlə bölüşə bilərsiniz?
- Davalar olub. İnsanlar mənimlə şəkil çəkdirmək istəyirdilər. Bu, mənim üçün xoş olur, insanlar məni sevir, dəyər verirlər. Mənimlə foto çəkdirmək üçün növbə idi. Daha sonra bunun üstündə dava etmişdilər. Tez aradan çıxdım. Düşündüm ki, ortada qalıb döyülən mən olaram. Deyərlər ki, səbəbkar sənsən (Gülür).
Verilişdə digər maraqlı məqam toyda bəyin gəlinin adını yadından çıxarması olub. Bəyə yaxınlaşıb soruşdum ki, gəlinimizin adı nədir? Düşündü, deyə bilmədi. Adi sadə vətəndaşdır, əlbəttə ki, həyəcanlana bilər.
- Ola bilsin, həyəcanlı olub. Amma bir məsələ var ki, bölgələrdə qızla oğlan bir-birini çox tanımır, bəzən ailə üzvlərinin istəyi ilə şəkildə görüb bəyənib ailə qururlar. Ad unutmağa bu da səbəb ola bilər.
- Amma faiz etibarı ilə çoxluq özlərini sevənlərdir. Sizə bir şey danışım. Bir toyda bəy və gəlindən tanışlıq məsələsini soruşdum. Dedilər ki, “Instagram”da tanış olmuşuq. Biri Tovuzda, digəri İmişlidə yaşayırdı. “Instagram”da tanış olublar, yazışıblar və görüşü Gəncədə təyin ediblər. Gəncədə bir-birini bəyəniblər, oğlan qızı qaçırıb. Yəni belə şeylər çox olur.
- Sizin bəy və gəlinə müraciət formanız da sosial şəbəkələrdə tənqid olunur. Misal üçün, bəyə sual verirsiniz ki, bu qızı haradan almısan? Bu sual insanlarda qıcıq yaradır ki, sanki gəlin hansısa bir əşyadır.
- Biz axı belə danışırıq. Söhbət edən zaman bədii cümlələrdən istifadə etmirik. Mən yenə deyirəm, ola bilər ki, insanların hamısı məni bəyənməsin. Bəyənməyənlərə görə özümü dəyişməyəcəm ki? Zövqlər müxtəlifdir, müzakirə olunmur.
- Məncə, bu sualın cavabı əksər insanlara maraqlıdır. Toyları ödənişli əsaslarda çəkirsiniz?
- Veriliş ərzində nömrələr qeyd olunur. Toylarının işıqlandırılmasının arzusunda olanlar zəng vururlar. Onlar arasında seçim edirik və təmənnasız olaraq çəkirik.
- Beş il ərzində çox toylarda olmusunuz. Bəs özünüz necə? Siz istərdiniz ki, toyunuzu belə çəkib efirə versinlər? Bayaq da Günel Həsənzadəyə müraciətdə dediz ki, toyun olsun, gəlib çəkək.
- Günel xanım göz önündədir. İllərdir o toyları çəkir, insanlar da indi onun toyunu görmək istəyir. Mən toylara tam fərqli baxıram. Toylar vaxt itkisidir. Geyim seçmək, qonaqları razı salmaq çox çətindir. Çünki qonaqları heç bir halda razı salmaq mümkün deyil. Hər şey qaydasında olan məclislərdən bir problem çıxaracaqlar, danışıb müzakirə edəcəklər. Onsuz da toya gələn narazı çıxacaq. Mənə elə gəlir ki, iki insan bir-birini həqiqətən sevirsə, ailədaxili yığıncaq etsələr daha yaxşı olar. Toylara ayırdıqları pulla isə hansısa bir arzuladığı ölkəni səyahət etsinlər.
- Mənə maraqlıdır, hansı bölgənin toy adət-ənənələri sizə maraqlı gəlib?
- Azərbaycanda hamısı demək olar ki, eynidir, qarışıb. Adətlər konkret olaraq ləzgilərdə, udinlərdə, saxurlarda, avarlarda, talışlarda, tatlarda və axısqa türklərində qalıb. Ola bilsin ki, başqaları yadımdan çıxıb. Tam fərqli adət-ənənələri var.