Gürcüstanda soydaşlarımız ayağa qalxdı Banklar camaatı aldadıb evlərini gürcülərə satır

479
Gürcüstanda soydaşlarımız ayağa qalxdı Banklar camaatı aldadıb evlərini gürcülərə satır
Gürcüstanın Saqareco rayonunda azərbaycanlılar yaşayan Yor-Muğanlı kəndində etiraz aksiyası keçirilib.
 
Aksiyada həm azərbaycanlılar, həm də gürcülər iştirak ediblər. Etiraz aksiyasına səbəb kimi əhalinin kütləvi şəkildə müxtəlif banklar tərəfindən ipoteka kreditləri ilə bağlı aldadılması, evlərin banklar tərəfindən hərraca qoyulub satılması göstərilib.
 
Aksiyada 400 nəfərədək yerli əhali iştirak edib.
 
Yor-Muğanlı kəndinin mərkəzində keçirilən etiraz aksiyası iştirakçılarının toplantısına qatılan Müstəqil Gürcüstan Partiyasının lideri Kaxa Kukava APA-ya etiraz aksiyasının banklardan götürülən ipoteka kreditləri ilə bağlı olduğunu açıqlayıb: "Ümumiyyətlə, Gürcüstanda belə məzmunlu problemlər bir-birinə oxşardır. Amma onu qeyd edim ki, Yor-Muğanlıda yaşayan və banklardan kredit alan azərbaycanlıların bəzilərinin gürcü dilini o qədər də yaxşı bilməməyinin nəticəsidir ki, banklarla sənədlərin imzalanmasında çətinliklər yaranıb. Onlar ipoteka kreditinin faizinin nə zaman ödəniləcəyi ilə əlaqədar sənədləri imzaladıqda gürcü dilində yazılan müqavilənin şərtlərini başa düşməyiblər. Hazırda məhkəmənin qərarı ilə əhali öz evlərindən köçürülür. Buna səbəb son vaxtlar banklardan ipoteka krediti alanların məhkəməyə verilməsi və onların evlərinin hərraca qoyulması olub. Aksiya iştirakçılarının tələbi isə banklara ödəniləcək kreditin real faizinin düzgün təyin olunması və ödəmə müddətinin uzadılmasıdır”.
 
Etiraz aksiyasının təşkilatçılarından biri, yerli bələdiyyənin deputatı Qəzənfər Məmmədov isə bildirib ki, 2013-2014-cü illərdə hökumət proqramı çərçivəsində Yor-Muğanlı kəndində yaşayan soydaşlarımızın 70%-i banklardan heyvandarlığı inkişaf etdirmək üçün ipoteka krediti götürüblər. Onun sözlərinə görə, artıq kredit alanların 70-80%-nin evləri satılıb: "Problem barədə baş nazirə, prezidentə, kənd təsərrüfatı nazirinə və Milli Banka müraciət etdik. Tələb etdik ki, bizə 3-4 faizlə verilən ipotekanın ödənmə müddəti uzadılsın, lakin hələlik problem müsbət həll olunmayıb. Hazırda hərraca qoyulan 15 ev satılıb. 50-60 min dollar qiyməti olan evlər 7 min dollara ərəblərə, iranlı və gürcülərə satılıb, bir çox evləri isə banklar alıb”.
 
Q.Məmmədov qeyd edib ki, aksiya iştirakçılarının bir qrupu Kaxetiya qubernatorunun müavini Giorgi Şioşvili tərəfindən görüşə dəvət olunub: "Qubernator müavini bizi gələn həftə üçün vaxt ayırıb, problemlərimizi həll etməyə dəvət edib. Əgər bu dəfə də tələbimiz həll olunmasa, martın 31-də diplomatik korpusa və beynəlxalq təşkilatlara müraciət edəcəyik”.
 
Qeyd edək ki, bu, Yor-Muğanlıda keçirilən ikinci aksiyadır. 

Xəbər lenti