Problemli kreditlər üzrə kompensasiyaların ödənilməsinə aprel ayının sonunda başlanılacaq, bununla bağlı hər bir şəxs bankdan SMS alacaq.
Mynews.az xəbər verir ki, əgər kompensasiyaların məbləği 500 manatadək olacaqsa, bu halda vətəndaşlar onlara çatacaq vəsaiti pul köçürmə sistemləri vasitəsilə nağd şəkildə də ala biləcəklər.
Məbləğ 500 manatdan çox olarsa, kompensasiyalar yalnız plastik kartlar vasitəsilə ödəniləcək ki, burada şəffaflıq naminə vətəndaş məmur təması olmasın. Plastik kartların hansı bankda açılması və hesab nömrəsi belə portala daxil olan vətəndaşın şəxsi vərəqəsində öz əksini tapacaq.
Hal-hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasının istifadəyə verdiyi portaldan (https://pk.fimsa.az/az/kompensasiya) istifadə edən bəzi vətəndaşlar SMS-lər gəlmədiyindən şikayətlənirlər. Bununla bağlı Palatanın açıqlamasına görə, hazırda yüklənmələr həddən artıq çoxdur və vətəndaşlardan bu məsələyə səbrli yanaşmaları xahiş olunur.
Bildirək ki, ölkədə fəaliyyət göstərən hər üç mobil operatordan SMS almaq mümkündür.
Qeyd edək ki, problemli kreditlərlə bağlı Azərbaycan Prezidentinin imzaladığı müvafiq fərmanla restruktruzasiyaya 2012-ci il yanvarın 1-dən 2019-ci ilin martın 1-nədək olan gecikmiş kreditlər düşür.
Kompensasiyalarla bağlı güzəştlər isə 2015-ci il devalvasiyasına məruz qalan kreditlərə şamil edilir, yəni əsas odur ki, 2015-ci ildə devalvasiyalar nəticəsində həmin borcgötürənlərə ziyan dəyib və onlar daha yüksək məzənnə ilə borc qaytarmağa məcbur olublar.