"Ərəb baharı"nın solğun çiçəkləri
Milyonlarla, milyardlarla, böyük məbləğlərlə vəsaitlər xərcləyərək, müəyyən ölkələrdə inqilablar vasitəsilə dövlət çevrilişləri həyata keçirən Qərb dairələri və bu kimi bəzi ümumiləşmiş məsələlərdə onların təmsilçisi sifətində çıxış edən Amerika Birləşmiş Ştatları əvvəlcə bu prosesi çox böyük həvəslə elə sürətləndirdilər ki, sanki bu inqilabi dövlət çevrilişlərindən sonrakı BƏS SONRA? və yaxud SONRA NECƏ OLACAQ? suallarının cavabı tam hazırlanmamış prosesi başlatmışdılar.
Ən pis, ən yarıtmaz vəziyyətdə olan yarımçıq, bişməmiş məsələ də elə bu idi ki, çevrilişdən sonrakı proseslərin sanki tam nəzərə alınmadığı ortaya çıxırdı. Bu məsələlərdə sonradan "Ərəb baharı"nın çiçəklənməsinin əsasən, ABŞ mənbələrindən qaynaqlandığını Soros Fondunun etiraf etdiyini nəzərə alsaq, çevrilişlərin ideoloji, texniki və siyasi müəllifi olan ABŞ-dakı kovboyların ya gözləməyə hövsələsi çatmamış, tələsmişdirlər, ya da "Putin KQB"si prosesi yetişməyə qoymamış, görünür hadisələrin tələsik başlanmasına rəvac verən müəyyən hərəkətlər olmuşdur ki, necə deyərlər Ərəb çiçəkləri kal dərilmişdi. Yaxud da "Ərəb baharı" inqilabi çevrilişlərinin ideya-texnoloji və maddi sponsorları və ABŞ-ın funksional institutları bu dövlətlərdə inqilabi çevrilişlərin yerində qurulmalı olan idarə üsulunu müəyyən kənar təsirlərin nəticəsində axıra qədər qurub çatdıra bilməmiş, ya da sadəcə olaraq bu böyük region bilərəkdən dağıdılmış, ərəblərə və Afrika xalqlarına qarşı düşünülmüş plan həyata keçirildiyini də iddia etmək olar. Əslində "demokratiya" adı ilə və böyük maddi vəsaitlər xərcləyərək milyonlarla insanın müharibələr, aclıq və səfalət, idarəsizlik, xəstəlik və epidemiyalar yolu ilə məhv edilməsi, abad şəhərlərin dağıdılıb viran qoyulması planı həyata keçirilmişdir. Bunu heç kim belə açıq formada demək istəmir ki, bəlkə bu "Ərəb baharı" adlanan ssenari elə 2010-cu ilin baharına kimi ərəblərin və Afrika xalqlarının məhv edilməsi və ölkələrin, şəhərlərin dağıdılması planının "kod adı" idi.
Hər halda prosesin xronologiyasına və nəticələrə diqqət etsək, layihənin çiy, yetişməmiş başladığını deməyə indi daha çox əsas var.
18 dekabr 2010-cu il Tunis
28 dekabr 2010-cu il Əlcəzair
12 yanvar 2011-ci il Livan
14 yanvar 2011-ci il İordaniya
17 yanvar 2011-ci il Sudan
17 yanvar 2011-ci il Oman
17 yanvar 2011-ci il Mavritaniya
18 yanvar 2011-ci il Yəmən
21 yanvar 2011-ci il Səudiyyə Ərəbistan
25 yanvar 2011-ci il Misir
26 yanvar 2011-ci il Suriya
28 yanvar 2011-ci il Cibuti
30 yanvar 2011-ci il Mərakeş
10 fevral 2011-ci il İraq
14 fevral 2011-ci il Bəhreyn
17 fevral 2011-ci il Liviya
18 fevral 2011-ci il Küveyt
Əlbəttə, kütləvi inqilabi etiraz, ixtişaş və döyüşlərlə müşayiət olunan hadisələrin, yaxud prosesin tarixinə, coğrafiyasına nəzər salsaq, görürük ki, 18 dekabr 2010-cu il - 18 fevral 2011-ci il tarixində, cəmi iki ay ərzində bir regionun 17-dən artıq dövlətində inqilabi proses başlamış və bir çoxunda da hakimiyyət dəyişikliyi ilə nəticələnmişdir. Eyni gündə üç dövlətdə, yaxud altı gün ərzində 2-3 gün fərqi ilə altı dövlətdə eyni proses, inqilabi çevriliş üçün böyük etiraz dalğası başlayırsa, deməli ciddi, koordinasiyalı təşkilatçılığın mövcudluğundan xəbər verir. Söz yox ki, bir etiraz aksiyasını hazırlamaq üçün əvvəlcədən xeyli zaman və vəsaitin sərfiyyatına ehtiyac var, o da ola bir gündə üç dövlət. Amerika Birləşmiş Ştatları kimi supergüc və ən yüksək texniki təhcizatla təmin olunmuş kəşfiyyat sistemi sözsüz ki, başlanılan prosesin nəzarətdən çıxmasına imkan verə bilməzdi. Lakin "Ərəb baharı" adlandırılmış inqilab ssenarisində domino effekti alındı, proseslər bəzi hallarda kənara çıxmalarla müşahidə edildi, hadisələr çox sürətlə cərəyan elədi. Buna baxmayaraq, proseslər idarə olunurdu və nəzarətdən çıxanlar, ciddi müqavimət göstərməyə cəhd edənlər isə Liviyanın dövlət başçısı Müəmmar Qəddafinin nümunəsində sonu bəlli olan cəzaya məhkum olundu. Qəddafinin güllələnərək, nəşinin günlərcə öz xalqının ayaqları altında "tapdalandırılması" isə həm gələcəkdə onun şəxsiyyəti və ideyası ətrafında insanlar birləşərək mübarizəyə qalxmasınlar deyə alçaldılması məqsədi daşıyırdı, ikincisi, ondan da vacibi isə Qərbin layihələrinə qarşı çıxanların aqibətinin oxşar olacağı xəbərdarlığı və hədələmək nümunəsi idi.
Bu inqilabi prosesin başlamasını, inkişaf troyektoriyasını və həyata keçməsini layihələndirən siyasi-ideya müəllifləri və artıq heç kəsə sirr deyil ki, maddi sponsoru Soros Fondu sonrakı idarəçilik formasını axıra qədər planlaşdırıb idarə edə bilmədilər, yaxud belə lazım idi. 2009-2010-cu illərin statistikasına görə Misir, Suriya, Livan, Yəmən və s. süni inqilablar baş vermiş Ərəb ölkələri həm gözəlliyi, inkişafı və turizm baxımından dünyada çox sürətlə inkişaf etməkdə olan ölkələr sırasında idilər. Bu neft ölkələrinin həmin dövrdə sürətli mədəni və iqtisadi inkişafı təbii idi.
İndi isə baş verən inqilablardan sonrakı keçən 15 ildən çox müddət ərzində nəinki inkişaf etmiş, sanki ən azı 20 il geriyə qayıtmış və hələ də Suriya, Liviya, Yəmən və s. kimi qədim tarixə malik olan ölkələrin gözəl, müasir tikililərinin xarabalıqları arasında atəş və ölüm, yaxud da ac-yalavac insanların, qadın və uşaqların ağlaşma və hıçqırıq səsləri eşidilir.
Yeri gəlmişkən bu inqilabların ilhamvericisi Corc Soros bizdən inciməsin, görəsən, digər şeytan düşəncəli və hiyləgər adamlar bu inqilabların "bəxş etdiyi" dağıntılara, günahsız uşaq, qadın, ahıl insanların acından və müharibənin digər fəsadlarından ölümünə görə Allah qarşısında öz günahlarını hiss edirlərmi?
Rəngli inqilab seriyası Azərbaycanda dayandırıdı
ABŞ-ın dəstəklədiyi hakimiyyət dəyişikliyinin - inqilabi dövlət çevrilişinin Gürcüstan variantı 2003-cü ildə baş tutan "Qızılgül inqilabı"dır. Gürcüstan ssenarisində bir qadın iki kişi lider olmaqla Mixail Saakşvili, parlament başçısı Nino Burcanadze və köhnə parlament başçısı olmuş Zurab Jıvaniyanın birlikdə hərəkəti ilə 23 noyabr 2003-cü il tarixdə ölkə başçısı Eduard Şevardnadzeni hakimiyyətdən istefa verməyə məcbur etdilər və 2004-cü ilin yanvar ayında dövlət başçısı seçkiləri keçirilərək, Mixail Saakaşvili prezident seçildi.
2004-cü il noyabr ayının 22-də prezident seçkilərinin nəticələrinə etiraz olaraq, Kiyevin mərkəzi meydanından başlayan kütləvi etiraz aksiyası - "Maydan hərəkatı" - 2005-ci il yanvar ayının 23-də Viktor Yuşşenkonun təkrar seçkilərdə qalib gələrək, prezident seçilməsi "Narıncı inqilab"ın qələbəsi ilə nəticələndi. Ukrayna "Narıncı inqilabı"nın da Gürcüstan inqilabı ilə oxşar və əlaqəli cəhətləri sonralar tam aydınlığı ilə ortaya çıxdı və bu inqilabın da liderləri siyasi lider - Viktor Yuşşenko, gözəl hörüyü olan xanım lider Yuliya Tumoşenko və inqilaba mənəvi-ruhi dəstək verən dünyaca məhşur boksçu Vitali Kliçko idilər.
2005-ci ilin aprel ayında Qırğızıstanda "Zanbaq inqilabı", 2009-cu ilin aprel ayında Moldovoda "Üzüm inqilabı", 2018-ci il 12 apreldən Ermənistanda başlayan Nikol Paşinyanın rəhbərlik etdiyi etiraz aksiyaları nəticəsində "Məxməri inqilab" qalib gələrək, may ayının 08-də hakimiyyət dəyişikliyi rəsmiləşdi.
Bizim tədqiqat mövzumuz bu hadisələrin ayrılıqda üzərində dayanmaq olmadığı üçün bu prosesə başqa prizmadan yanaşaraq və bu proseslərin Azərbaycanla nə dərəcədə əlaqəsi var sualına baxacağıq.
Rəngli inqilablar seriyasına biz dünya coğrafiyasında deyil, yalnız Azərbaycana aidiyyəti olan siyasi məkan və coğrafi müstəvidə baxmağa çalışaraq, həm "Ərəb baharı", həm rəngli inqilablarda ABŞ-ın supergüc olaraq, rolu və təsirini qeyd etdik. Lakin Rusiyanı bu proseslərdə müşahidəçi hesab etmək düzgün də deyil, mümkün də deyil.
Bəs Rusiya nə edir?
Bugünkü Rusiya Putindir - Vladimir Putin! Və əksinə Putin də - Rusiyadır.
Mixail Qorbaçovun dağıtdığı və Boris Yeltsinin itirdiyi coğrafi-siyasi itkilərdən sonra Putin Rusiyanı toparlamağa çalışan "KQB" təmsilçisidir. Hansıki, siyasi hakimiyyətin əməliyyatçısı olan "KQB", siyasi iradəni də, əməliyyatı da özü ifadə etmək məcburiyyətində qaldıqdan sonra Putin itirilmiş mövqelər uğrunda mübarizə aparsa da hətta bəzən epizodik döyüşlər baş versə də itirilənlərin bərpası heç də asan görünmür.
Putin ən son müasir texnika və texnologiyalarla Qərbin demokratiya silahı ilə, Qərbin öz başına zərbələr vurur. Rusiyanın ABŞ-da keçirilən Prezident seçkilərinə müdaxiləsi barədə hələ də ABŞ siyasi dairələri danışırlarsa, bu super dövlət olan ABŞ üçün çox utanc vericidir. Bu yöndən Rusiyanın revanşı da diqqət çəkicidir.
Əvvəla qeyd etmək yerinə düşər ki, həm Ukraynada, həm Gürcüstanda Qərb, NATO bu ölkələrin arxasında axıra kimi dura bilmədi və həm Ukrayna, həm Gürcüstanın NATO-ya qəbulu prosesinə Rusiya ciddi əngəl törədərək, hər iki ölkənin ərazilərində yaranmış separatçı "muxtar" qurumları tanımaqla bu problemləri biraz daha dərinləşdirdi. Sonra isə Putinin revanşı bu ölkələrin seçkilərində rusiyapərəst və ya qatı qərbpərəstlərə əks qüvvələrin hakimiyyətə gəlməsi ilə nəticələndi.
Gürcüstanda 2012-ci ilin oktyabr ayında Bidzina İvanişvili seçkilərdə qələbə qazanaraq, hakimiyyətə gəldi və Gürcüstan siyasətində anti-Saakaşvili xəttinin qalibiyyətinin təminatçısına çevrildi.
Moldovada 23 dekabr 2016-cı ildə İqor Dodon prezident seçkilərində qalib gəldi və rusiyapərəst mövqe nümayiş etdirməkdən çəkinmədi.
Ukaynada 2018-ci il aprel ayında prezident seçkilərində də aktyor-Vladimir Zelinski qalib gələrək bəzi rusiyayönlü bəyanatlarla çıxış etsə də yenədə reallığı nəzərə almalı olacaq və bu da Gürcüstan ssenarisinin Ukrayna variantıdır. Bu seçkilərdəki təsir imkanları ilə Putin qərbin demokratiya zopası ilə ABŞ və Avtopanı döyməyə başlayıb və eyni zamanda xüsusilə keçmiş SSRİ məkanında keçən mərkəzdənqaçma prosesindən sonrakı dövrdə "KQB" şəbəkəsi öz əlaqələrini aktivləşdirmək imkanı qazanmışdır. Yeri gəlmişkən geopolitik münasibətlərdə və xarici siyasətdə həmişə ustalıqla irəliləyən Azərbaycan iqtidarı sözsüz ki, keçmiş SSRİ məkanını Rusiyanın (KQB) daha yaxşı "tanıması" faktorunu nəzərə aldığı kimi prezident İlham Əliyev də Kremli yaxşı tanıyan azsaylı siyasi liderlərdəndir.
İndi isə Azərbaycan və rəngli inqilablara münasibət mövzusuna qısa nəzər salaq.
Əvvəla qeyd etmək yerinə düşər ki, 2005-ci ildə o dövr üçün silsilə rəngli inqilablar seriyası məhz Azərbaycanda "ilişdi". Boynuna narıncı şərf asaraq, əslində boğazına keçən narıncı "şərf"i daşıyan özlərini demokrat adlandıran müxalifət 2005-ci il oktyabr ayında digər respublikalarda sınaqdan çıxmış metodla hərəkət etdilər. Sadəcə olaraq, Ulu Öndər Heydər Əliyevin möhkəmlətdiyi dövlət Gürcüstandan fərqli olaraq laxlamadı. Əslində regionda və dünyada baş verən bu dəyişikliklər, supergüclərin iqtisadi-siyasi liderlik, geopolitik nüfuz və ambisiya savaşında istifadə olunan xalqlar və dövlət çevrilişləri, müharibələr sözsüz ki, bu rəqabətin poliqonuna çevrilən ölkələrə xöşbəxtlik gətirə bilmir, əksinə onilliklərlə geri salır. Azərbaycanın bu keçən müddətdə beynəlxalq, regional və yerli iri və meqa layihələr həyata keçirən və təşəbbüskar bir ölkə kimi stabil inkişafını şərtləndirən əsas səbəblərdən biri SABİTLİKDİR. Ölkə başçısı İlham Əliyevin çevik və balanslı xarici siyasəti Azərbaycanı bu kataklizmlərdən yan ötməyə imkan yaradır. Yeri gəlmişkən bu mənada regionda sabit və stabil inkişaf edən, dövlət və hakimiyyətin formalaşmasına və inkişafı istiqamətində mütəmadi islahatlar həyata keçirən Moskva və Qərblə, beynəlxalq və regional oyunçularla normal, inkişaf edən və balanslı münasibət qurmağı bacaran haliyyədə iki dövləti nümunə göstərməyə çalışsaq bunun biri Azərbaycan, digəri Qazaxıstan ola bilər.
Bu kontekstdən son günlərin hadisələri özünü Venesuellada bariz şəkildə göstərməkdədir. Amma orada Suriya ssenarisindən fərqli olaraq, müxtəlif silahlı etnik və terrorçu qruplar mövcud deyil və bu ölkənin ərazisində iki qüvvə, bir tərəfdə Amerika Birləşmiş Ştatları, digər tərəfdə isə Putin Rusiyası üz-üzə dayanıblar.
“Region” Analitik İnformasiya Mərkəzi