Xalq artistinin iki ailə üzvünün ölümünə səbəb olan məmur oğlu əfvə necə düşüb

699
Xalq artistinin iki ailə üzvünün ölümünə səbəb olan məmur oğlu əfvə necə düşüb

Ağasəlim Abdullayev: “Açıb buraxıblar, bizdən də heç nə soruşan olmayıb”

“Ona cəza verdilər, cəzasını çəkmək üçün də müddət verdilər. Mən nə deyim, indi də açıb buraxıblar. Allah hamının övladını, ailəsini qorusun. Məndən heç nə soruşan olmadı” - xalq artisti, tarzən Ağasəlim Abdullayev həyat yoldaşı və nəvəsinin həyatına son qoymuş “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovun əfv edilməsinə münasibət bildirərkən belə deyib.

Xalq artisti “Yeni Müsavat”a açıqlamasında qeyd edib ki, X.Mədətov əfvə təqdim edilərkən zərərçəkən kimi ondan heç kim heç nə soruşmayıb: “Məndən heç kim heç nə soruşmayıb. O hadisələrdən sonra mən nə onları görmüşəm, nə də aramızda barışıq olub. Açıb buraxıblar, bizdən də heç nə soruşan olmayıb”.

A.Abdullayev X.Mədətovun yaxınlarından ona təskinlik verən bir müraciət də gəlmədiyini bildirdi: “Bu söhbətə qayıtmayaq. Mən keçmişə qayıtmaq istəmirəm. Mən tərəfdən onlara heç bir razılıq verilməyib”.

Related image

Qeyd edək ki, Əfv Komissiyasının əsasnaməsinə görə şəxsi əfv edilmək təqdim edilirsə, adı əfv siyahılarına salınırsa, bu halda mütləq şəkildə zərərçəkən tərəfin mövqeyi nəzərə alınmalıdır.


Bu haqda əfv sərəncamı verilməzdən bir həftə əvvəl Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev “Yeni Müsavat”a açıqlamasında da bildirmişdi.


Sitat: “... azadlıqdan məhrum edilmiş şəxslərin törətdiyi cinayət əməli öyrənilir, cinayətin hansı şəraitdə törədilməsi, kimə qarşı törədilməsi və bir çox amillər diqqətlə nəzərdən keçirilir. Hər bir halda, müraciət müəlliflərinin işləri çox ciddi şəkildə yoxlanılır, islah olunub-olunmaması ilə bağlı rəylər nəzərdən keçirilir, eyni zamanda ailə vəziyyəti, xüsusilə zərərçəkənin məsələyə münasibəti öyrənilir”.


Bəs Xalid Mədətov əfvə təqdim edilərkən xalq artisti Ağasəlim Abdullayevin zərərçəkən olaraq münasibətini, fikrini niyə öyrənən olmayıb?

Xalid Mədətovun həbsinə səbəb olan ürəkparçalayan hadisə 2014-cü il martın 15-də baş vermişdi. Kef məclisindən çıxan Xalid Mədətov içkili vəziyyətdə bahalı “Mercedes-Benz G-55"in sükanı arxasında keçmiş, yüksək sürətlə xalq artistinin ailəsi olan ”VAZ-2106" markalı maşına çırpılmışdı. Hadisə zamanı A.Abdullayevin həyat yoldaşı Brilyant Abdullayeva və azyaşlı nəvəsi həlak olmuşdu. Xalq artisti özü isə yaralanmışdı. Geniş ictimai rezonans doğuran hadisədən sonra “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Mübariz Mədətov işdən qovulmuşdu. Xalid Mədətov barəsində isə Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə istintaqa cəlb olunub. X.Mədətov məhkəməsində A.Abdullayevi borclu da çıxarmışdı: “O, təhlükəsizlik kəmərini bağlamamışdı”.


Mübariz Mədətov məhkəmə prosesi zamanı oğlunun həbsdən qurtarılması üçün saysız-hesabsız cəhdlər etsə də, xalq artistinin bu faciəyə görə bağışlmaqdan qəti imtinası nəticəsində Xalid Mədətova 12 il hökm oxundu. Üstündən 3 il keçəndən sonra isə əfv olundu. Halbuki əfv cəzasının yalnız üçdə ikisini çəkən məhkumlara şamil olunmalıdır.

Xalid Mədətov isə azadlıqdadır. Bu faktdır və yeni cinayətlərin törədiləməsinə verilən vəsiqədir. Onun azadlığa çıxması üçün Əfv Komissiyasında qanunları ayaqlar altına kimlər qoyub bu başqa söhbətin mövzusudur, indi əsas məsələ odur ki, adam yenidən kef məclislərinə qatılıb bahalı maşınının sükanı arxasına keçəcək. Allah hamımızı, Əfv Komissiyasında Xalid Mədətovun azadlığa çıxması üçün çalışanlar da daxil olmaqla onun kimilərdən qorusun.

Xəbər lenti