2019-cu ilin aprel ayından etibarən “Region” Analitik İnformasiya Mərkəzi fəaliyyətə başlayıb. SİA-nın xəbərinə görə, mərkəz fəaliyyətə başladığı gündən müxtəlif mövzuları əhatə edən analitik materiallarla gündəmdədir. Mərkəz Böyük Britaniya Xarici İşlər Nazirliyinin qarayaxma kampaniyasının təsiri altında Azərbaycana səyahətlə bağlı vətəndaşlarına verdiyi "tövsiyəsini" izah etmək məqsədilə may ayının 13-dən “Azərbaycan naminə birləşək!" şüarı ilə xoşməramlı təbliğat kampaniyasına start verib. 10 gün ərzində Azərbaycanın turizm potensialı, mədəni və sosial həyatı ilə bağlı materiallar “Region” Analitik İnformasiya Mərkəzinin xüsusi səhifələri ilə xarici ölkələrin Azərbaycan Respublikasındakı 91 diplomatik nümayəndəliyinə, Azərbaycan Respublikasının 65 ölkədə fəaliyyət göstərən diplomatik səfirliklərinə, ölkəmizin üzv olduğu beynəlxalq təşkilatlara ( Aİ, AŞ, BMT, İKT, ATƏT, AB, NATO, GUAM, MDB), 53 Avropa ölkəsinin ən reytinqli xəbər saytlarına, Azərbaycan Respublikasının daxilində olan 73 müxtəlif xəbər saytlarına, 17 xarici xəbər saytına göndərilib. Kampaniya bu gün sona çatıb. Məlumat üçün nəzərinizə çatdıraq ki, hazırda Mərkəz tərəfindən cəmiyyəti əhatə edən müxtəlif sosial, beynəlxalq problemlər və digər mövzuları əhatə edən tədqiqat materialları üzərində çalışılır. Bununla yanaşı “ Səs” qəzetinin sifarişi ilə Mərkəz tərəfindən bir neçə analitik yazılar da təqdim edilib.
Xatırladaq ki, yeni fəaliyyətə başlayan “Region” Analitik İnformasiya Mərkəzinə, Bakı şəhər İcra Hakimiyyətinin Xarici əlaqələr və İnvestisiya Proqramları Departamentinə 8 il rəhbərlik etmiş tanınmış jurnalist Rasim Quliyev rəhbərlik edir.