Araq reklamlarına televiziyalarda tez-tez rast gəlirik. Ölkədə yerli araqlarla yanaşı, xaricdən, Rusiyadan, Ukraynadan və digər ölkələrdən də spirtli içkilər gətirilir. Bəs çox vaxt gözəl şüşələrdə olan bu cür içkilərin keyfiyyəti də standartlara uyğundurmu? Suala cavab almaq üçün paytaxtdakı bir neçə marketə baş çəkdik.
Burada qiymətlər 2 manatdan başlayırdı. Satıcılar daha çox ucuz yerli araqların, ikinci isə Rusiya araqlarının satıldığını dedilər. Satıcı Telman Əliyev isə alıcıların elə də çox olmadığını dedi:"Spirtli içkilərimiz daha çox bayramlarda satılır. Rusiya araqlarını daha çox istəyirlər. Ən yaxşı Rusiya arağının qiyməti 10 manatdan başlayır”.
Araqların bəzilərinin üzərində yararlılıq müddətinin olmadığını gördük. Satıcıdan bunun səbəbini soruşduqda o, hərdən bu cür olduğunu, ancaq araqların təzə olduğunu söylədi.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov spirtli içki sektorunun çirklənmiş bir sahə olduğunu bildirdi:"Biz Azad İstehlakçılar Birliyi olaraq istehlakçıların ucuz qiymətə keyfiyyətli mal almasının tərəfdarıyıq. Azərbaycanda içkilər bazarı həddindən artıq çirklənmiş bir sektordur. Əhali bilməlidir ki, araqların satış şəbəkələrində saxlanma müddəti bir ildən artıq olmamalıdır. Lakin monitorinq aparsaq görərik ki, 95 faiz araqların üzərində buraxılma tarixi, yararlılıq müddəti yoxdur. Ölkənin əmtəə bazarında, hətta xaricdən gətirilən arzu olunmaz içkilər kifayət qədər çoxdur. Təəssüflər olsun ki, Bakı ətrafında bəzi firmalar heç bir üzüm plantasiyası olmadan qarışıq mayelərdən araqlar, spirtli içkilər hazırlayıb əhaliyə təklif edir. Spirtli içkilərin Azərbaycanda ucuz olmasının səbəbi tələbatın az olması ilə bağlıdır. Yəni tələbat az olanda qiymət aşağı düşür. Xarici ölkələrdən də Azərbaycana kifayət qədər keyfiyyətsiz spirtli içkilər gətirilir. 10 il əvvəl biz Kənd Təsərrüfatı Nazirliyinə rəsmi müraciət etdik və Kütləvi İnformasiya Vasitələrinin, ictimai təşkilatların, mütəxəssislərin iştirakı ilə açıq şəffaf fəaliyyət göstərən spirtli içkilər üçün dekustasiya komissiyasının yaradılmasını təklif etdik. Lakin bu təklif dəstəklənmədi. Onlar özləri o vaxt belə bir komissiya yaratdılar və bu komissiya qapalı şəkildə fəaliyyət göstərir. Heç kimin də xəbəri yoxdur ki, onlar nəyi necə edirlər. Yəni bu işlərin hamısında şəffaflıq əməl gəlməlidir ki, spirtli içki bazarında vəziyyət düzəlsin”.
E.Hüseynov Rusiya brendi ilə Azərbaycanda qanuni araq istehsalının olduğunu dedi:"Rusiya brendi ilə Azərbaycanda araq istehsal olunur və bu brend ölkəmizdə təsdiq olunub. Lakin bu yaxınlarda Daxili İşlər Nazirliyi çox böyük miqdarda 30 cür xarici arağı istehsalı edən araq istehsalçılarını ifşa etdi. Bu da çox yaxşı haldır. Bu vəziyyətin, insanların araqdan zəhərlənməsinin qarşısını almaq üçün ölkə prezidentinin fərmanı olub ki, qida təhlükəsizliyi üzrə agentlik yaradılsın. İşçi qrupu təyin olunub və bu qrupun rəhbəri baş nazirin müavini Əli Əhmədovdur. Mən Əli Əhmədova 20 gün bundan öncə rəsmi müraciət göndərdim və həmin qurumda təmsil olunmaq və təkliflərimi vermək istəyimi bildirdim. Məni Nazirlər Kabineti səviyyəsində bir adam qəbul etdi və məlum oldu ki, qida təhlükəsizliyinə dair gələn ildən işə başlayacaq bir qurumda heç bir ictimai təşkilat, heç bir ictimai nəzarət nəzərdə tutulmur. Lakin mən xahiş eləmişəm ki, sırf istehlakçıların adından biz orada iştirak edək. Görək dövlət istehlakçıların səsini eşitmək üçün hansı addımı atacaq”.