Ərini baltaladığı üçün yeddi ildir həbsdə yatan qadınla söhbət Qaynı ilə yatırmış?

715
Ərini baltaladığı üçün yeddi ildir həbsdə yatan qadınla söhbət Qaynı ilə yatırmış?

Kaş bu cinayəti törətməzdim. Rayon yerində yaşamasaydım, bəlkə də anam boşanmağıma bu qədər qarşı çıxmazdı. Anam “səbr et” deyə-deyə məni bədbəxt elədi. Axırı nə oldu? O, rəhmətə getdi, mən isə özümə bir gün ağlaya bilmədim. Mənim cinayət törətməyimdə günahkar anamdır.

Bunu Oxu.Az-ın müxbiri ilə söhbətində 4 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən 48 yaşlı Gülbəniz Ələkbərova deyib.

G.Ələkbərova vaxtilə sevərək ailə həyatı qursa da, bir müddət sonra ər və arvad arasında münasibətlər korlanmağa başlayıb. Ailəsi də bu çətin günlərində ona dəstək olmayıb.

Ailədə təhqir edildiyini, övladları qarşısında alçaldıldığını deyən Gülbəniz bildirib ki, çarəsiz qalaraq həyat yoldaşı ilə danışıb vəziyyəti yoluna qoymağa çalışıb. Boşanmaq istəyib, lakin heç cür alınmayıb, ona bu məsələdə dəstək verən də olmayıb. Sonuncu mübahisə isə ərini məzara, onu barmaqlıqlar arasına salıb.

G.Ələkbərova 1971-ci ildə Sabirabad rayonu, Qalaqayın kəndində anadan olub. Gülbəniz müəllim ailəsində dünyaya göz açıb, orta təhsilini bitirdikdən sonra ailəsinə kömək etməyə məcbur olduğu üçün təhsilini davam etdirə bilməyib. 1990-cı ildə isə ailə həyatı quran Gülbəniz dörd il mehriban ailə həyatı yaşadığını deyir. Bu evlilikdən iki qız, bir oğlan övladı dünyaya gəlib. Lakin əri işləmək üçün Qazaxıstana gedəndən evlərində söz-söhbət başlayıb.

Məhkum qadın deyir ki, yoldaşı aylarla Qazaxıstanda qalıb, evə vaxtlı-vaxtında pul göndərməyib:

“Bütün qohumlarım şahiddir: yoldaşım tək mənə yox, uşaqlarıma da qarşı laqeyd olub. Heç vaxt maraqlanmazdı ki, evdə nəyə ehtiyac var, uşaqlar nə vəziyyətdədir. Burada işləri yaxşı getmədi deyə, işləmək üçün Qazaxıstanın Aktau şəhərinə getdi. Orada xırda ticarətlə məşğul olurdu. Elə o vaxtdan münasibətlərimiz pozuldu, söz-söhbətlər başladı. Evə bir neçə aydan bir gəlirdi. Gələn kimi də söz-söhbət yaradıb məni döyür, təhqir edirdi. Hər xırda şeyə görə dava salırdı. Axırda da deyirdi ki, “cəhənnəm ol, çıx həyatımdan, istəmirəm səni”.

Uşaqlarla da maraqlanmırdı. Özünü ata, ailə başçısı kimi aparmırdı. Bütün sözlərimə, yalvarışlarıma rəğmən heç nə düzəlmirdi. Əksinə, vəziyyət hər ay daha da pisləşirdi. Sonra eşitdim ki, Qazaxıstanda başqa qadınla münasibəti var. Bizə belə soyuq davranmasının səbəbini də bununla əlaqələndirdim”.

“Anama yalvarırdım ki, imkan verin, boşanım, yola gedə bilmirik”

G.Ələkbərova bildirir ki, 2004-cü ildə həyat yoldaşı Zeynal Ələkbərov onu yanına çağırıb. Gülbəniz də yoldaşı ilə münasibətlərinin düzəldiyini düşünərək Qazaxıstana gedib:

“Məni yanına çağıranda düşündüm ki, hər şey lap əvvəlki kimi olacaq. Amma ağlıma gəlməyən, başıma gəldi. Yenə öz bildiyini elədi, təhqir etdi, sonra da məni geri qaytardı. Qayıdıb gələndə anama dedim ki, yola gedə bilmirik, daha dözə bilmirəm, boşanmaq istəyirəm. Bu günə qədər uşaqlara görə səbr etsəm də, başa düşdüm ki, bu insan düzələn deyil. Amma anam mənim yanımda olmadı. Boşanmağımıza imkan vermədi. Həmişə deyirdi ki, sən boşansan, mən gərək kənddən köçüm. “Səbr elə, hər ailədə söz-söhbət olur, düzələcək” deyə-deyə məni bu hala saldılar. Atam anamdan mərhəmətli idi, məni başa düşürdü, amma anam ona da imkan vermirdi.

2010-cu ildə anam rəhmətə getdi. Yoldaşım Qazaxıstanda, atam Rusiyada, mən isə üç uşaqla kənd yerində qaldım. Özüm əkib-becərirdim, uşaqlarıma baxmaq üçün pul qazanırdım. Yoldaşım Qazaxıstandan qayıdanda qazandıqlarını belə bizə verməzdi. Hara və kimə xərclədiyini bilmirəm. Elə olurdu ki, günlərlə məni evə buraxmırdı. Dəfələrlə mənə deyib ki, çıx get, evə başqa qadın gətirəcəyəm. Bir qadın daha nə qədər təhqir edilər?”

“Onu balta ilə öldürüb, sellofona büküb zirzəmidə basdırdım...”

Məhkum deyir ki, törətdiyi cinayət bir anlıq qəzəbin nəticəsi deyil:

“2011-ci il yanvarın 16-da həyatım qaraldı. Həmin hadisədən yeddi ilə yaxın vaxt keçib, amma mən bu gün də gözlərimi yumanda o dəhşətli günə qayıdıram. Yoldaşım evə gəlməzdən bir neçə ay əvvəl 400 dollar pul göndərmişdi. Kiçik qızım xəstə idi. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alırdı.

Ərim gəldiyi gecə pulu hara xərclədiyimi soruşdu. Dedim ki, qızımın müalicəsinə, dərmanlarına vermişəm. Üstümə qışqırdı, söyüş söydü. Gecə ilə pulu qaytarmağımı istədi. Dedim ki, sakitləşsin, qonşular eşidir, pulu tapıb qaytaracağam. Mənim yanımda Qazaxıstanda yaşadığı qıza - üç ildir mənə “Çıx get onu gətirəcəyəm, evlənəcəyəm” dediyi qıza zəng eləyib Azərbaycana gəlməsini dedi. 16 ilin bədbəxtliyi bir yana, üstəlik, qadınlıq qürurumun tapdalanmasına, ailəmi söyməsinə dözə bilmədim. Cinayəti qətiyyən qısqanclıq zəminində törətməmişəm.

Ərim deyinə-deyinə divanda uzandı. Həyətdən baltanı götürüb ona yaxınlaşdım. Başından vurub öldürdüm. Gördüm inildəyir, yastıqla üzünə basıb boğdum. Qorxurdum, elə bilirdim ki, durub məni öldürəcək. Öldürəndən 5-10 dəqiqə sonra özümə gəldim. Adam öldürdüyüm hələ mənə çatmamışdı. Qətlə yetirəndən sonra meyiti sellofana bükərək evin zirzəmisində basdırdım”.

O, əvvəlcə polisə zəng edərək təslim olmaq istəyib, lakin xəstə qızını düşünərək bu fikrindən daşınıb:

“Təslim olsaydım, qızıma kim sahib çıxacaqdı? Bir qızım da əmisioğlu ilə evli idi. Qorxdum ki, onu da incidərlər. Lakin 1 il 6 ay hadisəni gizlətdikdən sonra polisə gedib cinayəti etiraf etdim. O vaxta qədər ərimi soruşanlara Qazaxıstanda olduğunu deyirdim, hamı da onun Qazaxıstanda olduğunu zənn edirdi. Uşaqlar da onun həmin qızla danışdığını eşitmişdilər deyə, heç nədən şübhələnmədilər. Amma bu cinayətin üstü açılana qədər, yəni 1 il 6 ay mən hər gün min dəfə, milyon dəfə peşman oldum”.

Həyatının alt-üst olduğunu deyən G.Zeynalova törətdiyi cinayətlə evindən, sevdiklərindən ayrı düşdüyünü bildirib. Onu ən çox yandıran isə ölən oğlunun məzarına gedə bilməməsidir:

“Mən Allahın verdiyi canı aldım, o da məndən oğlumu aldı...”

“2012-ci ildə isə həbs olundum. Məhkəmə mənə 13 il həbs cəzası verdi. Ailəmdən, uşaqlarımdan ayrı düşdüm. Ailəm yanıma gedib-gəlirdi. Uşaqlarım da məndən üz döndərmədi. Dekabrın 31-i oğlum həbsxanaya gəlib, hərbi xidmətə çağırıldığını dedi. Ona çox yalvardım ki, getməsin, məni gözləsin, amma gözləmədi. 2017-ci ildə hərbi xidmətə getdi, üç ay sonra əsgərlikdə vəfat etdi. Məndən gizlətdilər, oğlumun ili çıxandan sonra dedilər. Oğlumun ölüm xəbərini aldığım gün mən də öldüm. Allahın verdiyi canı aldım, o da əvəzində məndən balamı aldı. Yeddi ildir həbsdəyəm. Hər gün peşmanlıq, hər gün göz yaşı. Burada oğluma qovuşacağım günü gözləyirəm. Allahdan tək arzum budur ki, oğlumun məzarını görmədən, quru torpağına sarılmadan canımı almasın. İnanın ki, bircə dəfə balamın qəbrinə getmək istəyirəm, sonra nə qədər istəsələr, gəlim yenə cəzamı çəkim”.

G.Ələkbərova onu da bildirib ki, həyatının məhv olmasına səbəb regionlarda yaşayan insanların boşanmalara qətiyyətlə qarşı çıxmasıdır:

“Bu həyatda günahlandırdığım yeganə insan anamdır”

“Kaş mən bu cinayəti etməzdim. Düşünürəm ki, rayon yerində yaşamasaydım, bəlkə də anam boşanmağıma bu qədər qarşı çıxmazdı. Cinayət törətməyimin günahı anamdadır. Buradan demək istəyirəm ki, bölgələrdə yaşayan ailələr, xüsusilə də analar qızlarına dəstək olsunlar. Qızların təhsil almasına şərait yaratsınlar. Qızı ərə verib əlinizi üstündən çəkməyin. Boşanmağa da pis baxmayın. Yola gedə bilmirlərsə, axırda gəlib mənim kimi həbsə düşməkdənsə, boşanıb ata evinə qayıtmaqlarına imkan versinlər.

Bəlkə də mən boşansaydım, hər şey başqa cür olardı. Hər şeyə rəğmən qızlarım, ailəm mənim yanıma gəlib-gedir. Bütün kənd bilir ki, mən pis yola düşməmişəm, oğurluq etməmişəm, uşaqlarımı güc-bəla ilə saxlamışam. Heç bir qadına da nə tənha ana olmağı, nə də məhbus həyatı arzu edirəm”.

Bu yazılanlar məhbus Gülbəniz Ələkbərovanın öz dilindən danışdığı həyat hekəyəsidir. Lakin onun məhkəmə işində hadisələr bir qədər fərqli göstərilib. Məhkəmə işində Sabirabad rayon sakini Zeynal Ələkbərovun itkin düşməsi barədə polisə məlumat daxil olduğu və bunun əsasında aparılan araşdırmalar zamanı Z.Ələkbərovun 2011-ci il yanvarın 16-da qardaşı Əlibaxış (2011-ci ilin aprel ayında öz əcəli ilə ölüb) və arvadı Gülbəniz Ələkbərova tərəfindən öldürülərək Suqovuşan kəndindəki evinin zirzəmisində basdırılması müəyyən edilib.

Cinayətin üstü isə 1 il 4 aydan sonra açılıb. Belə ki, bu qətl hadisəsindən bir neçə ay sonra Zeynal Ələkbərovun kiçik qardaşı Əlibaxış qəfil vəfat edib. G.Ələkbərova qaynının hüzn mərasimində iştirak etsə də, Zeynalın olmaması qohumlar arasında narahatlığa səbəb olub. Buna görə də hər kəs Zeynalın yas mərasiminə niyə gələ bilməməsi ilə maraqlanıb. Lakin Gülbəniz deyib ki, guya əri imkansızlıqdan hüzrə gələ bilməyib.

Əlibaxışın 40 mərasimindən sonra qohumlar yenə Zeynalla maraqlansalar da, Gülbəniz bildirib ki, bir dəfə zəng edib və qardaşının yasına gəlmədiyi üçün xəcalətli olduğunu deyib, ona görə də bacı və qardaşlarına zəng etməyə utanır. Onun telefon nömrəsini istəsələr də, Gülbəniz bəhanə gətirərək verməyib. Bacısı Səfiyyə bundan sonra qohumlarına qardaşı barədə polisə xəbər vermək qərarına gəldiyini bildirib.

Aparılan araşdırmalar nəticəsində Z.Ələkbərovun həyat yoldaşı istintaqa dəvət edilib. Onunla aparılan sorğu-sual nəticəsində dəhşətli cinayətin üstü açılıb. G.Ələkbərova ərini qətlə yetirdiyini və evlərinin zirzəmisində basdırdığını etiraf edib. Gülbənizin etirafından sonra Z.Ələkbərovun meyiti basdırıldığı evin zirzəmisindən çıxarılıb.

G.Ələkbərova ifadəsində hadisənin təfərrüatını da açıqlayıb. O, deyib ki, əri Qazaxıstanda olan zaman mərhum qaynı Əlibaxışla münasibətdə olub. Onun sözlərinə görə, əri Qazaxıstandan qayıdanda qardaşı öz evində Əlibaxışın həyat yoldaşı Gülbənizlə yataqda olduğunu görüb:

“Bu zaman hər iki qardaş arasında dava düşdü. Mən də balta ilə ərimi qətlə yetirdim”.

Onun ifadəsinə görə, ərinin qətlində qaynı Əlibaxışın günahı olmayıb.

Araşdırmalar zamanı məlum olub ki, Z.Ələkbərov kiçik bizneslə məşğul olduğu Qazaxıstandan qayıtdıqdan sonra arvadının qardaşı ilə yaxın əlaqədə olduğunu öyrənib. Qardaşlar arasında dava zamanı G.Ələkbərova ərini öldürüb. Qətl hadisəsindən az sonra, 2011-ci ilin aprel ayında qadının sevgilisi xəstəlik səbəbindən vəfat edib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə ərini xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan Sabirabad rayon sakini Gülbəniz Ələkbərova 13 il azadlıqdan məhrum edilib.

Xəbər lenti