Milli Məclis üzvlərindən illik hesabata kəskin reaksiya: “Bazarlar od tutub yanır”; “Banklar vətəndaşı soyur”; “Millətin belini qırırıq”; “Bu məsələlərdə hökumətmizin günahı var. Biz bunu deyəndə qəbahətmi olur?”
Martın 17-də spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti iclası keçirildi. İclas hökumətin hesabatına həsr olunduğu üçün Baş nazir Artur Rasi-zadənin rəhbərliyi ilə Nazirlər Kabinetinin üzvləri də müzakirələrə qatılmışdı.
Mynews.az musavat.com-a istinadən xəbər verir ki, spiker 2016-cı illə bağlı hesabatın vaxtında parlamentə daxil olduğunu dedi. Həmçinin Azərbaycan iqtisadiyyatının ötənilki durumu ilə bağlı məlumat verdi: “ÜDM istehsalında qeyri-neft sektorunun payı 63,4 faiz təşkil edib. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının ”doing biznes" hesabatında işgüzar mühitin əlverişliliyinə görə Azərbaycan 190 ölkə arasında 65-ci yerdə qərarlaşıb. Dörd göstərici üzrə Azərbaycan ilk pillələrdə yer alıb. Ötən il sosial infrastruktur layihələrinin həyata keçirilməsinə 15 milyard manat vəsait yatırılıb".
Milli Məclisdə 2016-cı il dövlət büdcəsinin icra vəziyyəti ilə bağlı hesabatını təqdim edən Baş nazir Artur Rasi-zadə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı yeni təyinatı ilə əlaqədar təbrik etdi. Baş nazir bu təyinatı yüksək qiymətləndirdi: “Fürsətdən istifadə edib ölkənin birinci xanımı Mehriban xanım Əliyevanı Azərbaycanın birinci vitse-prezidenti təyin olunması ilə əlaqədar təbrik edirəm və ona yüksək dövləti vəzifəsinin icrasında müvəffəqiyyətlər arzulayıram”. A.Rasi-zadə ötən ilin aprel döyüşlərindən də bəhs etdi. “2016-cı ilin aprel döyüşləri ölkəmizin şərəf səhifəsidir. Bu, uzunmüddətli sülh danışıqlarından başqa hərb variantının da mövcud olduğunu ortaya qoydu. Həmçinin bu hadisələr Azərbaycan əsgərinin qələbə əzmini nümayiş etdirdi”. Baş nazir Azərbaycan prezidentinin 2016-cı ilin dərin iqtisadi islahatlar ili kimi dəyərləndirdiyini və islahatların davamı üçün qaşıya vəzifələr qoyduğunu bildirdi. Sonda o, Novruzla bağlı təbriklərini çatdırdı, ölkəyə bərəkət arzuladı.
“Məndə olan məlumata görə, Novruz bayramında təkcə İrandan Azərbaycana 500 avtobus turist gələcək. İran tərəfdə isə bir növbəli 8 saatlıq iş vaxtı müəyyənləşib. Belə olan halda, görün ki, orada nə cür pis vəziyyət yaranacaq. İnsanlar günlərlə gömrükdə qalacaqlar. Bu da turistlərdə hələ ölkəyə daxil olmamış pis təəssürat yaradacaq”.
Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bu fikirləri parlamentdə hökumətin iştirakı ilə keçirilən iclasda bildirdi. Əlavə etdi ki, ona görə də gömrükdəki zəruri məsələnin həlli üçün Azərbaycvan hökumətinin qonşu ölkənin müvafiq qurumları ilə tədbirlər görməsi çox yaxşı olardı. Bakı-Astara yolu ilə bağlı acınacaqlı durumdan bəhs edən H.Rəcəbli problemin aradan qaldırılması zərurətindən danışdı.
Deputat Musa Qasımlı təmsil olunduğu dairənin problemlərindən danışdı: “Yardımlı rayon əhalisi Yardımlı şəhər mərkəzinə bitişik kəndlərin, o cümlədən qaz boru kəmərlərinin tikintisi üçün relyef baxımdan çətinlik törətməyən ərazidə yerləşən Osnağaran-Anzov-Hamarkənd-Abasabad və başqa kəndlərin qazlaşdırılmasını əhali "Azəriqaz" rəhbərliyindən səbirsizliklə gözləyir. Yardımlı rayonunda kənd yollarının tikintisi işlərini uğurla həyata keçirdiyi üçün “Azəravtoyol”un sədri hörmətli Saleh Məmmədova təşəkkür edirəm. Eyni zamanda Yardımlı-Bozayran-Bürzümbül-Bilnə-Vərgədüz yolunun asfaltlanmasını da xahiş edirəm". M.Qasımlı bundan sonra Yardımlı və Masallı arasındakı yeganə yolun dağılması ilə bağlı da hökumətdən yardım istədi: “Yardımlı-Masallı avtomobil yolu əsası qoyulandan bəri heç bir zaman normal asfalt görməyib. Yalnız cənab prezidentimiz İlham Əliyev Yardımlıya ilk dəfə səfər edərkən əhaliyə böyük bir hədiyyə etdi. Yardımlı-Masalı avtomobil yolu müasir bir asfalt gördü. Lakin bu yol hansısa şirkətin dağları yarıb Ələt-Astara avtomobil yoluna material daşıması nəticəsində yol bərbad hala düşüb. Düzdür, yol tikintisini həyata keçirən şirkət yolu sonda asfalt edəcəyini öhdəlik kimi üzərinə götürsə də, bu iş indiyə qədər görülməyib. Seçicilərin cənab prezidentimizin Yardımlı sakinlərinə olan hədiyyəsini müvafiq şirkətin layiqli bir şəkildə bərpa edəcəyini gözləyir”.
Deputat Əflatun Amaşov seçicilərinin problemlərindən bəhs etdi: “Təsəvvür edin ki, deputatı olduğum Saatlı rayonu üzrə 60 ali təhsilli həkim, 100-ə yaxın tibb bacısı yeri boşdur. Bu rəqəmlər çox düşündürücüdür. Məndə olan məlumatlara görə, başqa yerlərdə də demək olar, oxşar mənzərə müşahidə edilməkdədir. Təsəsvvür edin ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayondakı şöbəsində burun-boğaz-qulaq həkimləri belə kənardan gətirilir. Vəziyyət belə davam etsə, 10-20 il sonra nələrin baş verəcəyini düşünmək sadəcə qorxuncdur. Hesab edirəm ki, Azərbaycan hökuməti məsələyə xüsusi diqqət yetirməlidir”.
Ə.Amaşov dedi ki, ƏDV-nin tətbiqi medianın iqtisadi durumuna mənfi təsir göstərməkdədir: “KİV məhsullarının ƏDV-yə cəlb edilməsindən əldə edilən gəlir elə də yüksək deyil. Cəmi yarım milyon manat. Bu, cüzi rəqəmdir. Belə olan halda medianın istisadi durumu və onun yerinə yetirdiyi ictimai missiya nəzərə alınmalıdır. Mən bir daha təklif edirəm ki, mətbuatın indiki durumunu nəzərə alaraq ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları üzərindən əlavə dəyər vergisi aradan qaldırılsın. Hər kəsi bu təklifimi dəstəkləməyə çağırıram”.
“2016- ci ildə yaranmış vəziyyətdən çıxmaq üçün bir sıra tədbirlər görülüb. Beynəlxalq Valyuta Fondu ötən il iqtisadiyyatımızda 2,5 faiz artım olacağını proqnozlaşdırmışdı. Ancaq hökumət bu rəqəmi 1,8 faiz olacağını vurğulamışdı. Amma təəssüf ki, ötən il artım əvəzinə 3,1 faiz enmə müşahidə olunub. İlk növbədə islahatlar xalqa çatdırılmalı və onlar tərəfindən dəstəklənməlidir. Bunun üçün İTV-də Rusiyada olan biznes kanalı formasında olan bir blok yaradılsın və əhali iqtisadi proseslərlə bağlı məlumatlandırılsın. Rayonlarda yeni iş yerlərinin açılması istiqamətində işlər görülməlidir”. Bu fikirləri deputat Əli Məsimli söylədi.
Deputat Fərəc Quliyev isə xərclənmələrə həssas yanaşmağı zəruri saydı: “Elə nazirliklər var ki, təmir işlərinə on milyonlarla vəsait sərf edirlər. Hansı ki, bu qədər vəsaitə üç kənd salmaq olar. Xahiş edirəm vəsaitlərin qənaətlə xərclənməsi məsələsinə ciddi diqqət yetirilsin. Biz müharibə aparan dövlətik”.
Deputat Fəzail Ağamalı isə hökumətin diqqətini bazarlardakı bahalığa çəkməyə çalışdı: “Bazarlar od tutub yanır. Ətin, tərəvəz məhsullarının, digər ərzaq mallarının qiyməti durmadan qalxır. Mövcud problemlərin həlli üçün təcili tədbirlər görülməlidir. Ölkədə maliyyə çətinlikləri var”.
Deputat Siyavuş Novruzov isə “Vətəndaşların əziyyət çəkməməsi üçün süni qiymət artımının qarşısı alınmalıdır. Məsələn, banklar dollar depozitini 3 faizlə götürür, vətəndaşa 24 faizlə verirlər” - deyə qeyd etdi: “Vətəndaşın bu kreditləri qaytarması çətindir. Onlar hansısa əsasla bunu edirlər. Vətəndaşı soymaq olmaz, belə olanda vətəndaş hüquq-mühafizə orqanları ilə qarşı-qarşıya qalır. Prezident İlham Əliyevin dediyi kimi, hər şey vətəndaş üçün olmalıdır. Vətəndaşı niyə qorumamalıyıq”. Deputat ardınca struktur islahatları ilə bağlı fikirlərini açıqladı: “Azərbaycanda bu gün 18-19 nazirlik var. Ancaq bəzi nazirliklərinin regional idarələri mövcuddur. Ölkənin nazirliyi hökumətin strukturudur. Əgər lazımdırsa, nazirliklərin hamısının regional idarələri yaradılsın. Kimsə axşam yatıb səhər durub deyir ki, mən öz struktrumun regional idarələrini yaratdım”.
Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə isə Tarif Şurasını tənqid etdi. Bildirdi ki, Tarif Şurasının ötən ilin noyabr ayında verdiyi qərar seçildiyi Neftçala rayonundakı yod-brom zavodunun fəaliyyətini iflic edib.
Deputat Naqif Həmzəyev Gəncə-Naxçıvan aviareysinin bağlanmasına, o cümlədən hava limanlarında Gəncə adının hələ də “Kirovabad” kimi qeyd olunmasına narazılığını bildirdi.
Deputat Sahib Alıyev cəbhə bölgəsində yerləşən Tərtərin problemləri ilə bağlı hökumətə müraciət etdi. Həmçinin Tərtərin yetirməsi olan, erməni terrorçuları tərəfindən qətlə yetirilən və Tiflisdə dəfn edilən keçmiş daxili işlər naziri Beyhbud Ağa Cavanşirin 170 illiyi ilə bağlı təkliflərini verdi.
Deputat Tahir Kərimli Quba-Şamaxı yolu ilə bağlı problemlərin həllinə çağırdı. Deputat Ağsu yolu ilə bağlı acınacaqlı durumun aradan qaldırılması üçün işlər görməyə çağırdı.
Deputat məktəblərdə kişi müəllimlərin çatışmaması ilə bağlı problemdən də danışdı.
Deputat Yevda Abramov da problemlərdən danışdı: “Bu gün məni yenə də narahat edən bu başı batmış valyutadır. Samir müəllim, Elman müəllim, Rüfət müəllim, satışla alış arasında heç vaxt bu qədər fərq olmayıb! Bununla bu millətin belini qırırıq. Banklar bədbəxt oldu, bir neçə nəfər tutuldu, sonra nə oldu? Bir qrup insan bizə mane olur, onlar kimlərdir, mən bilmirəm. Bunlara son qoymaq lazımdır”.
“Daha almadan danışmayacağam, alma sözünü dilə gətirməyəcəyəm. Azərbaycanın albalı şirəsi, üzüm yarpağı da valyuta qazandıra bilər”-deyə, əlavə etdi.
Y.Abramov ardınca həmkarlarına üz tutdu verdi: “Deputatlara qarşı da iradlarım var, müsahibə verirlər ki, aprelin 15-nə kimi 6 vitse-prezident seçiləcək. Adları adlandırmaqla ya kadrlarımızı vurur, ya da onları gözə soxurlar. Bu barədə yalnız prezident qərar verə bilər”. “Mən bir dəfə görmədim ki, bizim bu maliyyə triosunun nümayəndələri televiziyaya çıxıb sadə dillə xalqa vəziyyəti izah etsinlər”.
“Mən 28 May ətrafında yaşayıram. Bir aydan artıqdır ki, oradakı binaları üzləyirlər. Binanın yola baxan hissəsi üzlənir, digər hissəsi isə təmir olunmur. Adam düşünür ki, bu binalar niyə belə ikiüzlüdür?”
Bu fikirlər isə deputat Zahid Oruca məxsusdur. O, hökumətin fəaliyyəti ilə yanaşı, həm də nəzarət funksiyasını icra etməli olanları tənqid etdi: “Sonra da deyirik ki, iki nazrilik ətarfında cinayətrlər baş verib. Bəs, biz onda hardaydıq? Bu parlamentdə olmuşuq. Biz on illərdir bu parlamentdəyik. Banklara görə yüz minlərlə insan məhkəmə çəkişmələrindədir. Mərkəzi Bank öz ehtiyatında olan 15 milyarddan 10 milyardını xərcləyib, üztəlik kredit götürmüş vətəndaşın da vəziyyəti ağırlaşıb. Ümumilikdə dövlətin 20 milyard manat vəsaitini xərcləməklə manatın kursunu saxlamaq mümkün olmadı. Bu məsələlərdə hökumətmizin günahı var. Biz bunu deyəndə qəbahətmi olur?” Z.Oruc daxili istehsalın az faizdə olmasına da diqqət çəkib: “Bizdə istehsal olunan yağın 40 faizi, makaron və un məmulatlarının 50 faizi xaricdən gəlir. Halbuki bunun mühüm bir hissəsini daxildə istahsal etmək mümkün idi”. Ardınca “Bakı və Abşeron yarımadası ərazimizin 10 faizini təşkil edir. Amma əhalimizin 40 faizi burada məskunlaşır”-deyə, real durumdan bəhs etdi. Z.Oruc sonra üzünü Baş nazirə tutdu: “Hörmətli Artur müəllim, yeni baş nazir nə vaxt, kim təyin olunacaq, bunu cənab prezident bilir. Amma yeni baş nazir sizin müsbət xüsusiyyətlərinizi qoruyub-saxlasa, bu, dövlətin xeyrinə olacaq”.
Deputat Musa Quliyev dərman preparatlarının ölkəyə gətirilməsi ilə bağlı təklif irəli sürdü. Dedi ki, həyati vacib olan 300 və ya 500 adda dərman preparatlarının ölkəyə gətirilməsini dövlət üzərinə götürməlidir: “Qalan preparatlar isə sərbəst şəkildə gətirilsin. Bu gün valyuta bazarında baş verənlər dərmanların qiymətinə təsir edir”.
Deputat Elman Nəsirov Ağdaşdakı Qarabağ əlili və şəhid ailəsi olan şəxslərin problemlərinin həlli üçün xahiş etdi.
Deputat Qənirə Paşayeva tələbə yataqxanalarının olmaması problemindən bəhs etdi: “18 min tələbəsi olan Bakı Dövlət Universitetinin bir dənə tələbə yataqxanası yoxdur. Ailələr övladlarına yemək, geyinmək xərcimi versin, yoxsa kirayə xərci versin? Bakıda kirayə haqlarının nə qədər baha olduğunu da hər kəs bilir. Ona görə də xahiş edirəm hökumət bu məsələyə diqqət ayırsın”.
Ardınca xanım deputat nazir Ramin Quluzadəyə xitabən ictimai nəqliyyatdakı problemlərdən danışdı: “Bir neçə gün bundan əvvəl Bakı-Sumqayıt yolunda qanunsuz ictimai nəqliyyatın başımıza gətirdiyi fəlakəti hamımız gördük. Ona görə də bu sahəyə diqqət ayırmağa ehtiyac var”.
Bundan sonra spiker dedi ki, 28 deputat çıxış edib, hamı hesabatı məqbul hesab edib. Parlament hesabata səs verdi və iclas bitdi.