DYP-dən polislə sürücünün mübahisəsi ilə bağlı açıqlama İkisi də cəzalandırıldı

840
DYP-dən polislə sürücünün mübahisəsi ilə bağlı açıqlama İkisi də cəzalandırıldı

Sosial şəbəkələrdə Qobustan rayon yol polisi əməkdaşlarının “Shacman” markalı yük avtomobilini saxlayaraq sürücünü zorla öz maşınlarına əyləşdirməyə cəhd etməsi ilə bağlı görüntülər yayılıb. Bu zaman tərəflər arasında insident yaranıb. DYP əməkdaşları sürücüdən əmrə tabe olmasını tələb ediblər.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev məsələ ilə əlaqədar Mynews.az-a bildirib ki, həm sürücüyə, həm də polis əməkdaşına cəza verilib:

“Hadisə iyunun 1-də Qobustan ərazisində olub. Kürdəmir sakini yükdaşıma qaydasını pozduğuna görə saxlanılıb. Amma sürücü polis əməkdaşlarına tabe olmayıb. Belə ki, nə sürücülük sənədlərini verib, nə də mərkəzi informasiya sistemində onun şəxsiyyətini müəyyən etmək üçün lazım olan ad və soyadını bildirib. Bunların hamısının görüntüsü də var. Biz artıq onunla bağlı araşdırma aparmışıq.

Ümumiyyətlə, sürücü saxlandığı zaman polislərə tabe olmayıb, şəxsiyyətini müəyyənləşdirmək üçün polisə aparılanda da əməkdaşlara qarşı müqavimət göstərib. Daha sonra həmin şəxs haqqında Qobustan məhkəməsində polisə müqavimət göstərdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə qərar çıxarılıb”.

K.Əliyev qeyd edib ki, polis əməkdaşı da onunla ünsiyyət zamanı müxtəlif qeyri-etik ifadələrə yol verdiyinə görə intizam məsuliyyətinə cəlb olunub:

“Burada birtərəfli cəza verilməyib. Həm əməkdaşa cəza verilib, həm də vətəndaş məsuliyyətə cəlb olunub. İnspektor onunla uzun müddət çox mədəni rəftar edib. Sürücü onu polis bölməsinə aparan əməkdaşlara müqavimət göstərib, qızışdırıcı ifadələr işlədib. Bunu da qəsdən edib. Bu vaxt isə əməkdaş dözməyərək qeyri-etik ifadələr işlədib”.

Xəbər lenti