Bakı ermənisi Bakıya gəldi

801
Bakı ermənisi Bakıya gəldi

Rusiya vətəndaşı, Bakı doğumlu erməni Erik Xaçaturov yenidən Azərbaycana gəlib. O, videomüsahibəsində Bakı üçün darıxdığını vurğulayıb və bir çox Bakı ermənisinin bura gəlmək arzusu ilə yaşadığını qeyd edib. Xaçaturov 2017-ci ildə də Bakıda olub. O, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının üzvüdür.

BAKU.WS musavat.com-a istinadən xəbər verir ki, Xaçaturov münaqişədən qabaq “Qara Qarayev” metrosu ətrafında, “Sevinc” kinoteatrı yaxınlığındakı binalardan birində yaşadığını və oraya baş çəkdiyini söyləyib. O, Azərbaycana səfər edən ilk erməni deyil. Bəs onlar bura necə gəlirlər, hansı qeydiyyat proseduru keçirlər? Bu zaman Ermənistana səfərlərinə hər hansı problem yaranırmı? Məsələn, Rusiya, Gürcüstan və ya başqa dövlətin vətəndaşı olan azərbaycanlı Ermənistana, Qarabağa gedə bilərmi?


İtkin düşənlərin axtarışı, əsir və girovların azad edilməsi üzrə Beynəlxalq İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Əvəz Həsənov qeyd etdi ki, bura gələnlərin əksəriyyəti Rusiya vətəndaşları və Ermənistanla əlaqəsi kəsilmiş adamlardır. Onun sözlərinə görə, həmin şəxslər Ermənistana heç səfər eləmirlər: “Ona görə ciddi problem yaranmır. İkincisi, Ermənistanda bu səfərlərə yumşaq yanaşırlar və ciddi əhəmiyyət vermirlər. Əgər həmin erməni Bakıda siyasi bəyanat verərsə, Xocalı abidəsini ziyarət edərsə, hansısa prosesdə iştirakı olarsa, Ermənistanda ona qarşı kampaniya başlaya bilər”.


Hüquq müdafiəçisi bildirdi ki, ermənilər Azərbaycana tam sərbəst gələ bilmirlər: “Hökumət icazə verib ki, Rusiya vətəndaşı olan erməni ölkəyə gələ bilər. Amma asan prosedur deyil, bu haqda əvvəlcə xüsusi xidmət orqanları məlumatlandırılır, sonra onların Azərbaycanda hərəkəti  xüsusi xidmət orqanı əməkdaşları tərəfindən müşayiət edilir. Eyni zamanda hansısa beynəlxalq konfransa gəliblərsə, dövlət səviyyəsində mühafizəsi təşkil olunur”.

Əvəz Həsənov: “Gedib-gəlməklə uduzmuruq, əksinə, Ermənistanda aqressiyanı azaldırıq”

Ə.Həsənov Ermənistan-Azərbaycan Sülh Platformasının hər iki ölkənin hökumət başçıları və ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən dəstəkləndiyini vurğuladı: “Hər iki hökumət sülhə hazırlıqda, xalq diplomatiyasında maraqlı görünür. Çünki hansısa taleyüklü qərar zamanı xalqdan razılıq almalısan. O halda xalqı veriləcək qərara və razılığını almağa hazırlamalısan. Bu, Ermənistana da aiddir. Onlar torpaqların Azərbaycana qaytarılması barədə qərar verəcəksə, erməni xalqı yumşalmadan belə bir iş baş verməyəcək. Ona görə sülhə hazırlıq üçün investisiya qoyulur. Lakin bu, o demək deyil ki, xalqlar asanlıqla təslimçiliyə qol çəkəcək. Sadəcə, hökumətlər işi asanlaşdırır ki, xalq da bu prosesdə iştirak eləsin. Bu baxımdan QHT, media nümayəndələrinin Ermənistana səfərləri olmalıdır. Gedib-gəlməklə uduzmuruq, əksinə, Ermənistanda aqressiyanı azaldırıq. Ümumiyyətlə, hər iki cəmiyyət bir-birinə kömək etməlidir”.


Akif Nağı: “Xalq diplomatiyası vaxtı keçmiş və ya vaxtı çatmamış məsələdir”

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı qəzetimizə söylədi ki, xalq diplomatiyası vaxtı hələ çatmamış məsələdir. Onun sözlərinə görə, torpaqlar işğaldan azad olunmamış sülh diplomatiyasından danışmaq tezdir: “Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edir ki, Qarabağ Ermənistandır və erməni xarici işlər naziri onun fikirlərini təsdiqləyir, kimlərsə hələ sülh platformasından danışır. Qarabağ Azadlıq Təşkilatı əvvəl də bu mövqedə olub, bu gün də düzgün olduğumuz təsdiqlənir ki, torpaqlar hərb yolu ilə azad edilməlidir. Biz əvvəldən bəyan eləmişik ki, sülh platforması səhvdir. Sadəcə, bu səfərlərdə maraqlı olan kimlərdir bilmirik. Çünki xalq diplomatiyası vaxtı keçmiş və ya vaxtı çatmamış məsələdir. Biz torpaqları alaq, sonra bu haqda danışarıq. Zaman göstərdi ki, xalq diplomatiyası özünü doğrultmadı, iflasa uğradı”.

A.Nağı yada saldı ki, Bakıya gələn bir neçə erməni burada başqa çıxışlar ediblər, Azərbaycandan getdikdən sonra öz xislətinə uyğun danışıblar: “Görünür, kimlərinsə bu platformanın qalmasında marağı var. Ən çox da ermənilər istəyir ki, dialoq görüntüsü yaransın”.

Qeyd edək ki, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması Tiflisdə təsis edilib. İlk dəfə olaraq 5 erməni, 5 azərbaycanlı, habelə ATƏT-in Minsk Qrupuna daxil olan digər 9 ölkənin hərəsindən 1 nəfər olmaqla, 19 nəfərlik İdarə Heyəti formalaşıb. Bundan başqa, 14 ölkəni təmsil edən 29 nəfərlik Ekspertlər Şurası fəaliyyətə başlayıb. Ekspertlər hesab edir ki, bu, sülh yaratma prosesində yeni situasiya deməkdir.

Sülh Platformasının əsası 6 dekabr 2016-cı ildə qoyulub. Bu ideya ondan yarandı ki, Ermənistanı tərk edən bir neçə erməni fəalı və Avropadakı bir qrup erməni bəyanat verdilər ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası doğru deyil və iki xalq barışmalıdır. Həmin ermənilərin bu çağırışları Azərbaycan hakimiyyəti və cəmiyyətinin əksər hissəsi tərəfindən müsbət qarşılandı. Platformanın hazırkı məqsədi hər iki ölkənin vətəndaş cəmiyyətləri arasındakı dialoqun genişləndirilməsinə nail olmaqdır. 

Xəbər lenti