Dövlət yer üzündəki həyatı cənnətə çevirmək üçün yox, onun tamamilə cəhənnəmə çevrilməsinin qarşısını almaq üçündür.
Nikolay Berdyayev
Dövlət adamı necə olmalıdır? Kimlər dövlət adamı ola bilər? Hər kəsdən dövlət adamı olarmı, yaxud hər məmuru dövlət adamı saymaq olarmı? Dövlət adamı olmaq üçün nələri oxuyub-öyrənmək, hansı ali məktəblərdə təhsil almaq lazımdır? Yoxsa təhsilin, ixtisasın elə bir önəmi yoxdur, bu, sadəcə fitri istedaddır, xarakterdir?..
Bu suallar zaman-zaman hamımızı düşündürür. Ən azından gənclər kitablarda hansısa dövlət xadimi haqqında oxuyanda, televizorda, son zamanlar artıq İnternetdə sanballı, nümunəvi bir siyasətçi, dövlət məmuru görəndə onlara bənzəmək, onlar kimi olmaq üçün istər-istəməz nələrin tələb olunduğu haqda fikirləşir, yaşlı insanlar övladlarını onlar kimi görmək istəyir, uşaqlarına onların adlarını verirlər.
Azərbaycanlılar arasında bu ənənənin tarixi qədimdir. Soydaşlarımız öz övladlarına müasirləri olduqları və tarixi şəxsiyyətlərin, dövlət xadimlərinin adlarını verməyə çoxdan başlayıblar. Odur ki, xalqımız arasında həm tarixən, həm də çağdaş dövrdə çoxlu isgəndərlərə, tomrislərə, cavanşirlərə, məhəmmədlərə, əlilərə, hüseynlərə, həsənlərə, babəklərə, çingizlərə, eldənizlərə, teymurlara, xətailərə, ismayıllara, nadirlərə, cavadlara, mustafalara, kamallara, heydərlərə, ilhamlara rast gəlinir. Dövlət başçılarının, sərkərdələrin adının övladlara qoyulması, şübhəsiz, insanımızın dövlətə, dövlət adamlarına sayğısının, onları sevməsinin, pərəstiş etməsinin göstəricisidir.
Ancaq etiraf etməliyik ki, dövləti, dövlət rəhbərlərini sevmək, onlara sayğı göstərmək, pərəstiş etmək heç də dövlət fəlsəfəsini, dövlət adamı təfəkkürünü, davranışını, ritorikasını hər zaman və düzgün anlamaq, qiymətləndirmək anlamına gəlmir. Daha mühüm bir məsələ dövlətin yükü, verilən qərarların bütün məsuliyyətinin təkcə dövlət başçılarının üzərində olmaması, idarəetmədə əyanların, yəni məmurların, komanda üzvlərinin də mühüm rol oynamasıdır. Dövlətin idarə olunmasında ikinci, üçüncü, hətta beşinci, onuncu, iyirminci pillədə dayanan xadim və məmurlar ona böyük uğurlar da gətirə bilər, uğursuzluqlar gətirib, hətta xəyanətlər edib, dövləti süquta da apara bilərlər. Onların fəaliyyəti çox zaman səhnə arxasında olur və yalnız nəticələri “anonim” şəkildə ortaya çıxır, müəlliflik hüququ, hər hansı dividend və mükafatlar qazandırmır. Bu səbəbdən xalq da bəzən onları o qədər tanımır, tanısa da, çox zaman zahirən nəzərə çarpmayan fəaliyyətindən xəbərdar olmur, xəbərdar olsa belə, bu fəaliyyətin mahiyyətini yetərincə anlaya bilmir.
Ta qədimdən ağıllı və tədbirli dövlət başçıları öz bilik və bacarıqlarına, fəhm və məntiqlərinə nə qədər əmin olsalar da, “ağıl ağıldan üstün olar” prinsipinə əməl etmiş, məsləhətləşmələrə önəm vermiş, müdrik vəzirlərin, strateqlərin, müşavirlərin, köməkçilərin məsləhətlərindən dövlətin xeyri üçün faydalanmışlar.
Səlcuq sultanları Alparslan va Məlikşahın vəziri olmuş Xacə Nizamülmülk Şərq tarixində müdrik, uzaqgörən vəzir kimi tanınaraq, dövlətin iqtisadi qüdrətinin artmasında, ordunun möhkəmlənməsində, ölkənin mədəni həyatında çox mühüm rol oynayıb. Onun “Siyasətnamə” əsəri “dövləti idarə etmək haqqında kitabdır“ və dövlət işləri ilə məşğul hər kəsin faydalandığı elmi mənbədir.
Dünyanın böyük fatehlərindən biri olan Napoleon Bonapartın hakimiyyətə gəlməsində Fransanın xarici işlər naziri Taleyranın böyük rolu olmuşdur. Məhz Taleyranın istedadı sayəsində Avropada qüvvələr nisbətini öz xeyrinə dəyişə biləcəyini dərk edən İmperator Napoleon onu öz vəzifəsində saxladı. Çünki Taleyran diplomatik oyunlardan yaxşı baş çıxarır, çətin vəziyyətlərdən məharətlə çıxırdı. Napoleonun Rusiyaya yürüşü müvəffəqiyyətsizliklə nəticələndikdən sonra Antifransız koalisiyası başda I Aleksandr olmaqla Fransa ərazisinə soxuldu. I Aleksandr və Prussiya kralı Taleyran ilə görüşdülər və burada Taleyran onları Fransa taxt-tacını Burbonlara həvalə etməyin zərurətinə inandıra bildi. Yeni kral XVIII Lüdovik paytaxta gəldi və Taleyran xaric işlər naziri vəzifəsini qoruyaraq, Napoleondan aldığı bütün titulları saxladı.
Postnapoleon Avropasının taleyinin həll olunduğu Vyana konqresində (1814) də Fransanı məhz Taleyran rəsmi təmsil edirdi. Burada da Taleyran çevik və inamlı davranaraq, ölkəsinin və özünün nəfinə bir sıra mühüm qərarların qəbuluna nail olmuşdu.
Dünya siyasəti və dövlətçiliyi tarixində bu cür misalların sayı çoxdur. Ancaq qeyd etmək lazımdır ki, öz çevik və ağıllı fəaliyyətləri ilə xalqlarına və dövlətlərinə sədaqətlə xidmət etmiş və bununla tarixə adlarını yazmağı bacarmış dövlət xadimləri haqqında həmişə müsbət fikirlər deyilməyib. Onların fəaliyyəti, xüsusilə də, sağlıqlarında hamı tərəfindən və tam olaraq başa düşülməyib və təqdir olunmayıb. Onlar dövlət adamı kimi ümumən müsbət xarakterizə olunsalar da, haqlarında dedi-qodular, şaiyələr dolaşıb, doğruluq və ya yanlışlıq dərəcəsi tam aydın olmayan söz-söhbətlər gəzib, günümüzə qədər gəlib çıxıb.
Misal üçün, Nizamülmülkü “zalımların ən yaxşısı” adlandırırlar, deyilənə görə o, Səlcuqilər dövlətinin möhkəmlənməsi üçün əlindən gələni etsə də, fars aristokratlarını, öz yaxınlarını işə düzəltmək xüsusunda çox diribaş tərpənirmiş. On iki oğlunun hamısına yaxşı vəzifə veribmiş. Bəzən əməlləri o qədər qabarıq olurmuş ki, adamları qıcıqlandırırmış. Taleyranın adı az qala riyakarlığın, çevikliyin, hiyləgərliyin, prinsipsizliyin simvoluna çevrilib. Bununla belə, hər ikisinin dövlət işləri üçün önəmli fəaliyətlərinin olduğunu hamı etiraf edir.
Dövlət isə bəşəriyyətin yaratdığı ən mühüm qurum, sosial-siyasi institutdur. Nikolay Berdyayevin fikrincə, dövlət yer üzündəki həyatı cənnətə çevirmək üçün yox, onun tamamilə cəhənnəmə çevrilməsinin qarşısını almaq üçün mövcuddur. Bu baxımdan xalqın dövlət məmurlarını cənnət mələkləri kimi görmək xəyalları da elə cənnətin özünü görmək qədər utopikdir. Doğrudur, onların haradasa uzaqlarda, biz olmayan yerlərdə varlığı haqda dövriyyəyə mütəmadi olaraq təbliğat xarakterli informasiyalar buraxılır, ancaq gözüylə görən və əliylə toxunan olmayıb. Zənnimcə, ən yaxşı dövlət və dövlət məmuru öz xalqına cəhənnəmi yaşamağa imkan verməyəndir.
Bu mənada biz azərbaycanlılar özümüzü xoşbəxt olmasa da, arxayın və əmin-amanlıqda hiss edə bilərik. Problemlərimiz var, ancaq onları həll etmək üçün sabit həyatımız, imkanlarımız da yox deyil. Həyat mübarizədir, ancaq bu mübarizəni silahla, qan-qada ilə yox, dinc yolla, danışıb-dartışmaqla, yollaşmaqla aparmaq üçün şəraitin olması bir lütfdür. Bu şəraiti bizə, necə deyərlər, göydə Tanrı, yerdə dövlətimiz, onun başçısı, rəhbərləri yaradıblar. Biz onları bəzən bəyənməsək də, tənqid də etsək, zənnimcə, onlar bizim maraqlarımızı, təhlükəsizliyimizi özümüzdən daha yaxşı qoruyur, onları anlamamağımızı, dərk etməməyimizi, qiymətləndirməməyimizi çox zaman bizə bağışlayırlar.
Apardığım uzunmüddətli müşahidə və təhlillərdən sonra belə bir qənaətə gəlmişəm ki, Prezident İlham Əliyev başda olmaqla Azərbaycanın dövlət adamları ümumən düzgün yoldadırlar. Dövlətimizin inkişaf strategiyasını, siyasi, hərbi təhlükəsizlik doktrinasını, iqtisadi yüksəliş modelini müəyyənləşdirən, tətbiq edən insanlar xalqımızın ən seçmə övladlarıdır və onlardan biri də Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, hörmətli professor Əli Həsənovdur.
Əli Həsənov haqqında yazmağa niyə qərar verdim? Çünki ona münasibətdə yazının əvvəlində qeyd etdiyim bəzi məsələləri şəxsən yaşamışam və siyasətlə maraqlandığımdan, onun fəaliyyətini, çıxışlarını, fikirlərini daim izləmişəm.
Etiraf edim ki, əvvəllər bir qədər təcrübəsizlikdən, bir qədər informasiyasızlıqdan, bir qədər dövlət fəlsəfəsini, dövlət məntiqini və ritorikasını düzgün qiymətləndirməməkdən, əsasən də, kənardan sel kimi axıb bizi altına alan təbliğatın, bu marginal təbliğatı daim at üstündə, diri saxlayan missionerlərin təsiri ilə mən də bir çoxları kimi, Əli Həsənovun fəaliyyətini bəyənmir, hərdən onu “tənqid edirdim”. “Tənqid edirdim” söz birləşməsini ona görə dırnaqda yazıram ki, əslində buna tənqid də demək olmaz. Çünki tənqid elmi anlayışdır və konstruktiv xarakterdə olmalıdır, belə olması üçün elmi, informativ dəlillərlə əsalandırılmalıdır. Vaxtilə mənim də xoş niyyətlə, amma kor-koranə qoşulduğum müxalif axın isə, haradansa ortaya atılan mücərrəd demokratik prinsiplərə əsaslanaraq deyirdik ki, məsələn, Əli Həsənov mətbuatı öz inhisarına alır, onun azadlığını məhdudlaşdırır, medianın ələ alınması üçün hansısa şirnikləndirici tədbirlərə əl atır. Bu fikirlər bu gün də gündəmdədir və müxalif cameə onları hər gün səsləndirməkdən usanmır. Ancaq gəlin görək bu tənqidlərin elmi, politoloji əsasları nə dərəcədə etibarlıdır. Gəlin ətrafa bir qədər diqqətlə nəzər salaq, düşünək və öz-özümüzə sual verib, obyektiv cavablandıraq. Dünyada tam azad mətbuat, media varmı? Varsa, haradadır o mətbuat və media? ABŞ-damı, Avropadamı? O “azad” dediyimiz media korporasiyaları – BBC, CNN, “Amerikanın Səsi”, “Azadlıq radiosu” nə dərəcədə müstəqil fəaliyyət göstərir, dünyada, öz ölkələrində baş verən hadisələri nə dərəcədə düzgün, obyektiv işıqlandırır, təhlil edirlər? Gəlin görək həmin media qurumları istənilən məsələyə münasibətdə öz dövlətlərinin siyasətindən fərqli münasibət sərgiləyirlərmi? Bunu nə zaman ediblər? Bəlkə, Vyetnam və Əfqanıstan müharibələri zamanı? Bəlkə İraq – İran müharibəsində? Bəlkə SSRİ dağılarkən? Bəlkə İraq işğal olunarkən? Bəlkə Ukrayna hadisələrinə münasibətdə? Bəlkə həmin media qurumları Qarabağ məsələsini obyektiv işıqlandırır, azərbaycanlıların məruz qaldığı işğal və haqsızlıqla bağlı həqiqətləri dünyaya çatdırırlar? Qətiyyən! Onlar bütün bu məsələlərdə öz dövlətlərinin mövqeyindən çıxış ediblər, öz dövlətlərinin siyasi-strateji xəttini müdafiə ediblər. Bu gün də bunu davam etdirirlər və əgər belə olmasaydı, ermənilər çoxdan işğal olunmuş torpalarımızı tərk etmək zorunda qalardılar.
Belə olduğu halda, niyə Azərbaycan dövləti, onun ictimai-siyasi məsələlərinə cavabdeh olan dövlət məmuru ölkə mətbuatının başqa dövlətlərin, xaricdəki müxtəlif dairələrin, qruplaşmaların, şirkətlərin təsiri altına düşməsinə və öz dövləti əleyhinə işləməsinə yol verməlidir? Gerçəklik isə ondan ibarətdir ki, dövlət öz ərazisində fəaliyyət göstərən qurumlara nəzarət etməzsə, yaxud bu nəzarəti itirərsə, həmin qurumlar hökmən xarici və düşmən qüvvələrin təsiri altına düşməyə məhkumdur.
Bizdə azad mətbuat deyəndə müxalif fikirli insanların və kor-koranə şəkildə onların təsirinə düşənlərin təsəvvüründə ilk növbədə “Amerikanın səsi” və “Azadlıq radiosu” canlanır. Halbuki bu media orqanları heç dolayısı ilə də deyil, birbaşa olaraq ABŞ-ın dövlət qurumları (səhv etmirəmsə, Pentaqon) tərəfindən maliyyələşirlər və təcrübə göstərir ki, həmin media qurumları Azərbaycandakı problemləri yalnız öz dövlətlərinin dünya ağalığı strategiyasına sərf edən formada işıqlandırır, xalqı, hakimiyyətdən narazı insanları radikallaşdırır, ölkəmizi gərgin duruma gətirməyə cəhd göstərərək bulanıq suda balıq tutmağa çalışırlar. Onlar narazı kütlə, müxalif qüvvələr vasitəsilə hakimiyyətə təzyiq edir, ondan öz xeyirləri üçün güzəştlər qoparmağa çalışırlar və nəticə etibarilə bunun xalqa heç bir xeyri olmur. Halbuki problemlərimizi özümüz işıqlandırsaq, onların həllinə radikal, dağıdıcı deyil, obyektiv, konstruktiv, mülayim yanaşsaq, daha səmərəli nəticələr alınar. Məhz Əli Həsənovun səyləri və xidmətləri nəticəsində son illər ölkəmizdə konstruktiv, sağlam tənqidə üstünlük verən, xarici düşmən qüvvələrin fitnəsinə uymayan, puluna göz dikməyən media və müxalifət formalaşmaqdadır. Azərbaycan dövlətinin getdikcə möhkəmlənməsi, müstəqil dövlət olaraq özünü daha çox təsdiqləməsi, özünə güvənməsi də xeyli dərəcədə bu amillə şərtlənir.
Əli Həsənovun bu məsələlərlə bağlı vaxtaşırı mətbuat qarşısına çıxması, sanbalı, ağıllı, dəqiq ölçülüb-biçilmiş bəyanatlarla çıxış etməsi, lazımi məqamlarda geniş ictimaiyyətə müraciət etməsi, ziyalılar və xalqla təmasa girməsi, ictimai rəyə mühüm mesajlar ötürməsi də olduqca təqdirəlayiqdir. O, bu müraciətləri edərkən, mesajlarını verərkən ciddi dövlət adamı imicini daim qoruyur, ehtiyatlı və səlis ritorikadan istifadə edir, emosional bəyanatlardan çəkinir, yersiz, artıq, ziyanlı ifadələr işlətmir, eyni zamanda, fikrini cəmiyyətə çatdırmağı bacarır. Dövlət siyasətini anlayan ağıllı və informasiyalı adamlar onu dərhal başa düşür, digərləri bir qədər baş sındırmalı olur, üçüncülər isə anlamaqda çətinlik çəkirlər. Ancaq Əli Həsənov həmişə haqlı çıxır, çünki anlamaq problemi olan kateqoriya da gec-tez onun mövqeyinin düzgün olduğunu dərk və etiraf edir. Etiraf etməyənlər də olur, ancaq onlar yalnız cığallar, suyu bulandıranlar və ara qarışdıranlara şüurlu-şüursuz xidmət edənlərdir.
Əli Həsənov öz fəaliyyəti ilə daim ölkəmizin suverenliyinin, müstəqilliyimizin keşiyində ayıq-sayıq dayanır, təhdidlər, təhlükələr, təzyiqlər olanda dərhal media qarşısına çıxaraq, geniş ictimaiyyətə məlumat verir və hamını səfərbər edir. Yaxşı yadımdadır, təxminən il yarım öncə o, sərvətlərimizdən pay istəndiyinə dair həyəcan təbili çaldı və hamımız dərhal onun bu çağırışına hay verərək, gücümüz çatan səviyyədə və formada dəstəklədik.
Prezidentin köməkçisinin Gəncədə baş verən terror hadisəsi, iğtişaşlara cəhd, bu hadisələrin pərdə arxası haqqında açıqlaması da bir çox qaranlıq məsələlərə işıq saldı və xalqımızın bəsirət gözünün açılmasında mühüm rol oynadı. Motivindən asılı olmayaraq istənilən terrora haqq qazandırmaq, dövlət məmuruna silah çəkmək, onu öldürmək, yaralamaq Azərbaycan xalqının maraqlarına uyğun deyil. Bu tipli hadisələr sabitliyi poza, vəziyyəti pisləşdirə, xalqı narazı salan məmurların yerini silahlı quldurların tutmasına gətirib çıxara bilər. Sadə xalq bəzən emosional düşüncələrin təsiri altında bu həqiqətləri dərk etmək durumunda olmur, müxalif mövqedə olanlar terrorçunu, qulduru, killeri qəhrəman kimi qələmə verməyə çalışdıqda isə, kütlə daha dərin uçuruma yuvarlana bilər. Acgöz, ədalətsiz məmurların varlığından dövlətin də xəbəri var və onlar zaman-zaman müvafiq şəkildə cəzalarına çatırlar. Ancaq bu problemin köklü həlli üçün geniş ictimaiyyətin terrorçuları, xaricdən təlimat alan müxalifətçiləri yox, islahatları əməli şəkildə, şüurlu, rasional olaraq dəstəkləməsinə ehtiyac var. Cəmiyyət anlamalıdır ki, rüşvətxor, acgöz, ədalətsiz məmur göydən düşmür, yerdən də çıxmır. Onlar da bizim millətin nümayəndələri, bizim qohumlarımız, dostlarımız, qardaşlarımızdır və onlara “durun”, “yetər artıq” demək dövlətlə yanaşı, cəmiyyətin də borcudur. Halal yaşamaq istəyən cəmiyyət ilk növbədə özünün, qardaşının, dostunun haramına göz yummamalıdır. Əli müəllimin çıxışlarının alt qatında bu mesajlar hər zaman aktualdır. Ancaq o, dövlət adamıdır, üzərinə böyük məsuliyyət düşür, dövlətin isə öz dili, öz ritorikası var. Dövlət vətəndaş qədər açıq danışa bilmir.
Sonuncu mətbuat günündə media ilə bağlı bir xeyli tənqidi fikirlər səslənərkən, Əli Həsənov bircə cümləylə bu dartışmalara yekun vurdu: “Azərbaycan mediasının inkişafı Azərbaycanın bugünkü iqtisadi, sosial, siyasi, mədəni inkişafına tam adekvatdır". Son dərəcə sərrast, yerində və zamanında səsləndirilmiş fikir. Yəni medianı tənqid eləmək asandır, ancaq gəlin görək biz digər sahələrdə ondan dahamı çox inkişaf etmişik? Cəmiyyət nədirsə, media da odur, onun güzgüsüdür. Bu cəmiyyəti inkişaf etdirmək, mədəniləşdirmək, tərəqqi etdirmək isə onun hər bir üzvünün borcu və vəzifəsidir. Əli müəllim bu fikri ilə cəmiyyətimizi toparlanmağa, məsuliyyətli, vətənpərvər, çalışqan olmağa, sözdən əmələ keçməyə, ciddi, məhsuldar fəaliyyətə dəvət etdi.
Əli Həsənovun fəaliyyətini müşahidə edənlər onun fasiləsiz, həm də məhsuldar və səmərəli işlədiyini görməyə bilməzlər. O, təbii ki, vəzifə gərəyi olaraq dövlət işlərində, tədbirlərində iştirak edir, Prezidentlə mütəmadi görüşür, ona məlumatlar verir, tapşırıqlar alır, digər vəzifəli şəxslərlə məsləhətləşmələr aparır. Bütün bunlar son dərəcə gərgin iş rejimində durmadan çalışmaq deməkdir. Bununla belə o, elmi, politoloji fəaliyyətlə də məşğul olur, kitablar, məqalələr yazır, sosial şəbəkələr vasitəsilə gündəmin aktual məsələlərinə münasibətini bildirir, cəmiyyətin dövlətçilik yolunda inamla irəliləməsinə, milli maraqlarımızın keşiyində dayanmasına öz dəyərli töhfələrini verir.
Əli Həsənov tarix elmləri doktoru, professor olaraq geosiyasət və Azərbaycanın xarici siyasətinə həsr olunmuş çoxsaylı elmi kitabların müəllifidir. “Azərbaycan-ABŞ: anlaşılmaz münasibətlərdən strateji tərəfdaşlığa doğru” (Azərbaycan dilində, 1997), “Azərbaycan-ATƏT: Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ problemi Ümumavropa təhlükəsizliyi fonunda” (Azərbaycan dilində, 1997), “Azərbaycanın xarici siyasəti: Avropa dövlətləri və ABŞ” (Azərbaycan dilində, 1998), “Azərbaycanın ABŞ və Avropa dövlətləri ilə münasibətləri: 1991-1996” (Azərbaycan dilində, 2000), “Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti” (dərslik, Azərbaycan dilində, 2005 və rus dilində, 2007), “Azərbaycanın və xarici ölkələrin siyasi sistemləri” (dərslik, 2008), “Geosiyasət” (Azərbaycan dilində, 2005, rus dilində, 2012, türk dilində, 2012 və gürcü dilində, 2015), “Dünya ölkələrinin müasir siyasi sistemləri” (dərslik, 2012), “Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti” (dərslik, yenilənmiş və təkmilləşdirilmiş, rus dilində, 2013), “Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasəti” (Azərbaycan dilində, 2011, türk dilində, 2013, rus dilində, 2014), “Azərbaycanın geosiyasəti” (Azərbaycan dilində, 2015), “Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları” (Azərbaycan dilində, 2016), “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” (Azərbaycan, ingilis və rus dillərində), “Cənubi Qafqaz, Xəzər-Qara dəniz hövzəsi və Azərbaycanın geosiyasəti” (türk dilində, 2016), “Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazin geoiqtisadi xarakteristikası: Azərbaycanın yeni neft siyasəti” (türk dilində, 2016), “Cənubi Qafqazın hərbi-geostrateji vəziyyəti və Azərbaycanın təhlükəsizlik siyasəti” (türk dilində, 2016), “Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti” (Azərbaycan dilində, 2016) kimi monoqrafiya və dərsliklərində problemlərin tarixi köklərini göstərmiş, Azərbaycanın sülhsevər dövlət siyasətinin mahiyyətini açmış, beynəlxalq dünyaya Azərbaycanın haqq səsini çatdırmağı qarşısına məqsəd qoymuşdur.
Əli Həsənovun 8 dildə (azərbaycan, türk, rus, ingilis, fransız, alman, ərəb, çin) çap olunan “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitabları Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilib.
Professor Əli Həsənov radikal qərbpərəst müxalifətin destruktiv, yalan və saxtakarlıq, xalqı aldatmaq, çaşdırmaq fəaliyyətini daim tutarlı faktlarla ifşa edir, onların yanlış yolda olduqlarını, xaricdəki müəyyən qrupların hiyləgər maraqlarına xidmət etdiklərini dəlil və sübutlarla ortaya qoyur. Əlbəttə, bu fikirləri bəzən biz ziyalılar, jurnalistlər, siyasi analitiklər, şərhçilər, yaxud elə siyasi proseslərdən az-çox baş çıxaran sadə vətəndaşlar da yazırıq, bizi buna görə hətta Əli müəllimdən təlimat almaqda suçlayanlar da olur. Ancaq məsələ burasındadır ki, yalnız bu dövləti, onun müstəqilliyini, güclü olmasını, bu xalqı, onun xoşbəxtliyini və firavanlığını istəməyənlərin, öz gücümüzə inanmayanların, gözü daim orda-burda olanların fikri Əli müəllimin fikirləri ilə üst-üstə düşməyə, yaxud onun fikirləri ilə daban-dabana zidd ola bilər. Bir də səbatsızların, tez təsirə düşən təcrübəsiz, savadsız gənclərin, şirin, yağlı vədlərə inananların, romantik xəyallara qapılanların.
Fəqət bizdən fərqli olaraq Əli müəllimin fikirləri yüksək tribunadan, dövlət adamının dilindən səsləndiyindən, zəngin faktlara və dəmir məntiqə əsaslandığından daha geniş auditoriyanı əhatə edir, daha inandırıcı təsir göstərir, dövlətimizin gücünün, mövqeyinin möhkəmlənməsində qat-qat güclü rol oynayır, xalqımızın siyasi cəhətdən maariflənməsinə müsbət təsir göstərir, rasional düşünən fəal vətəndaşların yetkinləşməsini şərtləndirir.
Əli Həsənov təkcə geniş diapazonlu ictimai-siyasi fəaliyyəti, çıxışları, açıqlamaları ilə deyil, əsl dövlət adamına xas nümunəvi davranışı ilə də örnək şəxsiyyətdir. O, gözəl ailə başçısı, ağır, sanballı, mədəni bir adamdır. O, eyni zamanda adı korrupsiya qalmaqallarında hallanmayan, mötədil həyat tərzi keçirən azsaylı dövlət məmurlarındır. Doğrudur, rəqibləri və düşmənləri onun haqqında vaxtaşırı əsassız, dedi-qodu xarakterli məlumatlar yayırlar, amma bunların əsası yoxdur. Bir müddət əvvəl bir saytda onun malik olduğu sərvət haqqında haradasa tərtib olunmuş bir siyahı yaymışdılar. Mən o siyahıya baxanda dəhşətə gəldim. Nə qədər uydurma olsa da, yenə də bir çox aşağı ranqlı məmurların varidatı ilə müqayisədə son dərəcə sadə təsir bağılşlayan qısa bir siyahı (informasiyanı şərh edərək, elə belə də yazdım): hansısa tədris mərkəzi, kurslar, media orqanı. Düşmənləri belə, onu “vurmaq” üçün arqument qıtlığı yaşayır, əleyhinə dərc etdirdikləri cızmaqaralarda istər-istəməz onun elmə, təhsilə, maarifə üstünlük verdiyini təsdiqləməli olurlar. Bu siyahını yayanlar onun kitablarının siyahısı ilə tanış olsaydılar, xəcalətdən yerə girərdilər.
Əli Həsənov eyni zamanda, demokratik düşüncəli, siyasi rəqiblərinin fikirlərinə qarşı səbrli davranan, təmkin və dözüm nümayiş etdirən vəzifəli şəxslərdəndir. O, tənqidçilərini cəzalandırmağa çalışmır, tərəfdarlarına qarşı xüsusi neopotik münasibət sərgiləmir, bəzilərinin iddia etdiyi kimi, “görüm-baxım” etmir. O, sadəcə bir dövlət adamı olaraq, dövlətin mövqeyindən çıxış edir, hər bir vətəndaşa da dövlətin qanunları çərçivəsində yanaşır. Mən Əli müəllimi vaxtilə tənqid də etmişəm, sonradan onun mövqeyini dəstəkləyən yazılar yazmış, fikirlər də söyləmişəm. Bunlara görə məni nə cəzalandıran olub, nə də mükafatlandıran.
Əli Həsənov əsl dövlət adamıdır və düşünürəm ki, ölkədə nail olunan siyasi sabitlikdə, sosial-iqtisadi nailiyyətlərdə, cəmiyyətdə barışığın, tolerantlığın bərqərar olmasında, qonşu və xarici ölkələrlə qarşılıqlı faydalı maraqlara əsaslanan münasibətlərin formalaşmasında onun da ciddi payı var.