Xəbər verdiyimiz kimi, Samir Nuriyev Prezident Administrasiyasının rəhbəri təyin olunub.
Mynews.az Samir Nuriyevin tərcümeyi-halını təqdim edir:
Samir Nuriyev 1975-ci il martın 9-da Bakı şəhərində anadan olub.
O, 1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olaraq 1996-cı ildə həmin Universitetin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
2003-2005-ci illərdə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə edib.
1996-2003-cü illərdə Samir Nuriyev müхtəlif özəl şirkətlərdə və beynəlxalq təşkilatlarda iqtisadçı, marketinq üzrə menecer və layihə koordinatoru vəzifələrində çalışıb, o cümlədən, 2000-2001-ci illərdə BMT İnkişaf Proqramının Azərbaycan ofisində biznes-məsləhətçi vəzifəsində çalışıb.
2006-cı ildə o, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın inkişafı departamentinin direktoru vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, Samir Nuriyev 2009-cu ildə Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə isə həmin İdarənin rəisi vəzifəsinə təyin olunub.
Ölkə başçısının 12 aprel 2016-cı il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2018-ci il-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.
İlham Əliyevin 21 aprel 2018-ci il-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin olunub.
2015-ci ildən Azərbaycan Memarlar İttifaqının fəxri üzvüdür.
Evlidir, iki uşağı var.