Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən “amerikapress.com” saytının rəhbəri Rauf Sultanovun cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz olnmasına dair ərizəsinin təmin edilməməsi ilə bağlı verilən apellyasiya şikayətinə baxılıb.
Mynews.az oxu.az-a istinadla xəbər verir ki, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, R.Sultanovun apellyasiya şikayəti təmin edilməyib.
İttiham aktına əsasən, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində, R.Sultanov 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadan hədə-qorxu ilə pul alarkən yaxalanıb.
Direktor məhkəmədə ifadə verərkən R.Sultanovun həbs edilməsi üçün qurulan əməliyyatdan danışıb:
“Pulu vermək üçün təqsirləndirilən şəxs məni evinə çağırdı. Nə içdiyimi soruşdu. Mən də dedim ki, “heç nə içmirəm, amma başı xəmirli tut arağı istəyirəm”.
Bunu da zarafatla ona dedim. Onun evində görüşəndə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinin işçiləri gec gəldi. Mən də bu səbəbdən Raufu evində danışmaqla başını qarışdıraraq, ona suallar verməyə başladım. Sonra qapının ağzında yerə yıxdım, üstünə oturdum ki, qaça bilməsin”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, üç il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib, barəsində bəraət hökmünün çıxarılmasını istəmişdi. Şikayət təmin edilməyib.
Xatırladaq ki, R.Sultanov cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz olunmasına dair Xəzər Rayon Məhkəməsinə ərizə ilə müraciət edib. Ərizə təmin olunmayıb. Daha sonra o, apellyasiya şikayəti verib.