Dekabrın 10-da səhər saatlarında Bakının Binəqədi rayonunda fəaliyyət göstərən tikinti materiallarının satıldığı “Eurohome” ticarət mərkəzində yanğın baş vermişdi.
İlkin məlumata görə, elektrik naqillərində yaranan qısaqapanmadan başlayan yanğın qısa zamanda demək olar ki, bütün bazarı əhatə edib.
Fövqəladə Hallar Nazirliyi dərhal 3-cü dərəcəli çağırış edərək əraziyə xeyli sayda texnika və canlı qüvvə, eləcə də, 3 helikopter, eləcə də Xüsusi Riskli Xilasetmə Xidmətinin briqadalarını cəlb edib.
Eyni zamanda, hadisə yerinə 8 təcili tibbi yardım briqadası, xeyli sayda polis əməkdaşları cəlb edilib.
Mynews.az xəbər verir ki, BAKU TV-nin əməkdaşları gecə saatlarında yanğın baş verən əraziyə baş çəkib, hadisə yerindəki son vəziyyətlə maraqlanıb. Ərazidə çəkiliş aparan zaman tüstülənmə müşahidə edilib.
Bu səbəbdən gecə boyunca Yanğından Mühafizə Xidmətinin 3 briqadası yoxlama-nəzarət işləri aparıb.
Ərazidə olan polis əməkdaşları oğurluq və digər neqativ halların baş verməməsi üçün xidmət aparıb. Yanğından qalan isə mağazalardakı müxtəlif növ tikinti materiallarının külü və bazarın xarabalığa bənzər qalıqları olub.
Qeyd edək ki, yanğın yerinə Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev də gəlib. Nazir müavini jurnalistlərə açıqlamasında bildirib ki, alovun miqyası böyük olduğundan nazirliyin helikopterləri vasitəsilə 150 tona yaxın su ilə yanğına havadan müdaxilə edilib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, əraziyə 8 təcili tibbi yardım briqadası göndərilib. Yanğın zamanı səkkiz nəfərə yerində ilkin tibbi yardım göstərilib.
Dörd nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər isə əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.
Yanğın tam söndürülənədək Bakı-Sumqayıt şossesində hərəkət məhdudlaşdırılıb. Yol hərəkətinin tənzimlənməsi işində DİN Baş DYP İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov şəxsən iştirak edib.
Hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.