“İranda 1 həftə əvvəl məktəblər bağlanıb, kütləvi tədbirlər dayandırılıb, Ermənistanda məktəblər sabahdan bağlanır, Gürcüstanda hazırlıq gedir, Azərbaycan yenə də gözləyir”.
Bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyib.
Ekspertin sözlərinə görə, mart ayının ilk tədris günüdür, 2 həftədən sonra dərslər qrafik üzrə Novruz tətilinə görə dayandırılacaq:
“Hal-hazırda görsənən odur ki, Nazirlər Kabineti, Təhsil Nazirliyi ictimai tələblərə adekvat reaksiya vermir və yaxın günlərdə bunu etmək məcburiyyətində qalıb qərar versə də, onun effekti arxadan atılmış daşa bənzəyəcək. Yaponiya ötən həftə qərar verərək Mart ayının sonunadək məktəbləri 13 milyon şagirdin üzünə bağladı.
Anoloji qərarı Vyetnam Yaponiyadan əvvəl verib, lakin məktəblər bağlanmamışdan əvvəl şağirdlərə və müəllimlərə xüsusi təlimlər keçirilib.
Ermənistan bu gündən uşaq baxçası, məktəb, texniki peşə litseyində, texnikum, kollec və Universitetlərdə təhsili 1 həftə müddətinə dayandırdı. Məlumat üçün qeyd edim ki, Ermənistanda hələ ki, 29 yaşlı 1 nəfər koronavirusa yoluxub.
Anoloji qərarı bu həftə Gürcüstanın da verəcəyi gözlənilir. Bu gündən Gürcüstanda işləyən beynəlxalq təşkilatlarda əmək fəaliyyətinə məhdudiyyətlər tətbiq olunmağa başlayıb. İranda məktəblər 1 həftədir ki, qapalıdır. sosial tədbirlər, hətta cümə namazı da təxirə salınıb.
Azərbaycana gəlincə, hesab edirəm ki, ilk növbədə cənub rayonlarında (Astara, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar və Salyan) uşaq baxçaları və məktəblər, eləcə də Bakı və respublika tabeli 9 şəhərdə uşaq baxçaları və məktəblər, kollec və Universitetlər əvvəlcə 1 həftə müddətinə bağlanmalı, zərurət yaranarsa bu müddət Novruz bayramınadək uzadılmalıdır. Bu müddət ərzində bütün təhsil ocaqlarında sanitar və su qovşaqları, xüsusilə də tualetlər yenidən qurulmalı, bütün siniflər və auritoriyalar dezinfeksiya olunmalı, təhsil ocaqları zəruri yuyucu və qurulayıcı vasitələrlə təchiz edilməli, müəllimlər və tərbiyəçilər təlimlərə cəlb olunmalı və koronavirusla mübarizə üçün preventiv tədbirlərə dair məlumatlandırılmalıdır. Təhsil Nazirliyi koronavirusdan qorunmaq üçün modul dərs hazırlamalı onu tədris müəssisələrinə paylamalı, posterlər nəşr etdirib, siniflərdə və auditoriyalarda, eləcə də kütləvi oxuna bilməsi mümkün olan digər yerlər yerləşdirilməlidir”.