Xəbər verdiyimiz kimi dünən Azərbaycanda koronavirusa yoluxanların sayı 40, sağalanların sayı 50 nəfər olub. Ümumilikdə son bir neçə gündə ölkə ərazisində koronavirusa yoluxanların sayı azalmağa doğru gedir. Əgər yoluxma sayı aprelin 20-nə kimi azalma tendensiyası ilə davam etsə, ölkə ərazisində karantin rejimi ləğv edilə bilərmi?
Mynews.az xəbər verir ki, bununla bağlı sonxeber.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, karantin rejimi ilə bütün qərarları Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah verəcək:
"Karantin rejim elədir ki, onun haqqında hər kəsin subyektiv fikir söyləməsi doğru deyil. Operativ Qərargah dünyada gedən prosesləri və Azərbaycanda pandemiyanın meyilllərini müəyyən edərək qərar verəcək. İki gündür ki, yoluxma sayınsa azalma var. Bu bizi çox sevindirir. Bu həftə ərzində enmələr davam edərsə təbii ki, yaxın zamanda karantin rejiminin daha yüngüləşdirilmiş formasına keçərik. Düşünmürəm ki, birdən-birə biz karantin rejimindən imtina etməliyik. Karantin rejimindən tam imtina yox, bir az yüngülləşməsindən söhbət gedə bilər. Koronavirus pandemiyasının belə bir xüsusiyyəti var ki, bir həftə içində azalma olsa da, digər həftədə artım ola bilər. Düşünürəm ki, 14 günlük deyil, 28 günlük müddəti gözləmək lazımdır. Elə yoluxan insanlar var ki, inkubasiya dövrü ləng gedə bilər. Daha sonrakı mərhələlərdə aşkar oluna bilər. Ona görə də düşünmürəm ki, aprelin 20-də biz karantin rejimindən tam imtina edə bilərik. Hər halda bu azalma davam etsə, karantin rejiminin bölgələr üzrə müəyyən şərtlərini yüngülləşdirmək olar. Mayın əvvəllərinə qədər biz hələ də karantin rejimini davam etdirməliyik".