Dünya İВ, Azərbaycan və Rus bölməsi məktəblilərinin valideynləri adından SİA-ya daxil olmuş şikayət məktubunda məktəb haqqında narazılıq bildirirlir. Bir qrup valideyn tərəfindən redaksiyamız vasitəsilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Xanım Mehriban Əliyevaya, Baş nazir Əli Əsədova, təhsil naziri Ceyhun Bayramova ünvanlanmış məktubu olduğu kimi təqdim edirik:
Hörmətli Mehriban xanım!
Bildirmək istəyirik ki, bizim hər birimizlə Dünya İB Məktəbinin arasında bağlanmış müqaviləyə əsasən övladlarımız adı çəkilən məktəbdə hal-hazırda təhsil alırlar. Bu günə kimi, təhsil prosesində hər-hansı bir ciddi problem ilə rastlaşmamışdıq. İstənilən məsələdə məktəbin valideynlərlə müzakirə edilməsinin şahidi olmuşuq.
Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq sərəncamlarına əsasən (Nazirlər Kabinetinin 02.03.2020, 07.03.2020, 20.03.2020, 18.04.2020, 01.05.2020 və 30.05.2020-ci il tarixli Sərəncamları) 03.03.2020-ci il tarixindən etibarən 2019-2020-ci tədris ilinin sonunadək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılmışdır.
Bunu nəzərə alaraq, Dünya İB Məktəbinin şagirdlər üçün onlayn dərslərin təşkil edilməsi həyata keçirtmişdi.
Yaranmış vəziyyəti nəzərə alaraq, valideynlər tərəfindən mart ayından etibarən dəfələrlə onlayn qaydasında olsa belə məktəbin rəhbərliyi ilə bu məsələnin, həmçinin qeyd edilmiş dövr üçün təhsil haqqının ödənilməsi məsələsi ilə bağlı müzakirələrə cəhd edilmişdir.
Lakin təəssüf olsun ki, bizim bütün bu istiqamətdəki xahişlərimiz eşidilməmiş və heç həs bizimlə görüşmək istəməmişdi. Bunun əvəzində biz Dünya İB Məktəbindən 05.05.2020-ci il tarixində məktub aldıq.
Məktubun məzmununda qeyd edilmişdir ki, Dünya İB Məktəbi tərəfindən aparılan maliyyə təhqiqatı nəticəsində müəyyənləşdirilmişdir ki, külli miqdarda təhsil haqqı bu günə kimi ödənilməmişdir və 2019/2020-ci dərs ili üçün ödənilməli olan məbləğ 15 iyun tarixinə kimi tam ödənilməlidir. Həmçinin, məktubda bildirilir ki, məktəb rəhbərliyi qidalanma öhdəliyinin həyata keçirilmədiyini nəzərə alaraq, cari təhsil haqqına 300 AZN məbləğində güzəştin tətbiq edir və borclu valideyn cari ilin təhsil haqqını 15 iyun tarixinə tam ödənilmədiyi təqdirdə, şagirdin sinifdən-sinfə keçirilməsi əmirləşdirilməyəcək.
Dünya İB Məktəbinin təqdim etdiyi bu məktubla əlaqədar valideynlər öz mövqeyini bildirən məktub ünvanlandırdılar və məktəbin rəhbərliyindən bu məsələni birgə müzakirə edilməsinə dəvət etdilər. Lakin əfsuslar olsun ki, Dünya İB Məktəbinin rəhbərliyi bizim bu məktuba münasibət bildirməkdən boyun qaçırdı (lakin dəfələrlə telefon zəngi edildi və xahiş edildi ki bizim məktubumuza cavab versinlər).
Bu cür məsələ hər iki tərəfin, yəni həm valideynlərin həm də məktəbin maraqlarına toxunduğu üçün birgə həll olunmalıdır. Bu cür məktub isə bizimlə məktəb arasında uşaqlarımızın oxuduğu dövr ərzində formalaşmış inam və qarşılıqlı hörmət münasibətlərinə ziddir və ona xələl gətirir.
Nazirlər Kabinetinin yuxarıda qeyd edilmiş Sərəncamlarından göründüyü kimi, tədrisin və təlim tərbiyə prosesinin dayandırılması nəinki dövlət, həmçinin özəl təhsil müəssisələrinə şamil edilir.
Belə olan halda sual yaranır ki, əgər dövlət tərəfindən yaranmış vəziyyətlə əlaqədar tədrisin və təlim tərbiyyə prosesi dayandırılıbsa, onda bu dövr üçün hansı təhsil haqqının ödənilməsindən söhbət gedə bilər? Yəni elə çıxır ki, Dünya İB Məktəbinin onlayn dərslərin keçirilməsi məktəbin şəxsi təşəbbüsüdür, və 2019-2020-ci tədris ilinə bir başa olaraq heç bir aidiyyatı yoxdur v yalnız əlavə xidmət kimi qiymətləndirilə bilər.
Biz əlavə xidmət kimi onlayn keçirilmiş dərslərə görə anlayışlı yanaşırıq və hesab edirik ki, yaranmış vəziyyətdə bu cür tədbirində bizim övladlarımız üçün faydası var. Lakin bu cür dərslərin tədris prosesinə (tədris prosesinin dayandırıldığını nəzərə alsaq) bir başa aidiyyəti olmadığını nəzərə alsaq hesab edirik ki, bu dərslərə görə xidmət haqları tərəflər arasında öncədən qarşılıqlı razılaşdırılmalı idi və heç kəs fakt qarşısında saxlanılmamalı idi.
Bunu nəzərə alsaq, onlayn dərslərin iqtisadi maliyyəti hesablananda nəinki yemək xərci, həmçinin tədris prosesində mövcud olmuş digər xərclərin çıxılması tələb olunur.
Belə ki, təhsil haqqı yalnız müəllimlərin əmək haqqı, qidalanma xərci və mənfəətdən ibarət deyil. Təhsil haqqının formalaşdırılmasında qeyd edilən xərclərdən savayı həmçinin digər xərclər, o cümlədən işıq, su, istilik və havalandırma sistemləri, məktəb binasının gündəlik şagirdlərin ixtiyarına verilməsi üçün təmizlik və digər bu cür xərclər daxildir. Bundan başqa, elə dərslər var ki, onlar ümumi təhsil haqqının formalaşdırılmasında iştirak edir, lakin onların onlayn şəkildə tədris edilməsi effektivliyi çox azdır. Bu cür dərslərin sırasında idman, musiqi, rəqs, rəsm dərslərini vurğulamaq olar.
Həmçinin bildirmək istəyirik ki, əldə etdiyimiz məlumata əsasən Dünya İB Məktəbi Koronavirus (COVID-19) pandemiyasından zərər çəkdiyinə görə muzdlu işçilərinə əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi almışdı.
Yaranmış vəziyyətdə mənfəətin əldə edilməsi məsələsi yox birgə səylərlə həmrəyliyimizi nümayiş etdirib ölkəmiz və cəmiyyətimiz üçün birgə qət etmək olmalıdır.
Əlavə olaraq müqavilə şərtlərinə münasibət bildirmək istərdik.
Belə ki, Müqavilənin 2-ci və 3-cü maddələrində həm məktəbin, həm də valideynlərin hüquq və vəzifələri müəyyən edilib. Həmin vəzifələrin içində məktəbin şagirdlərin təlim-tərbiyyə prosesini yüksək səviyyədə təşkil etmək (maddə 2.1.) və valideynin buna uyğun təhsil haqqını müqavilədə qeyd olunmuş qaydalar əsasında ödəmək (maddə 3.5.) göstərilib.
Müqavilənin 5.1.-ci maddəsində Qarşısıalınmaz qüvvənin anlayışı verilib. Həmin maddəyə əsasən qarşısıalınmaz qüvvənin təsirinə tərəflərin nəzarət edə bilmədikləri, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizodiyalar, karantinlər, embarqolar, müvafiq qanunvericilik qərarları, dövlət orqanlarının qərarları və digər hallar aiddir.
Müqavilənin 5.3.-cü maddəsinə əsasən bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilmə müddəti qarşısıalınmaz halların mövcud olduğu müddətə uzadılır.
Müqavilənin 5.3.-cü maddəsinin məzmunundan elə çıxır ki, karantin dövründə məktəbin valideynlərdən xidmət haqqının ödənilməsini tələb etmək hüququ yoxdur və həmin öhdəlik karantin dövrü ərzində uzadılmış hesab edilir.
Göründüyü kimi, hər hansı yeni şəraitin və şərtlərin tətbiqi üçün, o cümlədən onlayn tədris üçün tədris haqının müəyyən edilməsi üçün birtərəfli olaraq xidmət haqqından 300 manatın azaldılması yox, hər iki tərəfin qarşılıqlı razılıqla müəyyən edilməsi tələb edilir.
Yuxarıda göstərilənləri və Dünya İB Məktəbinin bizimlə heç bir əlaqəyə girmək istəmədiyini nəzərə alaraq biz valideynlərə yaranmış vəziyyətdə müvafiq tədbirlərin görülməsində köməklik göstərməyinizi Sizdən xahiş edirik.
Hörmətlə,
Dünya İB Məktəbinin
şagirdlərinin valideynləri
Qeyd edək ki,bir müddət öncə narazı valideyinlər Birinci vitse-prezident Mehriban xanım Əliyevaya məktub ünvanlayandan sonra məktəb rəhbərliyi narazı valideyinlərə cavab olaraq məktub ünvanlayıblar.
SİA həmin məktubun məzmunun sizlərə təqdim edir:
Hörmətli valideynlər!
Dünya Məktəbinin verdiyi təhsil və tərbiyənin müasirliyini və keyfiyyətini nəzərə alaraq övladlarınızı bizə etibar etdiyiniz üçün təşəkkür edirik. Dünya Məktəbi ilə valideyn arasında bağlanmış müqavilənin şərtlərini yerinə yetirmənizi xahiş edirik. Hansı güzəştlərin olub-olmayacağını Dünya Məktəbi müəyyən edir. Dünya Məktəbinin qərarı sizə elan edilmişdir. Valideyn müqavilə şərtlərini yerinə yetirmədikdə şagird təkrar sinifdə saxlanılmır. Bu halda şagird məktəbdən xaric edilir. Bu səbəbdən xahiş edirik ki, müəyyən edilmiş təhsil haqqını, borcunuzu ödəyəsiniz ki, övladlarınız növbəti tədris ilində Dünya Məktəbində təhsilini davam etdirə bilsin. Əgər təhsil haqqını ödəmək istəmirsinizsə, onda borcunuz varsa, onu ödəyin və övladlarınızı daha uyğun gördüyünüz bir məktəbə keçirin.
Hörmətlə,
Dünya Məktəbinin Rəhbərliyi
Məsələ gündəmimizdə saxlanılacaq, ətraflı sizlərə məlumat veriləcək.