“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa dəstəyi və qayğısı nəticəsində son illər ərzində yol infrastrukturun müasirləşdirilməsi və hərtərəfli inkişafı üçün çox böyük işlər görülüb, respublikanın avtomobil yollarının inkişafı istiqamətində çox mühüm layihələr həyata keçirilməklə bir sıra nailiyyətlər əldə edilib. Respublikamızda yol infratsrukturunun təkmilləşdirilməsi, yeni körpülərin, yeraltı və yerüstü piyada keçidlərinin və yolayrıcılarının tikilməsi, magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından da mühüm əhəmiyyət kəsb edir. Məhz bunun məntiqi nəticəsidir ki, Azərbaycan yol infrastrukturunun keyfiyyətinə görə bir çox inkişaf etmiş ölkələri qabaqlayır”. Bunu SİA-ya açıqlamasında SƏS Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.
Qurum rəhbərinin sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin uğurlu inkişaf strategiyasını layiqincə davam etdirən cənab İlham Əliyev də bütün sahələrlə yanaşı, Azərbaycanda beynəlxalq standartlara cavab verən yolların tikintisini prioritet məsələ kimi daim gündəmdə saxlayır: “Sovet dönəmində Bakı şəhərində infrastruktur layihələrinin həyata keçirilməsi daha az əhaliyə hesablanmışdı. Ancaq bu gün paytaxtda həyata keçirilən tikinti-quruculuq işləri, dünya standartları səviyyəsində çəkilən yollar, tikilən körpülər, yeraltı və yerüstü piyada keçidləri, milli arxitektura üslubunda qurulan yerli memarlıq abidələri, Bakının keçmişini özündə yaşadan binalara verilən yeni görkəm göz oxşayır. Kommunal və nəqliyyat sahələrindəki yenidənqurma layihələri plana uyğun aparılır. Bu günə kimi Bakı şəhərində 113 piyada keçiridi tikilib istifadəyə verilib. Onlardan 41-i yerüstü piyada keçidi, 72-si yeraltı piyada keçididir. Ölkəmizin respublika əhəmiyyətli magistral yollarında 64 ədəd yeraltı və yerüstü piyada keçidi tikilərək istifadəyə verilib. Ümumilikdə ölkədə180 ədəd piyada keçidi tikilərək istifadəyə verilib. Hazırda ölkə üzrə avtomobil yollarında 9 ərazidə piyada keçidinin inşası davam etdirilir”.
Bəhruz Quliyev bütün bu görülən işlər fonunda piyaların səhlənkar hərəkətindən gileylənib və Azərbaycan Respublikasının Milli Məclisində qanuna dəyişiklik edilməsinin vacibliyini önə çəkib: “Yolda piyada zolağı olsa belə, bundan istifadə etməyən hansısa piyada həmin zolağa 200-300 metr qalmış daha yaxın yerdən yolu qeyri-qanuni keçir. İcazə olunmayan yerdən keçərək öz həyatını təhlükəyə atır və sürücülərin də qəza şəraiti törətməsinə şərait yaradır. Piyadaların yolun qadağan edilmiş, hərəkətli hissələrindən keçməsi, işıqforlara əhəmiyyət, yerüstü və yeraltı keçidlərə önəm verməməsi piyadaların vurulması ilə nəticələnən qəzaların sayını artırır. Nəticədə məsuliyyətə cəlb edilən isə sürücülər olur. Vurulan piyadanın sağlamlığının bərpa xərcləri, əmək qabiliyyəti bərpa edilənə qədər maddi təminatı sürücü tərəfindən ödənilir. Bu mənada hesab edirəm ki, əgər əvvəllər Milli Məclis tərəfindən İnzibati Xətalar Məcəlləsində “Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulması” maddəsində piyadalarla bağlı müvafiq qanunda üstünlüyü piyadalara verirdisə və haqsız yerə sürücülər cərimələnirdisə və yaxud həbs olunurdusa, hazırda yeni qanunun qəbul olunmasına zərurət var. Həmin qanunla qəza anı yaradan piyadalar inzibati qaydada yüksək məbləğdə cərimələnməlidir. Eyni zamanda müvafiq ayrılmış yerdə piyadaya görə qəza törətmiş sürücüyə qarşı bürokratik əngəllər, süründürməçilik, məhkəmə proseslərinə, polis idarələrinə mütəmadi gedib-gəlmələri kimi məsələlər aradan qaldırılmalıdır. Gəlin biz bir anlıq dünyada tətbiq olunan piyada-sürücü mədəniyyətinə nəzər salaq. Əgər orada yolu səhv keçən piyada qəza anı yaradırsa, dərhal hadisə yeri ekspertlər tərəfindən araşdırılır və günahkarın kim olduğu müəyyənləşir. Bu mənada hesab edirəm ki, yol bir mədəniyyətdir və piyadalarda sürücülərə qarşı bu mədəniyyət olmalıdır. Piyadalar kefləri hardan istədi yolu keçə bilməzlər. Piyadalar yolu yalnız onlar üçün ayrılmış müvafiq yerlərdən keçməlidirlər. Axı nəyə görə piyadanın səhlənkarlığı ucbatından sürücülər ittiham olunur və ya həbs edilirlər? Hesab edirəm ki, Milli Məclis piyadalarla bağlı müvafiq qanuna ciddi şəkildə dəyişiklik etməlidir və piyada keçidləridən istifadə edilmədiyi hallarda məsuliyyət piyadaların üstündə olmalı sürücülər isə təkcə inzibati qaydada cərimələnməlidirlər. Bir sözlə, bu cür qəzalarda üstünlük sürücülərə verilməlidir”.