Beş yaşlı Zəhra Hüseynzadə II tip spinal muskulyar atrofiya - SMA (Werding-Hoffmann xəstəliyi) xəstəliyindən əziyyət çəkir.
Onun sağlamlığına qovuşması üçün hər birimizin dəstəyinə ehtiyacı var.
Məsələ ilə bağlı həkim-nevroloq Rayihə Xudiyeva sosial şəbəkə hesabında paylaşım edib.
O, xəstəlik haqqında ətraflı məlumat verib:
“SMA utosom-resessiv keçişli neyrodegenerativ xəstəlikdir. Yəni onurğa beynindən əzələlərə sinir impulslarının ötürülməsi pozulur. Nəticədə əzələ atrofiyaya uğrayır, funksiyasını icra edə bilmir. Xəstəliyin tipindən asılı olaraq müxtəlif ağırlıqda hərəki funksiya pozulur.
SMN 1 geninin ekson 7-dəki delesiyası ilə əlaqədardır. Bir neçə tipi vardır:
SMA tip 1: Ağır klinik tabloya malikdir. Başlanğıc yaşı 0-6 aydır. Hamiləliyin son dönəmlərindən ana dölün az hərəkətliliyini hiss edir. Körpələrin bir çoxu 1 yaşından öncə tənəffüs çatışmazlığından itirilir. Yaşayan körpələrin baş kontrolu olmur və ya çox zəif olur. Heç vaxt otura bilmirlər.
SMA tip 2: Başlanğıc yaşı 7-18 ay. Baş kontrolu var. Otura bilirlər. Ancaq yataq pozisyasından oturmaya keçə bilmirlər.
SMA tip 3: Başlanğıc yaşı >18 ay. Baş kontrolu var. Otururlar, ayağa dururlar, yeriyirlər.
SMA tip 4: Böyüklərdə rast gəlinir”.
Həkim qeyd edib ki, Zəhra SMA-nın ikinci tipindən əziyyət çəkir. Oturur, ancaq yerimir:
“Təəssüf ki, zaman onun əleyhinə işləyir. Müalicəsi çox böyük maddi dəstək tələb edir. Zəhranın, bildiyimiz bütün SMA-dan əziyyət çəkən körpələrimizin səsi olaq. Maddi dəstək olmaqla, paylaşmaqla səsimizi duyuraq”.