Türkiyənin jurnalist təşkilatları rəhbərləri ön cəbhədə olub və şəhid ailələrini ziyarət ediblər - FOTOLAR

631
Türkiyənin jurnalist təşkilatları rəhbərləri ön cəbhədə olub və şəhid ailələrini ziyarət ediblər - FOTOLAR

Türkiyə Cümhuriyyətinin bir qrup aparıcı media orqanlarının təmsilçiləri Beynəlxalq Avrasiya Araşdırmaları İnstitutu İctimai Birliyinin rəhbəri, millət vəkili Qənirə Paşayevanın dəvəti ilə “Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri: jurnalistlərin gözü və sözü sözü ilə...” adlı layihə çərçivəsində Azərbaycanın ön cəbhə bölgəsi olan Tovuzda və Gəncədə səfərdə olublar.

Mynews.az xəbər verir ki, Milli Məclisin deputatı Qənirə Paşayeva qonaqlara rayon haqqında geniş məlumat verib. Qonaqlar “Qala” kompleksində Azərbaycanın müxtəlif dövrlərdə ərazi bütövlüyünü, azaldığını əks etdirən xəritə ilə tanış olmuşlar. Qardaş ölkədən gəlmiş jurnalistlərə Tovuz qalası, ümumiyyətlə Azərbaycanın tarixi barədə geniş məlumat verilmişdir. Sonra jurnalistlər Tovuz rayonun şəhidlər xiyabanını ziyarət edib, ruhlarına dualar oxuyublar. Tovuz rayonunun Ermənistanın Noyamberyan (Şəmşəddin) rayonu ilə sərhəd olan Ağdam kəndinə gəlmişlər. Burada türkiyəli jurnalistlərə Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara, o cümlədən Tovuz rayonunun sakinlərinə qarşı törətdikləri qeyri-insani hərəkətlər, vandalizm aktları haqqında geniş məlumat verilmişdir. Bildirilmişdir ki, Ağdam kəndinin sakinləri hər an ermənilər tərəfindən ölüm təhlükəsi ilə üz-üzə qaldıqları üçün neçə illərdir sərhəd boyunca yerləşən ata-baba məzarlıqlarını ziyarət edə bilmirlər.

Qonaqlar ermənilər tərəfindən kəndin sərhəddə yerləşən qədim ziyarətgah yeri olan Alı Dədə abidəsinin və qəbiristanlığın dağıdıldığının şahidi olmuşlar. Sakinlər qonaqlara ermənilər tərəfindən atəşkəsin tez-tez pozulması barədə məlumat vermişlər. Qonaqlar kəndin gündəlik həyat tərzi, qayğı və problemləri ilə maraqlandılar. Millət vəkili Qənirə Paşayeva Ermənistanla həmsərhəd olan digər kəndlər kimi Ağdamın da Ermənistan ordusunun daimi atəşi altında yaşadığını, törədilən bütün çətinliklərə baxmayaraq, əhalinin mətn və əzmkarlıqla gündəlik həyat məşğuliyyətlərinə davam etdiyini vurğuladı. Mütəmadi olaraq, Ermənistan hərbi birləşmələrinin əkin sahələrində, həyətində işləyən və ya yolda gedən mülki əhalini, eləcə də qadın və uşaqları, yaşlıları hədəf götürməsi, evləri atəşə tutması yay aylarında kəndə gələn suyun qarşısını kəsməsi bir daha işğalçı Ermənistanın əsl mahiyyətini üzə çıxarır. Onun sözlərinə görə, Türkiyədən olan media təmsilçilərinin Azərbaycana gələrək cəbhəyanı kəndlərimizdəki durumla daha yaxından tanış olması Ermənistan-Azərbaycan münaqişəsi, Qarabağ həqiqətlərinin beynəlxalq aləmə daha obyektiv çatdırılmasında mühüm rol oynayır. Türkiyənin jurnalist təşkilatlarının rəhbərləri Azərbaycan həqiqətlərini, azərbaycanlıların necə yaşadıqlarını eşitməyin başqa, gözlə görməyin tamam başqa olduğunu söyləmişdir. Milli Məclisin deputatı Qənirə Paşayeva isə qardaş ölkə jurnalistlərinin burada gördüklərini vətənlərinə qayıtdıqdan sonra daha geniş və ətraflı şəkildə işıqlandıracaqlarına, Türkiyə ictimaiyyətini daha müfəssəl şəkildə məlumatlandıracaqlarına ümidvar olduğunu bildirmişdir. Türkiyəli jurnalistlər burada gördüklərinin dünya ictimaiyyətinə çatdırılmasına çalışacaqlarını demişlər.

Millət vəkili Q.Paşayeva qonaqlarla birgə Ağdam kəndində böyüyüb-başa çatmış və şəhid olmuş Milli Qəhrəman Naiq Yusifovun ailəsini ziyarət edib, valdeynləri ilə görüşdülər. Şəhidin atası Nəsir Yusifov vətənin bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların ailələrini ziyarət etdikləri üçün təşəkkür etdi. Millət vəkili Qənirə Paşayeva bildirdi ki, Naiq Yusifovun, eləcə də digər şəhid qardaşlarımızın vətənə sevgisi, onun uğrunda şəhid olması gənclərimizin vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynayır. Türkiyə Antalya Qəzetçilər Cəmiyyəti, Akdəniz Qəzetçilər Federasiyasının başqanı Mevlut Yeni bildirdi ki, Azərbaycan şəhid ailələrinin acısı onların da acısıdır. O, “Torpaq uğrunda ölən varsa, vətəndir”—deyərək şəhidin ailəsinə belə igid övlad yetişdirdiyi üçün minnətdarlıq etdi. Daha sonra qonaqlar Tovuz rayonunun Yanıqlı kəndindən olan şəhid Elvin Əhmədovun ailəsini ziyarət etdilər. Millət vəkili Qənirə Paşayeva şəhidin ailəsinə başsağlığı verərək şəhidlərin heç vaxt ölmədiklərini, sadəcə cismani olaraq aramızdan ayrıldıqlarını vurğuladı. O bildirdi ki, torpağımızın keşiyində dayanan igid oğullarımızın qəhrəmanlığı gənc nəsil üçün örnəkdir. Daha sonra qonaqlar Yuxarı Öysüzlü kəndindən olan şəhid Abbasov Həsənəli Çingiz oğlunun ailəsinə baş çəkdilər. Şəhidin valideynləri oğullarının vətən uğrunda canını fəda etdiyini bildirdi və Vətən sağ olsun deyiblər. Vətənin bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimizin ruhuna dualar oxundu.

 
 
 
 
 
 
 
 

 

Xəbər lenti