Ömrünü torpağa bağışlayan mayor Vətənə yadigar Zeynəb, son məktub - FOTO

1970
Ömrünü torpağa bağışlayan mayor Vətənə yadigar Zeynəb, son məktub - FOTO

Bu gün 44 günlük Vətən müharibəsi şəhidi Aqşin Nazim oğlu İbadovun doğum günüdür.

Mynews.az xəbər verir ki, o, 1984-cü il avqustun 24-də Lənkəran rayonunun Boladı kəndində anadan olub.

A. İbadov 2001-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2005-ci ildə “Kəşfiyyat” ixtisası üzrə hərbi məktəbi bitirib. Mingəçevirdə, Murovdağ istiqamətində, Gədəbəydə yerləşən hərbi hissələrdə nümunəvi xidmət aparıb. 2015-2018-ci illər arasında müxtəlif ölkələrin hərbçilərinin də qatıldığı kurslarda və seminarlarda iştirak edərək sertifikatlar, diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılıb. A. İbadov həmçinin Hərbi Attaşe kursunu da keçib.

Azərbaycan ordusunun mayoru olan Aqşin İbadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Qəhrəman mayorumuz oktyabrın 19-da Zəngilan döyüşləri zamanı şəhadətə yüksəlib. Lənkəran rayonunda dəfn olunub.

Prezidentin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Aqşin İbadov ailəli idi. O, yeni doğulan övladını, Zeynəbini cəmi bir neçə dəfə görə bilib. Aqşin İbadovun həyat yoldaşı Məhsəti İbadova bildirir ki, həyat yoldaşı sanki şəhid olacağını bilirdi:

“Telefonuna hər şeyi qeyd edərdi. Bilirdim ki, bu dəfə də nəsə yazıb. Telefonunu mənə gətirən kimi qeydlərin içərisinə baxdım. Orada mənə yazılan son məktubunu gördüm. Onun mənə son sözlərini də belə bildim”.

Mayorun mobil telefonundakı son qeydi:

“Narahatlıq. Hər şey o qədər mükəmməldir ki, bu, məni çox narahat edir. İçimdəki səs bu qədər mükəmməlik və xoşbəxtliyin davamında bir şeylər olacağını deyir. Susdurmaq istəsəm də bu səsi, susmur. Hər şey, Hərbi Akademiya, evlilik təklifi, Türkiyə, nişan, nikah, qız toyu, öz toyum, təkrar Türkiyə, bir-birini əvəz edən xoşbəxt günlər, qızımızın dünyaya gəlməsi. Allahım, sənə şükürlər olsun!

Bu qədər gözəlliyin davamında şəhadətə sevinc və könül rahatlığı ilə addımlamağa hazıram. Çünki övladımı əxlaqlı, imanlı, vicdanlı və vətənpərvər ruhda böyüdəcək və şəhadətimin qisasını alması üçün qızımı sağlam ruhda tərbiyə edəcək sevdiyim qadın, həyat yoldaşım, can dostum var. Məsi, səni sevirəm, əzizim! Allaha əmanət ol!”

Xəbər lenti