Hökumət Bakıda və digər ərazilərdə kənd təsərrüfatı və digər təyinatlı torpaqlarda tikilmiş fərdi evlərin taleyi ilə bağlı məsələyə aydınlıq gətirib.
Bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb.
Hesabatda qeyd edilib ki, torpaq sahələrinin kateqoriyalarının dəyişdirilməsi Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli qərarı ilə təsdiq edilmiş "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları "na uyğun olaraq həyata keçirilir. Qaydalara uyğun olaraq, torpaq sahəsinin katetoqriyasının dəyişdirilməsi barədə vəsatət qaldırıldığı və müvafiq sənədlər təqdim edildyi təqdirdə torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi məsələsinə müəyyən olunmuş qaydada baxılır.
Eyni zamanda "Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 iyul tarixli fərmanının icrası olaraq torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və məqsədli təyinatın dəyişdirilməsi ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi barədə təkliflər İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış və aidiyyatı dövlət qurumları ilə razılaşdırma mərhələsindədir.
Hesabatda bildirilib ki, bundan əlavə "Azərbaycan Respublikasında bəzi torpaqlardan səmərəliliyin artırılması haqqında" Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin 2019-cu il 13 may tarixli sərəncamı ilə müvafiq İşçi Qrupu yaradılıb: "İşçi Qrupun fəaliyyəti nəticəsində qüvvədə olan şəhərsalma norma və qaydalarına tam riayət edilməməklə tikilmiş fərdi yaşayış evlərinin və onların yerləşdiyi torpaq sahələrinin hüquqi müqəddəratı ilə bağlı təkliflər Prezident Administrasiyasına təqdim edilib".