Azərbaycanda Məhərrəm ayının başlamasına sayılı günlər qalıb.
Məhərrəm ayının başlanması ilə ölkəmizdə ənənəvi olaraq şənliklərin keçirilib, keçirilməməsi ilə bağlı suallar müzakirə olunur.
İçərişəhər "Cümə" məscidinin axundu Hacı Surxay verdiyi sonuncu açıqlamada məhərrəm ayında sevinməyin belə haram olduğunu bildirmişdi.
Mövzu ilə bağlı Mynews.az-a açıqlama verən ilahiyyatçı Hacı Təyyar Hüseynli məhərrəmlikdə toy edilib-edilməməsilə bağlı öz fikirlərini söyləyib. O bildirib ki, İslam dini matəm yox, sevgi ayıdır. İlahiyyatçının fikrincə, bir neçə şəxsin fikri İslam dininin mövqeyi deyil:
"Hacı Surxay Məmmədli açıqlamalarının birində məhərrəmlikdə toy edənlərin uşaqlarının şikəst olacağını proqnoz vermişdi. Bu, çox absurd fikirdir. İlahiyyatçılar milli-dini məfkurəni sadə şəkildə ictimaiyyətə ötürməlidirlər. Məhərrəmlikdə məsələnin mahiyyətini çatdırmaq lazımdır. Evlənmə, toy-nişan kimi əməllərə İslam çox böyük önəm verir. Odur ki, toy etmək xeyirli və faydalı işlərdəndir. Hətta nikah və evlənmə məsələsi İslamda iqtidarı olanlara vacib əmr olunub. İlahiyyatçıların öngörücü kimi nələrsə söyləməsi qəbuledilməzdir. Şəxsən mənə sual ünvanlansa, deyərdim ki, xeyir mən bu ay şənlik etməzdim. Ona görə ki, bəşəriyyətin sonuncu irsinin ailə üzvlərinə qarşı böyük bir faciə, haqsızlıq baş verib. Mən bu ayda toy etməzdim, insanlara da məsləhət görməzdim. Çünki mənəviyyat baxımından bunu etməmələri məsləhətdir. Bu, mənim şəxsi fikrimdir”.
Qeyd edək ki, ötən gün İçərişəhər "Cümə" məscidinin axundu Hacı Surxay açqılamasında məhərrəm ayında toy edənlərin bədbəxt olacaqlarını demişdi:
"Məhərrəmlikdə sevinmək nə qədər icazəli deyilsə, toy etməkdə o qədər icazəli deyil. Biz övladlarımızı böyüdürük, gələcək nəsillərin inkşafı üçün onları evləndirib, xeyr dua veririk. Toy vaxtını isə 3-4 ay öncədən təyin edirik ki, əlamətdar gün olmasın. Yəni şəhidlik, torpaqlarımız işğal altında olan zaman işğal günlərində toy keçirilmirdi. Bu bizim inancımızdır, heç vaxt unutmamalıyıq.
Məhərrəm ayında toy edənlərin xoşbəxtliyi 99% sual altındadır. Əgər ailə saadətindən, xoşbəxtlikdən danışa bilmiriksə, uşaqların sağlamlığı da sual altında olacaq. Bir din xadimi olaraq bu mənim subyektiv fikrimdir".