12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür.
Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 27 il ötür.
Müstəqil Azərbaycanın ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də qəbul edilib.
1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, onun SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunub. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılıb. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti isə dövlətin əsas qanununu qəbul edə bilməyib.
SSRİ hakimiyyətinə son qoyularaq dövlətimiz müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxdı. Bunun üçün Prezident Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradıldı və bundan sonra Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarıldı. 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyası referendumla qəbul olundu.
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi. Sözügedən referendumda seçicilərin 86 faizi iştirak edib və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verib.
Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə minib.
Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb.
Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. Buna qədər üç dəfə Konstitusiyamıza dəyişiklik edilib: 2002-ci il avqust, 2009-cu il mart və 2016-cı il sentyabr. Müvafiq tarixlərdə referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib.
Konstitusiya günü bayram kimi qeyd olunsa da, noyabrın 12-si iş günüdür.
Azərbaycan Respublikasının Konstitusiya Günü bundan sonra daha fərqli əhval-ruhiyyədə qeyd olunur. Çünki ötən il Müzəffər Azərbaycan Ordusu döyüş meydanında tarix yazaraq öz ərazi bütövlüyünü bərpa edib. Azərbaycan xalqı dövlət başçısı İlham Əliyevin ətrafında yumruq kimi birləşərək tarixi ədalətsizliyə son qoyub. Odur ki, bu il Azərbaycan xalqı üçün hər bir özəl günün anlamı ikiqat dəyər daşıyır. Konstitusiya Günümüz bu il uzun müddətdən sonra ərazi bütövlüyünü bərpa etmiş ölkəmizin hər bir yerində böyük qürur və iftixar hissi ilə qeyd olunacaq.