Dünən Nazirlər Kabineti xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərar verdi. Həmin qərara əsasən artıq bu gündən etibarən hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycana giriş-çıxışına icazə verilib. Həmçinin xarici ölkə vətəndaşlarının ölkəyə giriş və çıxışı zamanı COVID-19 pasportu ilə bağlı tələb ləğv edilib. Amma quru sərhədlərin bağlı qalması ilə bağlı qərar dəyişmədi.
Sputnik Azərbaycan pandemiya dövründə quru sərhədlərin bağlanması ilə bağlı qərarın nə vaxt ləğv olunacağını araşdırıb.
Nazirlər Kabinetindən bununla bağlı sorğumuza cavab verilmədi.
Millət vəkili Razi Nurullayev Sputnik Azərbaycan-a açıqlamasında Nazirlər Kabinetinin xüsusi karantin rejimində tətbiq etdiyi bir sıra qadağaların aradan qaldırılmasının günün tələbi olduğunu söylədi.
Bildirdi ki, bütün dünyada pandemiya dövründə qəbul edilmiş qərarlar ləğv edilir. Azərbaycanda da xarici ölkə vətəndaşlarının ölkəyə giriş və çıxışına icazənin verilməsi, eləcə də COVID pasportu tələbinə artıq ehtiyac qalmamışdı.
R.Nurullayev bildirib ki, artıq quru sərhədlərlə bağlı qərarın da ləğv olunmasının vaxtı çatıb:
"Məndə olan məlumata görə, may ayının 1-dən etibarən xüsusi karantin rejimi müddəti artıq uzadılmayacaq. Bununla da mayın 1-dən quru sərhədlər açılacaq. Bu çox sevindirici xəbərdir.
Deputat bildirib ki, quru sərhədlərin bağlı qalması insanlarımızın quru sərhədlərlə kiçik ticarətlə məşğul olmasına ciddi maneə yaradırdı.
"Bu, 300-400 min insanı qazanc əldə etməkdən məhrum etmişdi. Həmçinin xaricdən ölkəmizə gəlmək istəyən insanlara problem yaratmışdı. Təyyarə biletləri baha olduğundan xaricdə yaşayan soydaşlarımız ölkəmizə gəlməkdə çətinlik çəkirdi. Quru sərhədlərin açılması iqtisadiyyatın canlanması ilə, vətəndaş narazılığının aradan qaldırılması ilə nəticələnəcək", - deyə R.Nurullayev vurğulayıb.
Millət vəkili bildirib ki, quru sərhədlərin illərdir bağlı qalması psixoloji baxımdan da insanlara təsir edirdi. Onun sözlərinə görə, quru sərhədlər açılarsa, turizm sənayesi də canlanacaq.
"Quru sərhədlərin açılması nəticəsində Türkiyədən Gürcüstan vasitəsilə, eləcə də Rusiyadan xeyli sayda insan Azərbaycana axışacaq. Quru sərhədlərin bağlı qalması turizm sənayesinin 30-40 faiz aşağı düşməsi ilə nəticələnib. Quru yolla Azərbaycana xeyli turist gəlirdi. Təkcə Rusiyadan il ərzində bəlkə də yarım milyon insan keçib gəlirdi".
Deputat bildirib ki, Rusiya, Gürcüstanla quru sərhədlər açılsa da, İranla sərhədlərin açılıb-açılmayacağı barədə hökumət ayrıca qərar verməlidir. Onun sözlərinə görə, buna səbəb İranın son vaxtlar Azərbaycana qarşı düşmən mövqeyi tutması, təhdid mesajları ötürməsidir.
Qeyd edək ki, bir müddətdir ki, Gürcüstan mediasında Azərbaycanın quru sərhədlərinin açılacağı ilə bağlı məlumatlar yer alıb. Koronavirus pandemiyası səbəbindən bağlanan sərhədlərin mayın 1-dən etibarən açılacağı deyilir. Gürcüstanın yerli "BusinessPressNews" saytının yazdığına görə, mayın 1-dən etibarən Azərbaycanın qonşu dövlətlərlə, o cümlədən Gürcüstanla quru sərhədlərini açacağı gözlənilir.
Xatırladaq ki, COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda "xüsusi karantin rejimi" 2020-ci ilin mart ayından etibarən tətbiq edilir. Həmin ilin aprelindən isə ölkədə bir sıra qapanmalarla yanaşı, Azərbaycanın quru sərhədləri də bağlanıb. Hazırda pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırılsa da, sərhəd 3 ildir ki, bağlıdır.
Məlumat üçün bildirək ki, Azərbaycanda son sutkada koronavirus infeksiyasına 22 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb. Ölkədə aktiv xəstə sayı 140 nəfərdir. Son sutkada bu virus səbəbindən 5 nəfər vəfat edib.