Bu gün və sabah Azərbaycanda Ramazan bayramı qeyd olunur.
Mynews.az xəbər verir ki, müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci ilindən (624-cü il) qeyd olunmağa başlayıb.
Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, vicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.
Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.a.s.) tərəfindən Mədinədə bu məqsədlə Ramazan ayı keçiriləndən başlayır. Məhz Ramazan ayının son 10 gecəsinin birində Quran nazil olmağa başlayıb.
Bu gecə "leylətul-qədr” - qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqqında belə yazılır: "Biz bu gecə, həqiqətən, qüdrət, əzəmət hədiyyə etmişik; bu gecə 1000 aydan da qüdrətlidir. Mələklər aşağı enərək Allahın əmrini gözləyirlər, bu gecə şəfəq doğanadək əmin-amanlıq, sülh olacaq” (97:1-5).
Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib ki, Ramazan Bayramı ilə əlaqədar bayram namazı aprelin 10-da qılınacaq.
Ayın 10-da məscidlərdə namaz vaxtları müvafiq olaraq səhər saat 8-11 aralığında dəyişəcək: belə ki, Əjdərbəy və Heydər məscidlərində bayram namazı saat 08:00-da elan olunub. Digər məscidlərdə bayram namazının vaxtı saat 09:00-a təyin olunub.
Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 11-dən başlayıb.