Azərbaycanda son bir ildə 5 min eşşək yoxa çıxıb.
Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2015-ci ildə Azərbaycanda 40 min eşşək var idi, 2016-ci ildə isə bu rəqəm 35.8 min baş təşkil edib.
Ümumilikdə 2008-ci ildə Azərbaycanda eşşəklərin sayı 47.8 min baş təşkil edirdisə, hazırda bu rəqəmdə 10 minə yaxın azalma qeydə alınıb.
Arxeoloji və yazılı mənbələrə əsasən, eşşəkdən yük heyvanı kimi tunc dövründən istifadə edilib. Dəvə karvanın müşayiət edən sarbanlar və çarvadarlar həmişə karvanın qabağında uzunqulağa miniblər. Çünki yaxşı yaddaşı olan uzunqulaq bir dəfə keçidiyi təhlükəli yoldan ikinci dəfə keçməzdi. Hazırda bu yük heyvanından o qədər də istifadə edilmir. Buna görə də, eşşəklərin sayında azalma müşahidə olunur.
Məsələ ilə bağlı baytar həkim Vüqar İsayev Metbuat.az-a açıqlamasında deyib: “Elm-texnikanın olmadığı dövrdə eşşəklərin sayı da çox idi və onlara tələbat da var idi. Daha çox dağlıq ərazilərdə çətin keçilən yollarda eşşək nəqliyyat vasitəsi kimi istifadə olunurdu. Ancaq elm-texnika inkişaf etdikcə eşşəyi digər nəqliyyat vasitələri ilə əvəz etməyə başladılar. Ağır fiziki işlərdən yüngül işlərə keçid başladı. Hətta dağlıq ərazilərdə yaşayanlar heyvandarlıqla az məşğul olduqları üçün eşşəklərin nəslini artırmaq ehtiyacı duymur. Bu da heyvanların nəslinin tükənməsinə, sayının azalmasına səbəb olur”.