Mynews.az xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Əşrəf oğlu Kərimi vəzifəsindən azad edilib.
Siyavuş Kərimi kimdir?
Siyavuş Kərimi 1954-cü il noyabrın 9-da Bakıda dünyaya gəlib. 1961–69-cu illərdə Bakıda 159 sayılı tam orta məktəbdə təhsil alıb. 1969–72-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tar sinfini bitirib. 1972–77-ci illərdə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1979-cu ildən başlayaraq Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının orkestrində solist musiqiçilərdən biri, "Azkonsert", "Aşıqlar" qrupunun, "Cəngi" estrada-folklor ansamblının, Azərbaycan Televiziyası və Radiosunun estrada-simfonik orkestrinin üzvü, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının Rafiq Babayev adına musiqi studiyasında bədii rəhbər vəzifələrində çalışıb.
S. Kərimi çağdaş musiqi tariximizin beynəlxalq miqyaslı bir çox layihələrinin müəllifi kimi tanınır. 1997-ci ildə Azərbaycan-Norveç, 2002-ci ildə Azərbaycan-Cənubi Amerika musiqi layihələri onun rəhbərliyi altında uğurla gerçəkləşib. S. Kərimi "Sarı gəlin", "Sonuncu döyüş", "Əlvida, cənub şəhəri", "Girov" və s. geniş ekranlı bədii, 9 seriyalı "Heydər Əliyev" televiziya filmlərinin, 2 animasiya filminin və 10 teatr tamaşasının musiqi müəllifidir. 2003-cü ildə Akedemik Milli Dram Teatrının səhnəsində qoyulan "Hamlet" tamaşasına yazdığı musiqiyə görə "Qızıl Dərviş" mükafatına layiq görülüb. S. Kərimi "Saz məktəbi" dərsliyinin həmmüəllifi, iki cilddən ibarət "Azərbaycan xalq mahnıları" məcmuəsinin tərtibçisidir.
Siyavuş Kərimi 2014-cü ildə musiqi təhsili sahəsində səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə, 31 dekabr 2020-ci ildə isə Azərbaycanda milli musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilib.
2024-cü ilin noyabr ayında Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
2005-ci ildən Azərbaycan Milli Konservatoriyasının rektoru olub və 27 noyabr 2024-cü ildə Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilib.