Bakıda tıxac problemi daimi olaraq öz aktuallığını qoruyub saxlayır. Hamı gileylənir, sərnişin də, sürücü də, polis də və hətta AYNA adlı yeni qurum da. Maraqlı burasıdır ki, heç kim bunun əsl səbəbini göstərə bilmir. Daha doğrusu hər qurum günahı başqa yerdə axtarır. Düzdür, Allah xatirinə deyək ki, son illər ölkənin bütün bölgələrində yol infrastrukturu yenilənir, insanlar üçün əsl komfort yaradılır. Amma...
"Əmma"sı da budur ki, təkcə yol inşa etməklə tıxac problemi aradan qalxmır və bunu yaranan problemlər də sübut edir. Məsələ burasındadır ki, tıxaca səbəb yol nişanlarının düzgün qoyulmaması, naşı formada tətbiqi sürücülərə əsl cəhənnəmi yaşadır. Bir sözlə, dövlətin milyonlar xərcləyib inşa etdiyi yollar, yol qovşaqları kimlərinsə səriştəsizliyi sayəsində əsl fəlakət zonasına çevrilir. Yüzlərlə maşın 3, 4 və hətta 5 saat tıxacda qalmalı olur.
Mynews.az saytının əməkdaşının yenidən qurulmuş Ukrayna dairəsində rastlaşdığı mənzərə sözlə ifadə ediləsi deyil. Axşam saatlarından başlanan tıxac gecənin yarısına qədər insanları öz evinə rahat getməsinə əngəl törədib, sürücülər arasında əsəb gərginliyi keçirənlər olub.
Maraqlıdır, niyə indiyə qədər Ukrayna dairəsində bu qədər tıxac olmurdu? Niyə yenidən qurulmadan sonra bu acınacaqlı durum yaşanmağa başlayıb. Yoxsa, yenidənqurmadan sonra Ukrayna dairəsinin gözəlliyinmə tamaşa etmək istəyən şəhər əhalisi bura axın edib, yoxsa sürücülərin tıxac yratmaq həvəsi yaranıb? Yox, bunların heç biri olmayıb, görünən budur ki, kimlərinsə yeni "icadı" Ukrayna dairəsinə yeni ab-hava gətirib. Yenidənqurma əməliyyatı yeni növ tıxacla nəticələnib.
Mövzunu davam etdirəcəyik.
Bu, Ukrauna dairəsinin əvvəlki halıdır... Ən əsası TIXAC yoxdur.