USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Repetitor “biznesi” məktəbi və təhsili çökdürür.... - Problem

14:24 17.12.2024
Repetitor “biznesi” məktəbi və təhsili çökdürür.... - Problem
14:24 17.12.2024

“Bu gün əlavə ödənişli məşğələlər məktəblərdə dövlətin tədris proqramını lazımsız vaxt itkisinə çevirib”

Məktəblərimizdən danışacayıq. Müasir, ən yüksək infrastruktura malik məktəb binalarımız, işıqlı otaqlarımız var. İnsaf üçün bu məsələdə irəliləyiş yüksəkdir. Düzdür, bunu bütün ucqar rayonların hamısına da şamil etmək çətin məsələdir. Elə ucqar kənd məktəblərimiz var ki, hələ də ötən əsrdə sovetin vurduğu tünd qırmızı rəngli taxta döşəmələrdə, “Nikolayın qoyub getdiyi taxta qapılarda” dərslər keçirilir. Amma ümumi götürdükdə məktəb tikintisində, müasir sinif otaqlarının yaradılmasında mühüm işlər görülüb.

Lakin məsələ bər-bəzəkdə deyil, təhsilin keyfiyyətindədir. Hə, gəldik əsas məsələyə. Son illər tez-tez orta məktəblərdəki tədris proqramının zəifliyi, repetitor xidmətinin dövlət tədris proqramını üstələməsi, müəllimlərin daha çox ödənişli məşğələlərdə şagirdlərlə məşğul olmağa maraq göstərmələri barədə şikayət və iddialar mətbuatı və sosial şəbəkələri başına götürüb gedir. Bu məsələyə görə müəllimləri “asıb-kəsənlər”, məktəblərdə təhsili inkişaf etdirmək əvəzinə fironluq edən məktəb direktorlarını haqlı olaraq tənqid edənlər yetərincədir. Hər kəs məktəblərdəki hazırkı xaos dolu qeyri-müəyyənlikdən, valideynləri maddi sıxıntılara salan əlavə ödənişli məşğələlərdən dad çəkir. 

Bəs reallıq necədir, niyə müəllimlər sinifdə dərs dedikləri uşaqlara bilik və bacarıqlarını həmin dərs saatlarında deyil, dövlətin tədris proqramından sonrakı ödənişli məşğələlərdə öyrədirlər? Buna nə ad vermək olar - müəllimlərin maddi marağı, maaş azlığı, daha çox qazanmaq hərisliyi, yoxsa məktəb direktorlarının bilərəkdən yaratdıqları repetitor biznesi? Məktəbdəki birinci sinif şagirdindən başlamış hər fənn üçün aylıq azı 80-100 manat arası qazanan müəllim bu qazancı tək yeyə bilməz axı...

Hər nədirsə bircə həqiqət odur ki, məktəblərdə təhsil sürətlə aşağı düşməkdə, nizam-intizam axsamaqda, repetitor biznesi isə “çiçəklənməkdədir”. Vəziyyət o həddə çatıb ki, pedaqoji idarəçilik, xüsusilə nizam-intizam boşluğu üzündən şagird azğınlaşır, müəllim sinifdə təhqir olunur, məktəblilər bir-birini alçaldan hərəkətlər edib sosial şəbəkələrdə yayırlar. Hanı məktəblərdə İDARƏÇİLİK? İdarəçilik nə gəzir. Əvəzində pedaqoji işdən xəbəri olmayan məktəb direktorları tədris əvəzinə fironluqla məşğuldurlar.

Əlbəttdə dövr dəyişir, tələb və tələbatlar da yenilənir, eləcə də tədris proqramındakı proseslər də bu sıradadır. Amma dəyişilməsi mümkünsüz olan tək məsələ - məktəblərdəki ciddi tədris proqramının vacibliyi, şagirdlərin əsaslı biliklə təmin olunmasıdır. Təhsil, bilik təminatı bir ölkə üçün, böyük bir xalqın gələcəyi üçün vacibdən vacib məsələdir. Amma min dəfə təəsüf olsun ki, son illər məktəblərimizdə nizam intizamla yanaşı təhsil keyfiyyəti də dərənin dibinə yuvarlanıb.

Haqlı olaraq sual ortaya çıxır - niyə ölkəmizdə təhsil tam ödənişsiz olduğu halda,  valideynlərin şəxsi büdcəsi hesabına şagirdlər hətta 1-ci sinifdən başlayaraq ödənişli repetitor xidmətinə üz tutumalıdırlar? Nəyə görə, məktəblər də buna şərait yaradaraq öz reputasiyalarını aşağı düşürməlidirlər? Sual aydındır, cavab isə qaranlıqlarla dolu cəncəl məsələlərdən keçir. Əlbətddə hər bir valideyn öz övladının universitetə qəbul olunmasını arzulayır və hər bir şagird də universitet həyatına atılmağı səbrsizliklə gözləyir. Yuxarıda da qeyd etdiyimiz kimi, dərd orasındadır ki, şagird daha çox məktəbdə ona dərs deyən müəllimlərin repetitor xidmətindən istifadə edir.

Müəllim dövlətin tədris saatında şagirdə öyrətməli olduqlarını əlavə məşğələyə saxlayır. Çünki bunda maddi maraqları var. Yuxarıda qeyd etdiyimiz kimi, həm daha çox qazanmaq, həm əlavə məşğələni açıq biznes işinə çevirmək, həm də dövlətin ayırdığı əmək haqqı ilə dolana bilməmək –EHTİYAC!

Əlbətdə müəllimin maddi təminatı o dərəcədə yüksək olmalıdır ki, o şagirdinin cibinə deyil, başındakı biliyə boylansın. Müəllimin maddi təminatı həm də məktəbin, təhsilin yüksək nüfuzunun təminatıdır. Amma gərək müəllimin də maddi gəlirdən başqa, müəllimlik adını uca tutması, mənəvi dəyərlərə sahib olması, bir xalqın gələcəyinin ona etibar edildiyi barədə məsuliyyəti olmalıdır. Axı hər şey qarından və puldan ibarət ola bilməz...

İndikilər bilməz, biz ötən əsrin 80-90-cı illərində orta məktəbdə oxuyarkən müəllimlərimizə ilahi varlıq kimi baxardıq. Geyim mədəniyyəti, danışıq qabiliyyəti, şagirdlə davranış qaydaları- bütün bunlar o zamankı müəllim kontingentini müsbət mənada fərqləndirirdi. Amma ən əsası məktəbdəki müəllim dərs dediyi şagirdlə elə bir güclü bağ yaradırdı ki, insan bir ömür o gözəl pedaqoqları yaddaşında əbədi saxlayırdı..

Düzdür, indi də fəxr ediləsi müəllimlərimiz kifayət qədərdir, lakin məktəblərdəki hazırkı ab-hava bu nikbinliyimiz üçün böyük təhlükə yaradır. Axı hər kəs, ilk növbədə müəllimlərin özləri yaxşı bilirlər ki, müasir tədris metodikalarının tətbiqi ilə şagirdlərin marağını artırmaq və dərsləri daha effektiv etmək mümkündür. Dərslik və proqramları yeniləyərək sadə, başadüşülən və praktiki etmək, çox yüklü materialları azaltmaq bu gün vacibdən vacibdir. Təhsil proqramı şagirdlərin bacarıqlarına və inkişaf səviyyəsinə uyğunlaşdırılmalıdır. Fərdi yanaşma ilə müəllimlər zəif şagirdlərə əlavə dəstək göstərməlidirlər. Siniflərdə fərdi yanaşma metodlarından istifadə etməklə hər şagirdin ehtiyacları nəzərə alınmalıdır. Xüsusilə bu son qeyd etdiklərimiz şagirdləri məktəbə daha çox bağlayar, məktəbin bilik məbədi kimi nüfuz qazanmasına təkan verər.

Kəsəsi, müəllim zəif oxuyan şagirdinə dəstək olmalı, əsl pedaqoq kimi ona əlavə vaxt ayırmaqla xüsusi yanaşma göstərməldir. Müəllimlik peşəsini hər şeydən uca tutan, bu müqəddəs sənətə ləyaqətlə yanaşan pedaqoqlar bu gün ölkəmiz üçün əsl sərvət sayılmalıdır. Çünki məhz onlar Azərbaycanın işıqlı sabahı üçün dəyərli insanlar - sabahın ləyaqətli vətəndaşlarını yetişdirirlər. 

Məncə artıq Təhsil Nazirliyi məktəblərdəki tədris və idarəmilik məsələlərinə ağırlığını qoymalı, həm məktəbi, həm müəllim nüfuzunu, həm də repetitor ödənişlərindən beli ikiqat bükülmüş, sosial problemlərin məngənəsində sıxılan valideynləri XİLAS etməlidir. Çünki sabah çox, həm də çox gec olacaq cənablar!

Mətləb Salahov


Xəbər lenti

300x200r