USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Bahalaşma əhalinin vəziyyətini necə ağırlaşdırır? - Faktlar

12:15 05.01.2025
Bahalaşma əhalinin vəziyyətini necə ağırlaşdırır? - Faktlar
12:15 05.01.2025

Yeni ilin ilk günlərində Tarif Şurası tərəfindən kommunal xidmətlərin qiymətlərinin bahalaşdırılması əhalinin bayram əhvalını tamam korladı. Heç bir əsas olmadan əksər xidmətlərin qiyməti artırıldı- qazın, elektrikin, istiliyin və s. Eyni zamanda, bəzi sahələrdə qoyulmuş limit də azaldılıb. Bu isə əhalinin vəziyyətini bir az çətinləşdirir. Artıq qışda bir çox evləri qızdırmaq maddi cəhətdən mümkün olmur və bir çoxları soyuqda yaşamağa məcbur olur.

İstiliyin qiymətinin bahalaşması məhz aztəminatlı əhaliyə zərər vurur. Çünki, istilik xidməti ilə təmin olunan köhnə binalarda məhz aztəminatlı əhali yaşayır. Bu insanlar həm qaza daha artıq pul ödəməli olacaq, həm elektrik, həm də istilik xidməti üçün. Eləcə də, həyət evlərində yaşayan imkansız ailələr üçün vəziyyət daha da pisləşmiş olur. Belə ki, bu evləri qızdırmaq üçün ayda 300-400 manat qaz pulu tələb olunur. Üstəlik, elektrikin də qiymətinin bahalaşdırılması xüsusən də regionlarda, kəndlərlə yaşayan insanları daha ağır vəziyyətə salır. Bir çox evlərdə qaz olmadığı üçün elektriklə qızıdırılır. Nəzərə alsaq ki, rayonlarda çoxu işsizdir və ya çox az maaşa işləməyə məcburdur, o halda bu artımların əhalini daha ağır vəziyyətə saldığını görə bilərik.


Ümumiyyətlə, qazın və elektrikin qiymətlərinin mütamadi olaraq bahalaşdırılmasının heç bir iqtisadi əsası yoxdur. Getdikcə, Azərbaycanda təbii qaz və elektrik istehsalı artır, özü də o dərəcədə ki satmağa yer də tapa bilmirik. Qaz və elektrikin istehsalının bahalaşmasına təsir edəcək heç nə baş verməyib, bu halda onların qiymətinin niyə yüksəldilməsinin heç bir izahı yoxdur, ola da bilməz.


İstisnasız olaraq bütün qonşu ölkələrdə kommunal xidmətlərin qiymətləri bizdən ucuzdur. Nəzərə almalıyıq ki, bu regionda ən aşağı maaş və pensiyalar da bizim ölkədədir. Heç uzağa getməyək, Gürcüstan və Ermənistanda maaş və pensiyalar, sosial müavinətlər bizdən yüksək, qiymətlər isə bizdən ucuzdur. Bunun heç bir izahı yoxdur, ola da bilməz. Faktiki olaraq biz sosial cəhətdən Qafqazda axırıncı yerdəyik və yoxsul əhali kateqoriyasına daxilik. 


Çox qəribədir ki, ölkənin gəlirləri artdıqca, əhalinin sosial vəziyyəti ağırlaşır. Hər il dövlət büdcəsinin gəlirləri 4-5 milyard manat artır, buna baxmayaraq ölkədə bahalaşmalar dayanmır. Keçən ilin real inflyasiyası təxminən 50 faizdir, lakin rəsmi statistikada gülünc rəqəmlər səsləndirilir- 2-3 faiz.
Faktiki olaraq, son 2 ildə əhalinin gəlirlərinin alıcılıq qabiliyyəti 2 dəfə aşağı düşüb, başqa sözlə manatın faktiki dəyəri 2 dəfə azalıb. Daha dəqiq desək, əhali daha 2 dəfə yoxsullaşıb. Bunu görmək üçün mağazalardakı qiymətlərə baxmaq və 2 il əvvəlki qiymətlərlə müqayisə etmək kifayətdir. Ətin qiyməti 50 faiz, kərə yağı 70-80 faiz, meyvə-tərəvəz 30-40 faiz, konsevrləşdirilmiş emal məhsulları 40-50 faiz, digər ərzaq məhsulları isə 30-60 faiz arasında bahalaşıb. Qeyri-ərzaq məhsullarında da bahalaşma 30-50 faiz arasındadır. Ümumilikdə, son 1 ildə bahalaşma orta hesabla 50 faiz təşkil edib. Amma maaş və pensiyaların artımı 8-10 faiz civarındadır. Beləliklə, əhalinin bahalaşmalara sərf etdiyi əlavə vəsaitin yalnız 20 faizi kompensasiya edilib. Başqa sözlə, maaş və pensiyalar azı 50 faiz artmalı idi ki, artımları indeksasiya edə bilsin. Nəzərə alsaq ki, bahalaşmalar bu il də davam edəcək, maaş və pensiyalar isə yerində qalacaq, onda əminliklə demək olar ki, əhalinin vəziyyəti 2 dəfə ağırlaşacaq.


Son dövrlərdə, saysız hesabsız cərimələrin, rüsumların artırılması da əhaliyə ağır zərbə vurur. Kommunal xidmətlərin, yanacağın, cərimələrin, verilərin, rüsumların artırılması nəticəsində istehsalçıların, xüsusən də kiçik sahibkarların da vəziyyəti ağırlaşır və onlar maya dəyərinin artması səbəbi ilə məhsul və xidmətlərini bahalaşdırmağa məcbur olurlar.
Hesab edirik ki, kommunal xidmətlərin bahalaşdırılmasının əsas səbəblərindən biri də istehsalçı və təchizatçı dövlət orqanlarının maya dəyərini qəsdən şişirtməsi ilə bağlıdır. Məsələn, su təsərrüfatında itkilər bizdə dünya rekordu vurub- 30-35 faiz təşkil edir. Nəticədə bu itkilər suyun maya dəyərinə təsir edir və onu əhalinin hesabına kompensasiya edirlər. Eyni vəziyyət digərlərinə də aiddir.
Aidiyyatı hökumət orqanları iqtisadiyyatı inkişaf etdirə bilmədiyindən, pulu əhalinin cibindən çıxarmağa çalışır. Bu ilki dövlət büdcəsində 840 milyon manat cərimədən gəlir gələcəyi hesablanıb. Bu nə deməkdir? Bəlkə heç kim qaydanı pozmadı, necə cəriməyə ümidli ola bilirsiniz? Deməli, nə yolla olur-olsun bu məblği əhalidən çıxarmaq nəzərdə tutulub.
Ölkənin gəlirləri əsasən məhsul istehsalından əldə olunmalıdır, vergilər vasitəsilə. Bunun üçün hökumət özünə bir az əziyyət verib iqtisadi istehsal sahələri yaratmalıdır. Nəinki, pulu əhalidən çıxarmaq. Gömrük rüsumlarının artırılması düzgün büdcənin əsas gəlir yerlərindən biri olmamalıdır, bu halda ölkədə bahalaşmalar yaranır və manatın dəyəri aşağı düşür.


Cənab Prezident həmişə bəyan edib ki, Azərbaycan sosial dövlət prinsipini əsas götürüb. Sosial ölkələrdə büdcənin sosial xərcləri 70-80 faiz təşkil edir. Bizdə büdcənin 40 faiz sosial xərclərə ayrılıb. Lakin onun da yarısını müxtəlif bəhanələrlə insanların əlindən almaq lazım deyil.
Bu səbəbdən dövlət başçısı bu məsələlərə müdaxilə etməli, Tarif Şurasının əsaslandırlımamış artımlarını ləğv etməlidir. Əgər ölkədə inflyasiya gedirsə, onda maaş və pensiyalar da ona uyğun indeksasiya edilməlidir. Əgər hökumət əlavə xərcə düşmək istəmirsə, onda bahalaşmaların qarşısını almalıdır.

Elşən Abbasov 


PS: Sonda bir məqama da toxunaq. Hörmətli həmkarlar, sizin borcunuz hər şeyi öz adı ilə adlandırmaqdır. Bahalaşmanın adını "müəyənləşmə", "dəyişmə", "tənzimlənmə" kimi uyğun olmayan sözlərlə dəyişmək sizin üçün ən azı ayıbdır. Əgər hamı hər şeyi bilirsə, siz kimi aldatdığınızı güman edirsiniz ki?!


Xəbər lenti

300x200r