USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

SSRİ nişanlı “Vışka” qəzeti - YANLIŞLIQ, YOXSA NƏ?

13:37 21.02.2025
SSRİ nişanlı “Vışka” qəzeti - YANLIŞLIQ, YOXSA NƏ?
13:37 21.02.2025

Rusiyanın hava məkanında, konkret olaraq Qroznı şəhəri üzərində AZAL dövlət şirkətinə məxsus təyyarənin vurulmasından sonra iki ölkə arasında başlanan gərginlik bu gün də qeyri-müəyyən olaraq qalmaqdadır. Rusiya dövlətinin başında duranlar konkret fikirlər səsləndirmədikləri halda aşağı eşalonda, xüsusən də deputatlar səviyyəsində Azərbaycan dövlətinin və xalqının ünvanına hədyanlar, bütün baş verənlərin günahkarı bizim olduğumuz kimi cəfəng fikirlər səsləndirilir. Bu hadisələrlə üst-üstə düşən digər bir olay isə münasibətlərdə növbəti gərginliyin əsasını qoyub. Azərbaycanlı miqrantların deportasiyası, soydaşlarımızın Yeni Torpaqlara (rus dilində Novaya Zemlya) sürgün edilməsi ideyasını verənlər də Dövlət Dumasının deputatlarıdır. 

Azərbaycanda isə şər yuvasına dönmüş “Rus evi”nin qeydiyyat problemi səbəbindən qapadılması, qanunsuz fəaliyyət məsələsinin gündəmə gəlməsi bəzi ruspərəstlərin kürkünə birə salıb. Bir sözlə, Rusiyada və Azərbaycanda “casus ovu” mövsümü başlayıb. “Rusiya dövləti bir dənə də olsun Azərbaycan dilli məktəbi maliyyələşdirmədiyi halda, Azərbaycanda 350-dən çox rus məktəblərini niyə maliyyələşdirməlidir” sualı ilə başlanan haqlı iradlardan sonra bəzi “rusbaşlı”ların canfəşanlığının da şahidi olmaqdayıq. Maraqlıdır, azərbaycanlı niyə özünü, öz dilini, öz kimliyini qorumaq, müdafiə etmək əvəzinə dar macalda yad dilin, yad kimliyin müdafiəçisi rolunda çıxış edir. Maraq nədir? Dil bilmək qəbahət deyil ki, amma dil üzərindən siyasət qurmaq, əlində olanları başqasının maraqlarına qurban vermək, üstəlik başqalarını da öz arxanca sürümək, bu artıq dilimizə, kimliyimizə qarşı həqarət və düşmənçilikdir.

Bu gün səhər qəzetləri vərəqləyirdim, qarşıma çox maraqlı bir görüntü çıxdı. Dəqiqləşdirim, “Vışka” qəzetini yəqin ki, eşitməmiş deyilsiniz. Tərtibatından, qeydlərindən görünür ki, SOCAR şirkətinin maliyyəsi ilə dərc olunur. Yanlışlığım varsa, öncədən üzr istəyirəm. Məsələ bu qəzetin hansı qurum tərəfindən maliyyələşməsi deyil, məsələ... Rus dilində çıxan qəzetin son səhifəsində loqo təsvir edilib, yanında isə SSRİ-nin mövcudluğunu təsdiq edən, varlığına şübhə yeri qoymayan, bizə Sovet hakimiyyətinin yenidən zühr etdiyini sübut edən əlamət, gerb, nişan… nə bilim nə, təsvir edilib. Özümü də, sizi də çətinə salmadan diqqətinizi fotoya yönəltmək istəyirəm. Baxın və özünüz də qiymət verin.

Sizcə, SSRİ-nin varlığını sübut etməyə çalışan bu gerb-nişanla bizə hansı mesajları verirlər? Hə, deyərsiniz ki, bəlkə yaddan çıxıb, işin çoxluğundan kiminsə diqqətindən yayınıb. Qəzetin üz qabığında, birinci səhifədə neft buruğu səkkizgüşəli ulduzun ortasında təsvir edilib. Bəs həmin yarlıq-emblemin son səhifəyə yerləşdirilməsi niyə unudulub, həm də düz 30 il?

“Vışka” qəzetinin rəhbərliyindən, yaradıcı heyətdən cavab gözləyirik.


Xəbər lenti