USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

AQTA-da yoxlamalar başlanır? 13 milyonluq tender...

14:53 21.02.2025
AQTA-da yoxlamalar başlanır?  13 milyonluq tender...
14:53 21.02.2025

Narazılıq, talanan büdcə, haqsız qalibiyyətlər… Söhbət vaxtaşırı müzakirəyə çıxarılan tenderlərdən gedir. Bu sahədə vəziyyət ürəkaçan deyil. Xüsusən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) 2024-cü ildə toplam 24 tender keçirməsi ilə bağlı məlumatlar birmənalı qarşılanmayıb. Belə ki, bu tenderlər üzrə açıq mənbələrdə qurumun 17 745 543 manatlıq satınalma müqaviləsi bağladığı qeyd olunur.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) 17 milyonluq tenderlərin 13 milyonunu bir şirkətə həvalə etdiyi üzə çıxıb. Məsələnin maraqlı tərəfi odur ki, AQTİ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tərkibində fəaliyyət göstərir və onun rəhbəri Əli Nəbiyevdir. Açıq mənbələrdə Nəbiyevin AQTA rəhbəri Qoşqar Təhməzlinin yaxın adamı olduğu bildirilir.

Bu məlumatlar keçirilən tenderlərin şəffaflığını şübhə altına alırmı? Yoxlamalar başlana bilərmi?

Mynews.az xəbər verir ki, Globalinfo.az-a danışan AĞ partiya sədri Tural Abbaslı deyib ki, təkcə AQTA və onun nəzdində yerləşən institutlar deyil, ölkədə bir çox müəssisələrdə keçirilən tenderlərlə bağlı qaranlıq məqamlar var:

“Problemi qaydaya salmaq zamanıdır. Çünki tenderlər maliyyənin bəlli bir qrupun əlində cəmləşməməsi, digər şirkət, xidmət sahələrinin də yaşaya bilməsi üçün keçirilir. Tenderlər yeni iş yerlərinin açılması, dövlət büdcəsindən ayrılan vəsaitin vətəndaşlar arasında nisbətən bərabər paylanması baxımından önəmlidir. Buna baxmayaraq, vəzifədə olan şəxs yaxud onun ətrafı tenderlərdən bir gün, uzağı üç ay əvvəl şirkət açır və qazanan yenə onlar olurlar. Bu məsələni tənzimləyən qanunlar var, sadəcə olaraq siyasi iradə vacibdir”.

T.Abbaslı qeyd edib ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tenderlərə, dövlət satınalmalarına nəzarət edir:

“Bu günə qədər böyük tenderlərin ləğvini və ya hansısa şəffafsızlığın aradan qaldırıldığını görməmişik. Görünür, mexanimiz qurulub və heç kim bundan narahat deyil. Tanıdığım bir sıra kiçik biznes sahibkarları var və onların bu sahədən heç bir qazancı yoxdur. Dövlət müəssisələrində tender ala bilmirlər və reallıqla barışıblar. İqtisadiyyatımızı artırmaq, rifah halında yaşamaq, pulun eyni insanların əlində toplanmamasını istəyiriksə, tenderlərə diqqət ayırmalıyıq. Bu sahədə yüksək məbləğlərin dövriyyəsindən söhbət gedir. Müvafiq qurumlar vəzifə borclarını yerinə yetirməlidirlər. Biz təkcə AQTA-ya deyil, bütün müəssisələrə nəzarət etməliyik”.


Xəbər lenti