USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Avtomobili qarlı havaya necə hazırlayaq?

17:23 21.02.2025
Avtomobili qarlı havaya necə hazırlayaq?
17:23 21.02.2025

Hazırda hava şəraiti qarlı və şaxtalıdır. Belə havalarda avtomobil idarə edənlər üçün müəyyən çətinliklər yaranır. Sürücülər yolun sürüşkən olmasını, görünüş məsafəsinin azalmasını və avtomobilin idarəolunma xüsusiyyətlərinin dəyişməsini nəzərə almalıdırlar. Şaxtalı hava şəraitində təhlükəsizliyi təmin etmək üçün ehtiyatlı olmaq, düzgün təkərlərdən istifadə etmək və qəfil manevrlərdən çəkinmək vacibdir. Bəs avtomobil idarə edənlər nələrə diqqət yetirməlidirlər?

Mynews.az xəbər verir ki, mövzu ilə əlaqədar avtomobil ustası Sahil Ağabəyli Metbuat.az-a açıqlamasında bildirib ki, naşı sürücülər qarlı və buzlu havalarda avtomobillərini mümkün qədər idarə etməməlidirlər. Çünki təcrübəsiz sürücülər hələ qarlı havada sürmək üçün kifayət qədər bacarıq əldə etməyiblər:

“Halbuki qarlı havada avtomobil idarə etmək xüsusi təcrübə tələb edir. Əsasən, qarlı havalarda hərəkət üçün ən uyğun avtomobillər mühərrikin yanacaq növündən – elektrik, dizel və ya benzin olmasından asılı olmayaraq, mexaniki sürətlər qutusu olan nəqliyyat vasitələridir. Çünki mexaniki sürətlər qutusunda sürücü avtomobili daha yaxşı idarə edə bilər və təhlükəli vəziyyətdə qəzadan çıxmaq üçün daha rahat manevr edə bilər. Avtomatik sürətlər qutusu isə adı üstündə - “avtomatik” işlədiyi üçün belə çevikliyi təmin etmir.

Mexaniki sürətlər qutusu ilə hərəkət edən avtomobillər sürücüyə daha çox nəzarət imkanı verərək istədiyi ünvana xətasız və problemsiz çatmağa kömək edir. Amma məcburiyyət qarşısında avtomatik sürət qutusuna malik avtomobil sürənlər çox ehtiyatlı olmalıdırlar. Belə sürücülər qarlı havada tiptronik rejimdən istifadə edərək avtomobili əl ilə idarə etməyə çalışmalıdırlar”.

Usta belə havalarda təkərlərin vəziyyəti nin vacibliyini də vurğulayıb:

“Qış şəraitində köhnə və yeyilmiş təkərlərlə yola çıxmaq yolverilməzdir. Dövlət Yol Polisi tərəfindən də təsdiq edildiyi kimi, qış təkərləri olmayan avtomobillər yolda təhlükə yarada bilər. Amma qış təkəri yoxdursa, yeni və yumşaq rezindən hazırlanmış təkərlər də müəyyən qədər yol tutuşunu yaxşılaşdıra bilər, çünki onlar buz və qarın sıxılmasını daha yaxşı təmin edir. Şüşə silgilərinin fırçalarına donmayan maddə vurmaq və şüşə suyunun qış üçün nəzərdə tutulmuş donmayan məhlul olmasına diqqət etmək lazımdır. Əks halda, səhər avtomobilinizin şüşələri donmuş ola bilər və bu, ciddi təhlükə yaradar. Bundan əlavə, əl əyləcindən bacardıqca istifadə etməmək tövsiyə olunur. Çünki -2°C və ya -3°C şaxtada əl əyləcini çəkdiyiniz zaman onun mexanizmi içəridə donub qala bilər. Nəticədə, avtomobil hərəkət etməyəcək və problemi həll etmək üçün usta çağırmaq lazım gələcək”.

S.Ağabəylıi qeyd edib ki, qarlı havalarda avtomobilin qapı rezinləri, açar dəliyi, şüşə silgiləri və hətta dövlət nömrə nişanı xüsusi spreylərlə işlənməlidir ki, donma problemi yaranmasın:

“Soyuq havalarda -2°C, -3°C, -5°C və daha aşağı temperaturda mühərriki işə salmazdan əvvəl ən azı 2-3 dəqiqə yerində işlətmək mütləqdir, xüsusilə də dizel mühərrikli avtomobillər üçün. Bu qaydaya əməl edilməzsə, avtomobili yerindən tərpətmək çətin ola bilər. Bütün bu məqamlara diqqət etsəniz, qarlı havalarda avtomobilinizin təhlükəsiz və problemsiz işləməsini təmin edə bilərsiniz”.


Xəbər lenti