USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Banklar müştəriləri necə aldadır? - ARAŞDIRMA

17:30 17.03.2025
Banklar müştəriləri necə aldadır? - ARAŞDIRMA
17:30 17.03.2025

Son günlərdə sosial şəbəkələrdə və digər internet rersuslarında bankların kredit fazilərinin aşağı olması ilə bağlı xeyli sayda reklamlara rast gəlinir. Sözügedən bu reklamlarda kredit faizlərinin çox aşağı olması bir çox insanın həmin banklara olan müraciəti ilə nəticələnir. Lakin insanlar banka üz tutduqları zaman reklamda yayımladıqları faiz dərəcələrindən qat-qat  yüksək şərtlər təklif edirlər. Bu məsələ ilə bağlı redaksiyamıza bir sıra şikayətlər daxil olub. Hansı ki, ABB bank tərəfindən 11 faizdə kreditlərin verilməsi təklif olunsa da, müraciətlər əsasında bu faizdən qat-qat yuxarı bir məbləğdə faiz təklif olunur. Kredit şərtləri individual olsa da, 11 faizdə kredit alan şəxslərin sayının yox dərəcədə olması nəzərə çarpır. Ümumiyyətlə bu cür reklamlar nə dərəcədə həqiqəti əks etdirir?

SİA məsələnin düzgün olub-olmaması  ilə əlaqədar olaraq ABB-nin mətbuat katibi Yadigar Cəfərli ilə əlaqə saxlayıb.
Cəfərlinin sözlərinə görə, bütün sektorlarda müştərilərə reklam mesajları verilərkən kommunikasiya minimal və müştəri üçün ən sərfəli şərtlərin təqdimatından başlanır: “Bu kredit məhsullarının reklamında da belədir. Bir çox fərdi amillərdən, o cümlədən kredit alan müştərinin ödəniş qabiliyyətindən, kreditin müddətindən, məbləğindən və s. asılı olaraq faiz dərəcəsinin dəyişməsi mümkündür. Müştəri ABB-nin rəsmi saytına daxil olaraq, Bankın Məlumat Mərkəzinə zəng edərək, Süni İntellektə yazaraq ona ayrıla biləcək kreditin şərtləri ilə bağlı daha ətraflı və dəqiq məlumat ala bilər”.

Daha sonra SƏS tv-nin əməkdaşı ABB-nin müştəri xidmətləri ilə əlaqə saxlayaraq, sözügedən məsələ ilə əlaqədar məlumat alıb.
Bildirilib ki, kreditin verilməsi ilə əlaqadar olaraq ABB-nin mobil tətbiqindən kreditlə bağlı müraciət əsasında dəqiq məlumat almaq mümkündür. Belə ki, bu müraciət əsasında kredit əldə etmək istəyən şəxsin bütün məlumatları nəzərə alınaraq kredit faizi və məbləği hesablanır. Hər kəsə özünə məxsus məlumatlara görə, kredit təyin edilir. Ümumilikdə isə ABB-də kreditin faizinin ilkin variantı  10,9-dan başlayır.

Məsələ ilə əlaqədar olaraq paytaxt sakinlərinin fikirlərini öyrəndik.

Şəhər sakini Əli Quliyev: “Kapital banka kredit borcum var. 24 ya səhv etmirəmsə 27 faizlə kredit əldə etmişəm. Bankların fəaliyyətindən razı deyiləm. Əngəl işləri çoxdur.

Şəhər sakini Natella Rzazadə: “Heç bir banka kredit borcum yoxdur. Hər birinin fəaliyyətindən razıyam. Heç bir problemlə qarşılaşmamışam”.

Şəhər sakini Natavan Hüseynli: “ABB bankdan istifadə edirəm. Fəaliyyətindən tam razıyam. Kredit borcum yoxdur. Lakin nə lazımdırsa kömək edirlər”.

Şəhər sakini Turan İrfanlı: “Çox banklardan istifadə etmirəm. Access bank və Bank of Bakuya kreditim var. Banklarda insanı qarşılamaqları və ya hər şeyi izah etmələri yaxşıdır. Amma hamı kimi faizlərdən narazıyam. Çünki həddindən artıq faizlər yuxarıdır. Buna istismarda demək olar. Faizlər qənaetbəxş deyil. İnsanlar bankdan kredit götürüb qazanmırlar əksinə ziyana düşürlər. Müvəqqəti olaraq insan öz işini görür, toy edir və ya nəsə amma sonradan daha məşəqqətli əziyyətə düşürlər. Elə biri də mən. Bu dəqiqə iki banka borcum var, deyirəm ki, krediti versəm bayramı necə keçdirdəcəm”.

Şəhər sakini Qasım İsmayılov: “ABB-dən istifadə edirəm. Fəaliyyətindən razıyam. Heç bir kreditim və ya borcum yoxdur”.

Şəhər sakini Nəbi Quliyev: “Heç bir bankdan istifadə eləmirəm. Bizim banklara etibar etmək olar? Məncə yox. Bizim banklarla nəsə etmək olmur. Ona görə də heç birindən istifadə eləmirəm.

Şəhər sakini Gülər İlyaslı: “ATM və ABB-dən istifadə edirəm. ABB-dən kredit götürmüşəm, kreditin illik faizi çoxdur. Ona görə bankın fəaliyyətindən razı deyiləm. Heç bir problem yaşamamışam amma kreditin faizlərin çoxdur. Buna görə də narazıyam”.

Şəhər sakini Nazim Qasımlı: “Kapital banka kredit borcum var. 22-23 faizlə krediti əldə etmişəm. Özüm qaziyəm. Bankda bir problem yaşamamışam. Amma faiz yuxarıdır. Buna görə də sərf etmir. Lakin banka vaxtında müraciət edəndə, anında kredit əldə edirəm”.


Xəbər lenti