Azərbaycanda uzun illərdir müzakirə mövzusu olan qohum evlilikləri bu ilin iyul ayının 1-dən qadağan edilir. Ailə Məcəlləsində edilən düzəlişlərə əsasən, bioloji əlaqəsi olan dayı və bacı qızı, əmi və qardaş qızı, xala və qardaş oğlu, eləcə də ümumi baba və ya nənəsi olan qohumlar arasında nikahlar qadağan ediləcək.
Mynews.az-ın məlumatına görə, hüquqi məhdudiyyətlər qüvvəyə minməzdən əvvəl bu cür nikahların sayı artmaqda davam edir. Təkcə 2025-ci ilin ilk dörd ayı ərzində 698 qohum nikahı rəsmiləşdirilib. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu rəqəm 495 idi.
Görünür, bəzi ailələr yeni qanunun tətbiqinə qədər tələsik şəkildə evliliyi rəsmiləşdirməyə çalışıblar.
Parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev ötən həftə bildirib ki, bəzi insanlar qadağaya hazır deyil, sürətli evliliyə üstünlük veriblər.
Ədliyyə Nazirliyinin təqdim etdiyi rəqəmlər də son illərdə qohum evliliklərinin sabit şəkildə davam etdiyini göstərir. 2021-ci ildən bu yana bu cür nikahların sayı 2 000 civarında dəyişib. 2023-cü ildə 1 950, 2024-cü ildə isə 2 060 belə nikah qeydə alınıb. Yalnız bu ilin yanvar-aprel aylarında isə 698 qohum evliliyi rəsmiləşdirilib.
Bu artım fonunda yeni qanunvericilik dəyişiklikləri cəmiyyətin sağlamlığı və genetik risklərin azaldılması baxımından mühüm addım kimi qiymətləndirilir. Lakin ekspertlər bildirirlər ki, yalnız qadağa ilə kifayətlənmək yetərli deyil, maarifləndirmə işləri də paralel aparılmalıdır.
Qohum evliliklərinin bəzi hallarda genetik xəstəlik risklərini artırdığına dair tibbi faktlar, bu qərarın əsas arqumentlərindən biri kimi göstərilir. İyulun 1-dən sonra isə həmin risklər qanunla minimuma endirilmiş olacaq. Amma bəzi ekspertlər bu qadağanın vətəndaş nikahlarını artıra biləcəyindən ehtiyatlanır.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub