Azərbaycanda bəzi cəzalar ağırlaşdırıla bilər

623
Azərbaycanda bəzi cəzalar ağırlaşdırıla bilər

Fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri verməyə görə cəza ağırlaşdırılır.

Mynews.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.

Dəyişikliklə bu işi görənlərə cərimə də tətbiq olunacaq. Hazırkı qanunvericiliyə əsasən, hazırda bu əməllərə görə dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 

Bundan sonra fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvalar təşkiletmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri verməyə görə 2500 manatdan 3500 manatadək cərimənin də tətbiq olunması təklif edilir.

Ölkə ərazisində indiyədək qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlamaya görə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılırdı. 

Dəyişikliklə 10 min manatdan 15 min manatadək cərimənin də tətbiq olunması təklif olunur.

Həkimin tibb müəssisələrindən kənarda abort etməsinə görə cəza da ağırlaşdırılır.

Cinayət Məcəlləsinə əsasən, həkim tərəfindən kənarda abort etməyə görə 200 manatadək miqdarda cərimə və ya altı ayadək müddətə islah işləri ilə cəzalandırılır. İndi isə cərimənin məbləğinin 500 manatdan 1000 manatadək artırılması təklif edilir.

Bundan başqa, xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etməyə görə də cərimənin miqdarı artırılır. Belə ki, indiyədək 300 manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılırdı. Təklifə əsasən isə cərimənin məbləği 1000 manatdan 1500 manatadək artırılır.

Cinayət Məcəlləsinə əsasən, zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda 300 manatdan 500 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Burada qeyd olunan cərimənin məbləği 2 min manatdan 3 min manata qədər artırılması təklif edilir.

Xəbər lenti