USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Azərbaycanda 4 nazirlik ləğv edilə bilər

14:28 22.11.2025
Azərbaycanda 4 nazirlik ləğv edilə bilər
14:28 22.11.2025

Dövlət komitələri, agentliklərin perspektivdə gözlənilən islahatların hədəfində olması isə qaçılmaz görünür.

Müzakirə olunan struktur dəyişiklikləri dövlət aparatının daha müasir, çevik və funksional modelə uyğunlaşdırılması istiqamətində atıla biləcək addımlar hesab edilir.

Bu təkliflər əsasən Azərbaycanda nazirliklərin sayı 13-ə enə bilər. Qurumların birləşdirilməsi, paralel funksiyaların azaldılması və idarəetmənin sadələşdirilməsi həm resursların daha səmərəli istifadəsinə, həm də xidmətlərin və qərarvermənin sürətlənməsinə imkan yarada bilər.

Bu cür yanaşma gələcəkdə dövlət idarəçiliyinin modern standartlara uyğun inkişafı üçün yeni imkanlar açır və idarəetmədə daha sistemli yanaşmanın formalaşmasına şərait yaradır.

İstəsək də, istəməsək də dünya boyunca yaranan maliyyə böhranı, yeni yanaşmalar bu islahatları qaçılmaz edəcək.

Bu qurumlar uzun illər ərzində formalaşmış inzibati mexanizmin tərkib hissəsinə çevrilib. Lakin qlobal təcrübə göstərir ki, dövlət aparatının yığcamlaşdırılması, paralel funksiyaların optimallaşdırılması və strukturun sadələşdirilməsi idarəçiliyin daha çevik olmasına, qərarların daha operativ şəkildə icrasına şərait yaradır.

Qeyd edək ki, hazırda ölkədə 17 nazirlik fəaliyyət göstərir. Bundan başqa 7 komitə, bir neçə dövlət xidməti, agentlik, xidmətlər və onlarla publik hüquqi şəxs var.

Dövlət qurumlarının fəaliyyət istiqamətlərinə yenidən baxılması, funksional yanaşmanın gücləndirilməsi və strukturun dövrün çağırışlarına uyğunlaşdırılması islahat gündəminin əsas mövzularından biridir.

Təsadüfi deyil ki, ötən aylarda mətbuatda da islahatların başlayacağı, bir sıra qurumların ləğv ediləcəyi və birləşdiriləcəyi barədə xəbərlər yayılıb.

Təklif olunan islahatlardan biri Dövlət Gömrük Komitəsinin və Dövlət Vergi Xidmətinin Maliyyə Nazirliyinin tərkibində birləşdirilməsidir.

Bu praktika dünyanın bir çox ölkəsində tətbiq olunan müasir fiskal modeldir. Bu yanaşma gəlirlərin vahid mərkəzdən idarə edilməsinə, vergi və gömrük məlumat bazalarının inteqrasiyasına və büdcə planlamasının daha dəqiq aparılmasına imkan verir.

Eyni zamanda, sahibkarların dövlətlə işləməsini sadələşdirir, paralel inzibati prosedurları aradan qaldırır və fiskal nəzarətin şəffaflığını artırır. Bu birləşmə, ümumilikdə, dövlətin gəlir siyasətini daha çevik və səmərəli edə bilər.

Fövqəladə Hallar Nazirliyinin strukturunun optimallaşdırılaraq icra yönümlü dövlət xidmətinə çevrilməsi ilə bağlı təkliflər də son illər müzakirələrdə tez-tez səslənir. Ekspertlər bildirirlər ki, qurumun əsas funksiyaları, yəni yanğınsöndürmə, axtarış-xilasetmə, fövqəladə halların idarə olunması daha çox operativ icra xarakteri daşıdığından, nazirlik statusunun saxlanması əlavə inzibati yük yaradır.

Bu model xidmətin çevikliyini artıra, qərarların qəbulunu sürətləndirə və resursların daha məqsədyönlü istifadəsinə şərait yarada bilər.

Səhiyyə Nazirliyinin, səhiyyə ilə bağlı digər dövlət qurumlarının sosial blok üzrə vahid idarəetmə mexanizminin formalaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə birləşdirilməsi və yeni ad altında fəaliyyət göstərməsi ilə bağlı fikirlər də son dövrlər müzakirələrdə geniş yer tutur.

Sosial müdafiə, səhiyyə xidmətləri və həssas qruplarla bağlı siyasətin eyni mərkəzdən idarə olunması daha sistemli yanaşma yarada, paralel icra mexanizmlərini azaltmaqla vətəndaş müraciətlərini sadələşdirə bilər. Bu birləşmə "vahid sosial siyasət” modelinin qurulmasına və resursların daha effektiv bölüşdürülməsinə imkan verə bilər. Eyni yanaşma mədəniyyət və idman sahələrində də keçərlidir.


Xəbər lenti