USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Kirayə bazarında mənzərə dəyişəcək - YENİ QAYDA

13:55 19.01.2026
Kirayə bazarında mənzərə dəyişəcək  - YENİ QAYDA
13:55 19.01.2026

2026-cı il yanvarın 1-dən etibarən yaşayış sahələrini digər fiziki şəxslərə kirayəyə verən vətəndaşlar üçün vergi yükü formal olaraq azaldılır. Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, bu kateqoriyaya aid kirayə gəlirlərindən tutulan vergi dərəcəsi 14 faizdən 10 faizə endirilib.

Mynews.az xəbər verir ki, yeni mexanizmə görə, aylıq 400 manat kirayə haqqı əldə edən ev sahibi əvvəlki kimi 56 manat deyil, artıq 40 manat vergi ödəyəcək. Lakin bu güzəşt yalnız fiziki şəxslər arasında bağlanan kirayə münasibətlərinə şamil olunur. Sahibkarlıq fəaliyyəti çərçivəsində və ya hüquqi şəxslərə icarəyə verilən əmlaklar üzrə 14 faizlik vergi dərəcəsi qüvvədə qalır.

Mütəxəssislərin fikrincə, dəyişiklik ilk baxışdan vergi yükünün azaldılması təsiri bağışlasa da, əsas hədəf fərqlidir. Məqsəd uzun illərdir mövcud olan qeyri-rəsmi kirayə münasibətlərini leqallaşdırmaq, müqaviləsiz icarə hallarını minimuma endirmək və vergidən yayınmanın qarşısını almaqdır.

Bu strategiyanın digər tərəfi isə cərimələrin əhəmiyyətli dərəcədə artırılmasıdır. Belə ki, 2026-cı ildən vergi orqanında qeydiyyata alınmaq üçün ərizə verməyən şəxslər 200 manat məbləğində cərimə ediləcək. Halbuki indiyədək bu sanksiyanın məbləği cəmi 40 manat idi. Yəni evini kirayə verən şəxs qeydiyyatdan yayınarsa, artıq beş dəfə daha yüksək cərimə ilə üzləşəcək.

Bununla yanaşı, kirayə gəlirləri üzrə müəyyən edilmiş müddətdə hesabat təqdim etməyən vergi ödəyiciləri üçün 40 manat cərimə qüvvədə qalır. Əgər hesabatda gəlir məbləği bilərəkdən az göstərilibsə və ya ümumiyyətlə təqdim olunmayaraq verginin ödənilməsindən yayınma baş veribsə, həmin məbləğin 50 faizi həcmində maliyyə sanksiyası tətbiq edilir. Qanunvericilik ev sahiblərinə alternativ mexanizm də təqdim edir. Belə ki, vətəndaş vergi orqanında ayrıca qeydiyyata durmadan da kirayə gəlirləri üzrə öhdəliklərini yerinə yetirə bilər.

2025-ci ildən qüvvədə olan qaydalara əsasən, kirayə verən şəxs vergi agenti müəyyən etməklə verginin hesablanması, tutulması və büdcəyə köçürülməsini həmin şəxsə həvalə edə bilər. Bu halda bütün uçot və hesabatlılıq vergi agentinin məsuliyyətinə düşür. Praktikada isə müqaviləsiz kirayə hallarının yalnız ev sahibləri üçün deyil, kirayəçilər üçün də risk yaratdığı vurğulanır. Belə hallarda yaşayış yeri üzrə qeydiyyatdan keçməyən kirayəçilər İnzibati Xətalar Məcəlləsinə əsasən xəbərdarlıq edilir və ya 30 manat məbləğində cərimə ilə üzləşirlər. Beləliklə, yeni dəyişikliklər kirayə bazarında “vergi güzəşti + sərt nəzarət” balansını formalaşdıraraq, kölgə iqtisadiyyatının daraldılmasını hədəfləyir.

Qeyd edək ki, mövcud statistikalar göstərir ki, Azərbaycanda kirayə bazarının böyük hissəsi hələ də kölgə iqtisadiyyatı çərçivəsində fəaliyyət göstərir. Ekspert qiymətləndirmələrinə əsasən, ölkə üzrə təxminən 250 minə yaxın yaşayış sahəsi kirayə məqsədilə istifadə olunur. Lakin bu mənzillərin yalnız 10 faizədək hissəsi, təqribən 25-30 minə yaxını rəsmi kirayə müqaviləsi ilə sənədləşdirilir və vergi uçotuna cəlb olunur. Qalan böyük əksəriyyət isə müqaviləsiz və qeyri-rəsmi şəkildə icarəyə verilir. Rəsmi qurumlar tərəfindən bu sahə üzrə açıq və detallı statistika təqdim edilmədiyindən, real rəqəmlərin vergi hesabatlarında əks olunan göstəricilərdən xeyli yüksək olduğu bildirilir. Məhz bu səbəbdən son vergi dəyişiklikləri kirayə bazarının leqallaşdırılmasına və qeyri-rəsmi münasibətlərin azaldılmasına yönəlmiş addım kimi qiymətləndirilir.


Xəbər lenti