Son vaxtlar Bakıda kirayə evlərlə bağlı ev sahibləri və kirayənişinlər arasında anlaşılmazlıqların artması əsasən müqaviləsiz kirayə, ödəniş gecikmələri, qəfil çıxarılma tələbləri və kommunal xərclərlə bağlı şəffaflığın olmaması ilə əlaqədardır. Problemlərin kökündə çox vaxt hüquqi maarifləndirmənin zəifliyi və qarşılıqlı öhdəliklərin əvvəlcədən dəqiq razılaşdırılmaması dayanır. Bu cür halların qarşısını almaq üçün yazılı kirayə müqaviləsi, açıq ünsiyyət və qanunlara uyğun davranış hər iki tərəf üçün ən sağlam yoldur.
Mövzu ilə bağlı Mynews.az saytı araşdırma aparıb. Suallarımızı vəkil Gülşən Bayramova cavablandırıb.
Gülşən xanım, ev sahibi ani şəkildə kirayəçini evdən çıxarda bilərmi?
Xeyr, ev sahibi “ani şəkildə” kirayəçini evdən çıxarda bilməz. Bunun hüquqi əsasları var. Biraz detallı izah edim.
Kirayə müqaviləsi varsa
Əgər yazılı və ya rəsmi kirayə müqaviləsi bağlanıbsa ev sahibi özbaşına kirayəçini çıxara bilməz. Müqavilə müddəti bitməyibsə, yalnız məhkəmə qərarı ilə çıxarılma mümkündür. Ev sahibi əvvəlcədən rəsmi olaraq adətən bir ay əvvəldən kirayəçiyə xəbərdarlıq etməlidir. Qapını dəyişmək, əşyaları çıxarmaq, təzyiq göstərmək qanunsuzdur. Belə hallar mülki hüququn pozulması sayılır.
Kirayə müqaviləsi yoxdursa (şifahi razılaşma)
Əgər kirayə müqaviləsi yoxdursa, kirayəçi faktiki olaraq orada yaşayırsa, bu artıq yaşayış hüququ yaradır. Bu halda ev sahibi ani çıxarış səlahiyyətlərinə malik deyil. Ev sahibi ilə kirayəçi arasındakı şifahi anlaşma pozulsa belə ev sahibi kirayıçiyə evi boşaltmaq üçün anlaşmadan asılı olaraq minimum 1 yaxud 2 ay vaxt verməlidir və bu vaxt ərzində kirayəçinin başqa bir ev tapmağı üçün ödəniş almamalıdır. Onu da qeyd edim ki, zorla çıxarma qanunsuzdur.
Ev sahibi kirayəçini nə vaxt evdən çıxara bilər?
Yalnız bu hallarda, yəni kirayəçi kirayə haqqı 5 aydan çox müddət ödəmirsə, ev ciddi zədələnirsə, müqavilə şərtləri kobud şəkildə pozulursa ev sahibi kirayəçini evdən çıxarda bilər. Amma yenə də məhkəmə yolu ilə.
Ev sahibi zor tətbiq edərsə nə etmək olar?
Əgər kirayəçiyə ev sahibi tərəfindən ya psixoloji və ya fiziki zor tətbiq edərsə kirayəçi 102 (polis) çağırmaq hüququna malikdir. Ondan əlavə məhkəməyə müraciət edib maddi və mənəvi zərərə görə təzminat tələb edə bilər.
Qısaca ev sahibi “bugün çıxın” deyə bilməz. Məhkəmə olmadan çıxarış qanunsuzdur. Ailə, uşaq varsa məsuliyyət daha da ağırlaşır.
Kirayəçi məhkəməyə müraciət edərsə nə baş verir?
Əgər kirayəçi evdə faktiki yaşayırsa, zorla çıxarılma riski varsa məhkəmə işi bitənə qədər məhkəmə təminat tədbiri tətbiq edə bilər. Bu o deməkdir ki, işə baxılan müddətdə yəni 2–6 ay (bəzən daha çox) kirayəçi evdə ödənişsiz qalmağa davam edir. Ev sahibi onu çıxarda bilməz.
Məhkəmə qərarı çıxandan sonra?
Əgər məhkəmə kirayəçinin çıxarılmasına qərar versə belə, adətən əlavə 1 ay, bəzi hallarda 2–3 ay vaxt tanınır. Uşaqlı ailələrdə, yaşlı və ya sosial həssas şəxslər varsa daha çox vaxt tanınır.
Hansı hallarda vaxt uzadılır?
Məhkəmə bu amillərə görə, əgər ailədə azyaşlı uşaq varsa, alternativ yaşayış yeri yoxdursa vaxt uzadılır.
Ev sahibinin davranışı (təzyiq, hədələmə və s.) Əgər müqavilə yoxdursa belə məhkəmə “dərhal çıxarılma” qərarı vermir. Minimum 3-6 ay vaxt tanınır.
Sonda qısa olaraq qeyd edim ki, məhkəmə işi bitənə qədər 2–6 ay müddətində kirayəçiyə ödənşsiz olaraq evdə qalmaq hüququ verilir. Qərardan sonra ən azı 1 ay əlavə vaxt verilir. Uşaqlı ailələr üçün müddət uzadılır.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub