Sosial şəbəkələrdə rəsmi sənədlər üçün fotoşəkil çəkilişi zamanı hicab məsələsi geniş müzakirələrə səbəb olur. Xüsusilə hicablı qadınlar Azərbaycanda şəxsiyyət vəsiqəsi və digər rəsmi sənədlər üçün lazım olan fotoşəklin başıaçıq formada tələb olunmasına irad bildirirlər. Bu isə onların dini inancları ilə bağlı narazılıq doğurur və digər ölkələrdə mövcud olan praktikalarla müqayisələr aparılmasına yol açır. Bəs Azərbaycanda rəsmi sənədlər üçün fotoşəkil zamanı qadınların baş örtüsünün açılması hansı hüquqi əsaslara söykənir? Digər ölkələrdə yanaşmanın niyə fərqlidir?
Hüquqşünas Şamil Paşayev Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycan dünyəvi dövlətdir və öz qanunvericiliyi mövcuddur. Bu qanunvericiliyin tələblərinə riayət etmək isə hər bir vətəndaşın borcudur:
“Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, hər kəsin dini inancına hörmət olunur. Şəxslər dini inanclarını və dini mənsubiyyətlərini bildirməkdə, dini rituallarını yerinə yetirməkdə sərbəstdirlər. Şəxsiyyət vəsiqəsinə şəkil çəkdirilməsi məsələsinə gəldikdə isə, bütün Azərbaycan vətəndaşları üçün eyni qaydalar tətbiq olunur. Şəxslər dini inanclarına görə şəkillərinin qadın tərəfindən çəkilməsini tələb edə bilərlər və qanunvericilik buna imkan verir. Lakin hər hansı bir şəxs dini inancını əsas gətirərək ümumi qaydalardan kənar fərqli tələblər irəli sürə bilməz”.
Ş.Paşayev əlavə edib ki, heç kəs dini inancına görə digərlərindən ayrı-seçkilik əldə edə bilməz:
“Dünyadakı bəzi inanclara görə şəxsin yalnız gözü görünməlidir və ya ümumiyyətlə üzü heç kəsə görünməməlidir. Ümumilikdə dünyada 2000-dən, hətta 3000-dən artıq dini inanc mövcuddur. Bu isə o deməkdir ki, hər kəs öz dini inancına əsaslanaraq həyat şəraitini və ya hüquqi müstəvini fərqli şəkildə yozmamalıdır. Şəxsiyyət vəsiqəsinə şəkil çəkdirilməsi də bu qəbildəndir. Şəkil qadın və ya məhrəm şəxs tərəfindən çəkilə bilər, lakin qanunun pozulması yaxşı nəticələrə gətirib çıxarmayacaq. Dini inanc nə kiməsə üstünlük verir, nə də kiminsə hüquqlarının azaldılması anlamına gəlir və bu şəkildə yozula bilməz”.
Hüquqşünas başqa ölkələrdə fərqli qaydaların tətbiq olunmasına da münasibət bildirib:
“Bu, həmin ölkələrin daxili qaydalarıdır. Bizim ölkəmizdə isə qaydalar bu cürdür və vətəndaşlar da ölkənin qəbul etdiyi qaydalara uyğun yaşamalıdırlar. Respublika ümumxalq işi deməkdir.. Burada hüquq və azadlıqlar hamı üçün bərabər məsafədə olmalıdır”.
1
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
1047 dəfə oxunub
2
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
1043 dəfə oxunub
3
Prezident ailəsinin Trampla FOTOLARI
999 dəfə oxunub
4
"Whatsapp Web" üçün yeni dövr başlayır
997 dəfə oxunub
5
Nazirlik aktyora 657 min manat ödəyəcək
992 dəfə oxunub