USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Hərbi qeydiyyat asanlaşacaq - "Mygov" yeniliyinin üstünlükləri

17:23 26.02.2026
Hərbi qeydiyyat asanlaşacaq - "Mygov" yeniliyinin üstünlükləri
17:23 26.02.2026

İlkin hərbi qeydiyyat artıq “mygov” platforması üzərindən aparılacaq.  
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşlığı çərçivəsində valideynlər dövlət qurumlarına getmədən müraciət edə, övladlarının tibbi müayinəsini onlayn izləyə və qeydiyyatın nəticəsi ilə operativ tanış ola biləcəklər.

Mynews.az xəbər verir ki, İKT mütəxəssisi Elvin Həsənov Sfera.az bildirib ki, bu yenilik sadəcə onlayn xidmət deyil, idarəetmə modelinin dəyişməsidir:

“Əlbəttə ki, ən böyük üstünlük rahatlıqdır. Valideyn artıq sənəd toplamaq və növbə gözləmək məcburiyyətində deyil. Müraciət evdən bir neçə dəqiqəyə təqdim olunur, status isə real vaxtda izlənir. Bu həm vaxt itkisini azaldır, həm də insan faktorundan doğan səhvləri minimuma endirir. İkinci üstünlük şəffaflıqdır – vətəndaş müraciətin hansı mərhələdə olduğunu platformadan görə bilir. Bu da dövlət-vətəndaş münasibətlərində etibarı artırır”.

Mütəxəssis əlavə edib ki, üçüncü vacib məqam təhlükəsizlikdir:

“Rəqəmsal sistemlərdə məlumatlar şifrəli kanallarla ötürülür, girişlər qeydiyyata alınır və yalnız səlahiyyətli şəxslərə icazə verilir. Kağız sənəd itə və ya zədələnə bilər, amma rəqəmsal mühitdə həm fiziki, həm də kiber təhlükəsizlik mexanizmləri tətbiq olunur. Digər üstünlük dövlət qurumları arasında inteqrasiyadır – məlumatlar avtomatik ötürülür və vətəndaşdan eyni sənədin təkrar tələb olunmasına ehtiyac qalmır”.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat xidmətinin rəhbəri Pərviz Sədrəddinov isə bildirib ki, artıq bir çox xidmət “mygov” üzərindən təqdim olunur:

“Bildirişlər, arayışların alınması və digər xidmətlər də “mygov” vasitəsilə görülür. Bu xidmətlərin sayı daha da artırılacaq. Prezident İlham Əliyevin göstərişinə əsasən çalışırıq ki, mümkün qədər çox xidmət “mygov” platformasında olsun”.

Onun sözlərinə görə, vətəndaşlar artıq ilkin hərbi qeydiyyat, tibbi müayinələr, çağırış komissiyasının qərarları, möhlət hüququ və digər məlumatları şəxsi kabinetdən əldə edə bilirlər:

“Vətəndaşlar xidmət mərkəzinə getmədən hərbi məlumatlarla tanış ola, sənədləri PDF formatında yükləyə və paylaşa bilərlər. Bunun üçün sadəcə “Xidmətlər” bölməsində “Hərbi” alt bölməsini seçmək kifayətdir. Bu yeniliklər şəffaflığı artırır, vətəndaş məmnunluğunu təmin edir və Silahlı Qüvvələrin sağlam çağırışçılarla komplektləşdirilməsinə xidmət edir”.


Xəbər lenti