USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

“ƏDV geri al”da bu yenilik olacaq

11:56 11.03.2026
“ƏDV geri al”da bu yenilik olacaq
11:56 11.03.2026

Azərbaycanda “ƏDV geri al” sistemində əhəmiyyətli yeniliklər olacaq. Bəs bu dəyişikliklər hansıdır?

İqtisadçı ekspert Xalid Kərimli Mynews.az-a açıqlamasında bildirib ki, “ƏDV geri al” layihəsində avtomatlaşmanın və rəqəmsallaşmanın dərinləşməsi vətəndaşlara xidmət baxımından irəliyə doğru atılmış addımdır.

Onun sözlərinə görə, artıq vətəndaşlar nə nağdsız ödəniş zamanı qəbzi satıcıdan almağa və bunu gözləməyə məcbur olacaqlar, nə də qəbzin oxudulması üçün əlavə vaxt sərf edəcəklər. Xüsusilə də bu prosesi yaxşı bilməyən, bank tətbiqlərindən istifadə etməkdə çətinlik çəkən yaşlı nəsil üçün maliyyə itkisinin qarşısı alınacaq və onlara göstərilən xidmət daha da təkmilləşəcək:

“Nağdsız ödənişlərdə “ƏDV geri al” layihəsinin avtomatlaşdırılması vətəndaşların haqqı çatan ƏDV-nin müəyyən hissəsini dərhal geri almasına imkan yaradacaq. Eyni zamanda, bu sahədə mövcud olan bəzi fırıldaqçılıq hallarının da qarşısı alınacaq. Belə ki, bəzi hallarda ödəniş zamanı qəbzin vətəndaşa verilməməsinə çalışılır, yaxud vətəndaşla satıcı arasında müəyyən problemlər yaranırdı. Hətta bəzi satıcılar qəbzləri vətəndaşa verməyərək özləri oxudurdular. Hərçənd, bu sahədə vergi inzibatçılığı və vergi nəzarəti mövcud idi, lakin buna baxmayaraq müəyyən narahatlıqlar və problemlər yaranırdı”.

X.Kərimli qeyd edib ki, hökumət bu istiqamətdə atdığı addımla vətəndaşa göstərilən xidməti daha da təkmilləşdirir, vətəndaşın nağdsız ödənişlərə marağını artırır, eyni zamanda bu sahədə hər hansı yayınma və kənarlaşma hallarının qarşısını alır:

“Beləliklə, xidmət daha da yaxşılaşacaq, şəffaflıq artacaq və vətəndaşın haqqı çatan ƏDV-ni dərhal alması üçün əlavə proseslərə, yəni qəbzin skan edilməsi və ya oxudulmasına ehtiyac qalmayacaq. İlkin mərhələdə prosesin məhdud sayda bankla başlanması nəzərdə tutulur. Bu, çox böyük ehtimalla texniki və texnoloji məsələlərlə bağlıdır. Gözlənti və ümid ondan ibarətdir ki, yaxın vaxtlarda bu proses ölkənin bütün bankları və kartları vasitəsilə həyata keçiriləcək. Çünki bu zaman banklararası rəqabətin qorunması da vacib məsələdir”.


Xəbər lenti